Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı ümumxalq referendumunda səs verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.
Referendum 6 oktyabrda başlayıb. Təşkilatçılar qeyd ediblər ki, 10 min 325 seçki məntəqəsində 12 milyon vətəndaşın səs verməsi gözlənilir. Qazaxıstanlılar bir suala cavab verməlidirlər: "Siz Qazaxıstanda Atom Elektrik Stansiyasının inşasına razısınızmı?".
Səsvermənin nəticələri 7-12 oktyabr tarixləri arasında mətbuatda dərc ediləcək.
2023-cü ilin payızında Qazaxıstanda AES-in inşası üçün Almatı vilayətində bir ərazi seçildiyi bildirilmişdi. Hakimiyyət orqanları texnologiya təchizatçıları olaraq Çin, Cənubi Koreya, Rusiya və Fransa ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirirdi. Hələ o zaman Tokayev AES-in inşası məsələsini ümumxalq referendumuna çıxarmağı təklif etmişdi.
2024-cü ilin may ayında Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalamışdılar.