RU

Peşə öyrənmək istəyənlərə 1880 manat haqqı kim "oxuyur"?

Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib, yeni ixtisaslar yaradılıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24 821 nəfərin qəbul olunması ilə başa çatıb.

Qəbul olunan tələbələrin 85 %-i dövlət sifarişi əsasında, 15 %-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36 %-ni qadınlar təşkil edir.

“Dual peşə təhsili proqramı” (Dual təhsil proqramına tələbələr müsahibə yolu ilə seçilirlər) üzrə 1 247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2 453 nəfər qəbul olunub.

Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. 2024/2025-ci tədris ilindən etibarən Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində ilk dəfə olaraq iki növbəli təhsilə keçilib.

Son 5 il ərzində yüksək texniki peşə təhsili səviyyəsində təhsil alanların sayı 2 413 nəfər artıb. Yüksək texniki peşə təhsili, peşə təhsili pilləsinin ən yüksək səviyyəsi olaraq məzunlara subbakalavr dərəcəsi verir və ali təhsil almaq istəyənlərə imtahansız ali məktəblərə keçid imkanı yaradır. 

Bildirək ki, son illər peşə təhsilinə marağın artması müxtəlif səbəblərlə izah edilir. Onlardan biri kimi ali təhsil müəssisəsindən məzun olduqdan sonra vətəndaşların iş tapmaması, əmək bazarında daha çox peşəyönülü ixtisaslara ehtiyac olduğu bildirilir.

Digər səbəb kimi isə yüksək texniki peşə təhsili ilə bağlı ali məktəblərə imtahansız qəbul əsas gətirilir.

Əgər peşə məktəblərinə qəbul sayında artım müşahidə edilirsə və əmək bazarında daha çox üstünlüyə malikdirsə, gələcəkdə peşə məktəbləri universitetlərin yerini tuta bilərmi?    

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”a bildirib ki, peşə məktəbləri üzrə olan ixtisasların artırılmasını alqışlayır.

“Lakin hamı ali təhsil almalıdır deyə bir şey yoxdur. Peşə elədir ki, insan çilingər, dülgər, maşinist ixtisası üzrə təhsil alır və konkret onun bir peşəsi olur. Bu gün avtomobil təmirçisi digər ali təhsil sahələrindən daha çox gəlir əldə edə bilir.

Buna görə də vətəndaş bildiyi sahəyə yönələ bilər. Peşə məktəbləri heç vaxt ali məktəblərin yerini tuta bilməz. Sadəcə olaraq, peşə məktəbini bitirənlərin bir qismi, yəni yüksək texniki peşə təhsili ixtisası bitirənlərə subbakalavr dərəcəsi verilir. 

Yəni kolleci bitirənlərə bərabər tutulur. Bu, bütün ixtisaslara şamil olunmur. Yalnız yüksək texniki peşə təhsili ixtisaslarıdır ki, buraya kompüter, maliyyə, elektronika ilə bağlı bəzi ixtisaslar daxildir.

Bundan sonra subbakalavr diplomu verilir ki, oradan da ali məktəbə imtahansız qəbul şansı yaranır. O da oxuduğu dönəmdə onun aldığı qiymətdən asılıdır. Bu gün 1880 manat ödənişi olan peşə məktəbləri var. Burada sanki bir növ sui-istifadə halı görürəm. 

Belə ki, bu tələbə zəif nəticə toplayıb, universitetə, kollecə daxil ola bilməyib. Azərbaycanda kollec ödənişləri 1000 manat civarındadır. Necə ola bilər ki, peşə məktəbində ödəniş 1880 manat təşkil edir? Peşə məktəbi psixologiyası var və insanlar onu kollecdən aşağı bir pillə kimi görür. Ancaq burada abituriyentin zəif nəticə göstərməyindən, bir növ biliksizliyindən istifadə edib onun ödəniş haqqını qaldırırlar.

Məhz proses əslində bu şəkildə tənzimlənməməlidir. Onun qiymətini bir qədər əlçatan etmək lazımdır ki, tələbə burada oxuya bilsin.

Birinci növbədə mən bunun əleyhinəyəm. Çünki konkretlik deyil, dağınıqlıq yaradır. İkincisi, ödənişin universitet səviyyəsində olması qəbuledilməzdir”.

Избранный
43
cebheinfo.az

1Источники