RU

“Liverpul”da Alisson Bekker sıradan çıxdı

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker İngiltərə Premyer Liqasının 7-ci turunun “Kristal Pelas”la səfər oyununda (1:0) zədələnib.

Arena.az İngiltərə klubunun rəsmi sayıtna istinadən məlumat verir ki, “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slot Alissonun zədəsi ilə bağlı danışıb:

“Son məlumat odur ki, Alissonun zədəsi haqqında heç nə bilmirik. Amma oyunçu meydanı belə tərk edibsə, o, Braziliya yığmasında olmayacaq və onun beynəlxalq fasilədən sonra ilk oyuna qayıtmasını gözləmirəm. Bunu gözləyib görməliyik, amma inanıram ki, onun qayıtması bir neçə həftə çəkəcək. Düşünürəm ki, bu, ombanın arxa səthinin əzələsinin zədəsidir”, deyə Slot bildirib.

Xatırladaq ki, Alisson “Kristal Pelas”La oyunun 79-cu dəqiqəsində zədələnərək, “qırmızlar”ın çex ehtiyat qapıçısı Viteslav Yaroş ilə əvəzlənib. Braziliyalı qapıçının dizaltı vətərinin zədələndiyi güman edilir. Hazırda həkimlər Alissonun zədəsinin şiddət dərəcəsini müəyyənləşdirirlər.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alisson “Liverpul” üçün 8 oyun keçirib, 3 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 271 oyun, 239 buraxılmış qol, 119 “quru” oyundan ibarətdir.

Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).

Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 32 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Избранный
18
arena.az

1Источники