RU

“Şərq miniatürlərində insan obrazları kölgəsizdir, səbəbi var” –Rəssam Fuad Tahir Manafov /MÜSAHİBƏ

Tanınmış rəssam Fuad Tahir Manafov Azpost.info-ya müsahibə verib. 

Müsahibənin ikinci hissəsini oxucularımıza təqdim edirik:

 

“Hesab vaxtı” əsərindəki dünyagörmüş bu nurani qoca Füzulini xatırladır mənə. Digər bir rəsminiz “Bakı küləyi, qoca tut ağacı və kilidlənmiş məscid” əsərində isə külək rəngdən-rəngə düşür. Bu iki əsərin açması nədir?

– Siz o nurani qocanın daha çox Füzulinin bənzəri olduğunu sanırsınız, ancaq mən həmin qocanı elə özümə baxıb çəkmişəm, bax, süni intellekt buna deyərlər (gülür). Orada mən özümü qocaltmaqla bəlkə elə yenilik etmişəm, bəlkə də öz gələcəyimi görmüşəm, nə deyim..Allah ömür versin, görərik… Bu yaşımda xəyali gələcəyimlə üz-üzə durmaq istədim və beləcə “Hesab vaxtı” yarandı. O ki, qaldı ikinci mövzu ilə bağlı olan suala, yəni “Bakı küləyi, qoca tut ağacı və kilidlənmiş məscid” əsərimə, diqqətlə baxsanız görərsiniz ki, oradakı külək əslində özünü qabarıq çalarları ilə biruzə verir. Əsas mətləb burada küləyin qaldırdığı toz dənələrinin içində rəngdən rəngə düşməsidir. Əgər ziki qanunlara əsaslansaq, onda məlum olacaq ki, külək rəngsizdir, amma rəssam gözüylə biz yerə düşən işıq şüaların havanı necə kəsdiyini, necə toz-torpağın qalxdığını görəndə bu adi küləyin də rəngarəngliyini açıq-aşkar sezmək mümkün olur.

Fuad Tahir Manafov Azərbaycan rəssamı kimi iki böyük rəssamı, Səttar Bəhlulzadə ilə Vinsent Van Qoqun yaradıcılığını necə müqayisə edərdi, siz necə düşünürsünüz paralellər tapmaq mümkündür?

– Bəli, var. Qayıdaq əvvəlki söhbətə. Əgər siz Səttar Bəhlulzadənin ilkin dövrlərdəki işlərinə baxsanız, tamamilə fərqli texnika, fərqli üslub görəcəksiniz. Onun realizmə meylliliyi, həmçinin də sürrealist üslubda çəkilmiş əsərlərində özünü göstərir. Sizə tövsiyə edərdim ki, Səttarın fırçasından çıxan Babəkə də baxasınız, tam fərqli bir janrda işlənib. Səttar Bəhlulzadə məhz öz yolunu, öz üslubunu tapmaqdan ötrü bir çox janrlarda özünü sınayıb, həmçinin də müxtəlif texnikalardan istifadə etməklə çox böyük istedada malik bir rəssam kimi nəhayət istədiyini əldə etməyi bacarıb və öz yaradıcılığının zirvəsinə çatıb. Söz yox ki, Bəhlulzadə yaradıcılığı ilə Van Qoqun yaradıcılığı arasında xeyli paralellər var.

Rəsm və din. İnanc, yaradıcı bir düşüncə fərqliliyi, müqəddəs kitabın İlahi məntiqi baxımından bunlar bir-birinə necə sığır və şəxsən sizə mane olmur ki?

