RU

“TeamGym” üzrə Avropa çempionatında yeniyetmə gimnastların mübarizəsinə yekun vurulub

“TeamGym”

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında üçüncü gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirdə son olaraq yeniyetmə qızlardan ibarət 6 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində mübarizə aparıblar.

3 proqramın cəminə əsasən, 51.500 xal toplayaraq bütün rəqiblərini qabaqlayan İsveç millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Danimarka yığması 50.600 xalla gümüş, İslandiya komandası isə 47.6500 xalla bürünc medala yiyələnib.

Finlandiya (46.350), Böyük Britaniya (45.600) və İtaliya (44.350) kollektivləri isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Daha əvvəl oğlanlar və qarışıq komandalar arasında qaliblər müəyyənləşib. Oğlanlarda Danimarka (56.300) birinci, İsveç (53.550) ikinci, Norveç (52.700) üçüncü olub. Qarışıq komanda yarışlarında isə İslandiya (51.600) qızıl, İsveç (51.400) gümüş, Böyük Britaniya (50.800) bürünc mükafata sahib çıxıb.

Bununla da "TeamGym" üzrə Avropa çempionatında yeniyetmə gimnastların mübarizəsinə yekun vurulub.

Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq. Son gündə böyük gimnastlar arasında qaliblər bəlli olacaq.

Избранный
9
1
azertag.az

3Источники