RU

“Real”dan Daniel Karvaxalın zədəsi ilə bağlı rəsmi açıqlama

Məlum olduğu kimi, “Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxal La Liqanın 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) zədələnib.

Arena.az məlumat verir ki, İspaniya klubunun rəsmi saytı bu haqda rəsmi bəyanat verib:

“Klubun tibbi xidməti Karvaxalı müayinə etdikdən sonra ona sağ ayağında dizin ön çarpaz bağının yırtılması, xarici kollateral bağın yırtılması və dizaltı vətərin yırtılması diaqnozu qoyulub. O, yaxın günlərdə cərrahi əməliyyat ediləcək”, – “qaymaqlılar”ın bəyanatında deyilir.

Xatırladaq ki, “Vilyarreal”la oyunun sonunda Daniel Karvaxal rəqibin ispan cinah hücumçusu Yerimi Pino ilə toqquşmadan sonra ot örtüyü üzərinə sərilərək, ağrıdan qışqırıb. Dərhal tibbi yardım göstərilməsinə rəğmən, Karvaxal meydanı özü tərk edə bilməyib.

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Daniel Karvaxalın zədələnməsinə təəssüflə qarşılıq verib: “Dani Karvaxal dizindən ciddi zədə aldı. Hamımız çox kədərliyik”.

“Vəziyyət əlverişli görünmür”

Klubun direktoru Emilio Butragenyo da futbolçuya yaxın gələcək üçün xoş bir xüsus vəd etməyən çıxışı ilə diqqət çəkib:

“Düzünü desəm, Karvaxal üçün çox narahatıq. Bunun necə baş verdiyinə görə, Daninin ağrılı davranışına görə və meydanı belə tərk etdiyinə görə. Vəziyyət bizim üçün əlverişli görünmür”, – “Real”ın klub televiziyası ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Избранный
34
2
arena.az

3Источники