– Bilirsiniz ki, rəssamlıq sənəti bizim üçün və ümumilikdə Şərqdə formalaşan gənc, həm də yeni bir sahədir. Öncə onu deyim ki, müsəlmanın evini, yəni müsəlmanın ev dizaynında rəngkarlığa, rəsm əsərlərinə xüsusi bir ehtiyac olmayıb. Əzəldən bizim evlərin divarlarını taxçalarda duran bəzi əşyalar, xalçalar, qab-qacaqlar, qılınclar və digər silahlar bəzəyib. Qədim evlərin dizaynında, həmçinin də bizim xalqın ulu keçmişində, həmin dövrlərin tikililərində heç vaxt canlıların təsvirlərinə, yaxud da müxtəlif illüstrasiyalara rast gəlinməyib, çünki bayaq dediyim kimi bunu etmək və buna xüsusi istəklə can atmaq, hətta bir evin içini, yaxud da çölünü bəzəmək belə kiminsə ağlına gələ bilməzdi. Sonralar isə tarix dəyişdi və bir çox sahələrdə olduğu kimi İslam dünyasında, xüsusilə də böyük coğrafiyaya malik müsəlman Şərqində və İslam mədəniyyətində çiçəklənmə dövrü başladı. Kəpənək, quşlar, təbiət təsvirləri ilə yanaşı freskalar, miniatürlər, müxtəlif mövzularda, dini süjetlərlə bağlı rəsmlər yarandı və bu inkişaf indi də davam edir. Sənət meydana gəlsə də ancaq maneələr vardı, şəriət hökmləri hələ də rəssamlıqla bağlı öz qüvvəsində idi. Əslində bu sənət qadağan da deyildi, sadəcə İslam dininin konstitusiyası kimi qəbul olunan Quranın ehkamlarına uyğun olaraq çəkdiyi rəsmə can verməyə qadir olmayan müsəlmanın öz əlləriylə yaratdığına vurğunluğu, ona sitayişi dini nöqteyi-nəzərdən tamamilə qəbuledilməz idi. İslam dini, din xadimləri sadəcə xristianların İsa Məsihi bütləşdirib ona ibadət etməsini böyük günah, Allaha şərik qoşmaq mənasında bağışlanmaz bir adət, küfr hesab etdiklərindən müsəlman aləmində də belə ənənələrin yayılmasını istəmirdilər. Lakin müdrik müsəlmanların sırasında olan inanclı rəssamlar bu sənəti yaşadıb inkişaf etdirməkdən ötrü şəriətin qoyduğu maneələri də ustalıqla dəf edib aradan götürə bildilər. Yeri gəlmişkən, bir misal çəkim, qədim miniatürlərdəki insan obrazları, müxtəlif qurlar, hətta İslamın böyük şəxsiyyətlərinin təsviri var, ancaq bu adam rəsmlərinin hamısı kölgəsizdir, niyə? Çünki səbəbi var. Həmin dövrlərdə istər-istəməz hansısa qadağaları qismən yumşaltmaqdan ötrü güzəştlərə getmək lazım gəlirdi. Mən elə bu məqamı xüsusi vurğulamaq istərdim ki, hər kəs üçün də anlaşılan olsun. Orta əsrlərdə yaşamış bir çox rəssamlar, həmçinin də Azərbaycan rəssamı Şeyx Məhəmməd Təbrizi belə bir üsula əl atdılar. Rəssamlar din xadimləri qarşısında belə bir şərt qoydular ki, onlar çəkdikləri surətə can verə bilmədiklərinə görə günah işlətməmək xatirinə təsvirləri olan bir canlının da, nəinki insanın, hətta heyvanların belə rəsmlərini öz kölgələri ilə çəkməyəcəklər. Başqa rəssamlar kimi Şeyx Məhəmməd Təbrizi də buna belə bir izah verirdi ki, insanın fani olduğunu tam göstərmək üçün o sadəcə obrazın quruca təsvirini verir, yəni, rəsmdə görsənən əsl canlı deyil, çünki insanın, yaxud heyvanın ruhunun olmadığının sübutu məhz onun kölgəsiz olmağındadır. Beləliklə də şəriət hökmlərini aşıb həmin dini qadağalardan keçməyi bacaran sənətkarların sayəsində klassik, qədim miniatür məktəbi yaranıb inkişaf etməyə başladı ki, burada rəssam Şeyx Məhəmməd Təbrizinin də çox böyük xidmətləri var.

Elə bir rəsm əsəri varmı, həmin o rəsmin qarşısında duranda ağlınıza gələn ilk kir bu olub ki, “kaş bunu mən çəkəydim…”

-Yox. Elə bir əsər olmayıb, ola da bilməz. Hər bir rəssamın öz yolu və özünəməxsus yaradıcılığı var. Şəxsən mən rəssam kimi heç vaxt özümə sığışdırmaram ki, kiməsə həsəd aparım.

Fuad Tahir öz şedevrini yaradıbmı?

-Gəlin, belə deyək, əgər rəssam plansız şəkildə molbertə yaxınlaşırsa, o heç vaxt şedevr yarada bilməyəcək. Elə buradaca bir haşiyə çıxım… Hər bir insanın həyatda çətinlikləri var və bu belə də davam edir. Bizim, çox gözəl bir köhnə  filmimiz var- “Gün keçdi”. Həmin  lmdə Oqtay rolunu Həsən Məmmədov çox ustalıqla ifa edib.

Filmin sonunda tək qalan, iztirablarından qurtulmaq istəyəb Oqtay təxminən belə deyir ki, artıq yeni gün başlayır, nə yaxşı ki, mənim işim var və mən yenə masamın arxasına keçib öz sevdiyim işimlə məşğul olacam. Bir adam üçün bundan gözəl heç nə ola bilməz. Əgər insan sevdiyi işə belə yanaşırsa, onda şedevrlər də yaranacaq.

-Fuad bəy, bunu da bilmək istəyirəm, siz bir əsərinizi satanda həmin əsərlər üçün darıxırsınız, qısqanclıq hissi olmur ki?

-Yox. Bizim rəssam Sakit Məmmədovun gözəl bir sözü var. O deyir ki, rəssamın yaratdığı əsərlər onun qız övladı kimidir. Hər dəfə bir əsər satılanda elə bilirsən ki, qız köçürmüsən. Belə… Yordum sizi?

-Qətiyyən! Fuad bəy, söhbətimiz bitir və bu yerdə sizə rəngarəng, gözəl bir dünya arzulayıram. Başqa nə deyə bilərəm ki?..

Rəssam Fuad Tahir Manafov ayağa qalxır: “Sağ olun, bundan gözəl arzu ola bilməz” deyir və sağollaşırıq.

.. Ayrılırıq…

Oqtay Qorçu

 

Избранный
26
azpost.info

1Источники