RU

Ağac kəsənlərin, yaşıllıqlara qəsd edənlərin diqqətinə: yeni cəzalar gəlir!

Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə də cərimələr dəyişir, cəzalar sərtləşdirilir.

Bunlar Milli Məclisin 18 oktyabr tarixli plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qüvvədə olan qanuna əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd olunmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bildirilir ki, bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilməyəcək.

Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə yeni əlavələri də ilk oxunuşda təsdiqləyib. Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Deputatlar bu gün ətraf aləmi zibilləyənlərə qarşı sərt cəzaları nəzərdə tutan qanun layihəsini də ikinci oxunuşda təsdiqləyiblər.

Избранный
5
42
ekologiya.az

10Источники