RU

Müəllimə bir gün az, bir gül çoxdur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın yüzdən çox ölkəsi hər il oktyabrın 5-ni Beynəlxalq Müəllimlər Günü kimi qeyd edir.
Bəzilərində isə müəllimlər üçün fərqli tarixlərdə bayram təşkil olunur. Məsələn, Argentina üçün bu gün milli bayram statusundadır və sentyabrın 11-də qeyd olunur, təhsil sistemi bütünlüklə həmin gün istirahət edir. Braziliyada isə oktyabrın 15-də müəllimlər və şagirdləri məktəbə evdə bişmiş şirniyyat gətirərək bayram edirlər. Çində filosof Konfutsinin doğum günü - sentyabrın 28-i valideynlər keçmiş müəllimlərinə gül dəstələri gətirirlər. Livanda düz bir həftə - martın 3-dən 9-dək müəllimlər bayram edirlər. ABŞ-də isə belə həftə mayın əvvəlində təşkil olunur - şagirdlər sevimli müəllimlərinə əllə yazılmış açıqcalar təqdim edirlər.
Azərbaycanda isə bu əlamətdar gün yaxınlaşdıqca valideynlərin pul yığıb-yığmayacaqları müzakirə mövzusuna çevrilir, aidiyyəti qurumdan məktəblərə xüsusi təlimat göndərilir. Məsələn, bu il də Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyindən bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Maraqlıdır, bəs bu Beynəlxalq Müəllimlər Günü, əslində, necə keçirilməlidir ki, həm müəllimlər razı qalsınlar, həm də valideynlər?
Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, xüsusi günün təsis olunması Azərbaycanda müəllimə və müəllimlik peşəsinə verilən dəyəri göstərir. Onun sözlərinə görə, bu günlə əlaqədar valideynlərdən müəyyən miqdarda pul yığılması bu peşənin müqəddəsliyinə haram qatır:
"Ümumiyyətlə, böyük hədiyyələr, pul yığılması müəllimlik adının şərəfinə və müqəddəsliyinə zərər verir. Hesab edirəm ki, valideyn və şagirdlər müəllimləri sadə şəkildə də təbrik edə bilərlər. Yəni bu təbrik maddiyyatla ölçülməməlidir.
Şagirdi öyrətmək müəllimin vəzifəsidir. Bu gün cəmiyyətdə istər alimə, istər fəhləyə - peşəsindən asılı olmayaraq hər bir kəsə yazmağı və oxumağı müəllim öyrədib. Əlbəttə ki, müəllimin haqqı ödənməz. Amma onun əməyinin qarşılığını, onsuz da, dövlət ona qaytarır.
Bir çox hallarda müəllimlərə hədiyyə, pul, qızıl kimi maddi nemətlərin verilməsinin təşəbbüskarı valideynlər olurlar. Normal direktor məktəbində belə hallar yaşandığı zaman tədbir görməlidir. Əgər görmürsə, deməli, bu işdə onun da payı var. Məktəblərdə artıq çirkin ənənəyə çevrilən pul yığmaq məsələsinə qarşı aidiyyəti qurumlar hərəkətə keçməli, həmin məktəb direktoru və müəllimlər cəzalandırılmalıdırlar".
Sosioloq Lalə Mehralı isə bildirib ki, Müəllimlər Günü, 8 Mart və digər bayramlarda müəllimləri təbrik etmək məsələsi bu qədər şişirdilməməlidir:
"Bu, tamamilə istəyə bağlı bir vəziyyətdir. Təbrik müxtəlif formalarda ola bilər - məsələn, bir dəstə gül və ya bir qutu şokoladla. Çünki hazırda insanların həyat standartları fərqlidir. Valideyn könüllü şəkildə müəllimə pul verirsə, bu, qəbahət sayılmamalıdır. Məsələn, normal gül dəstəsinin qiyməti 25-30 manatdır. Valideyn düşünür ki, bu pulu gülə xərcləmək əvəzinə, zərfə qoyub müəllimə vermək daha yaxşıdır. Əgər valideynin könlündən müəllimə hansısa hədiyyə vermək keçirsə, bunu etməsi də normaldır".
Sosioloqun fikrincə, məcburiyyət olduğu halda isə işin mahiyyəti dəyişir:
"Təəssüf ki, müəllim üçün pul yığmaq məsələsində məcburi hallar da yaşanır. Belə hallarda iş cığırından çıxır. Ümumiyyətlə, bu hal təbrikin əhəmiyyətini itirir".
Əməkdar müəllim Almaz Həsrət Oxu.Az-a açıqlamasında bir çoxlarının bu günün əhəmiyyətini düzgün anlamadığını bildirib:
"Müəllim üçün ən gözəl hədiyyə xoş söz eşitmək və hörmət görməkdir. Pul, bahalı hədiyyələr və güllər müvəqqətidir. Müəllimlər bu müqəddəs peşəyə xələl gətirməməlidirlər. Bu gün münasibətilə valideynlərdən tək istəyim onlardan xoş rəftar və hörmətdir".
Aytac Qasımova
Избранный
25
oxu.az

1Источники