RU

Erməni vandalizminin yeni sübutları və İrəvanda sərbəst gəzən canilər - diplomatlar Qarabağda

Çingiz Qənizadə: “Sülh müqaviləsinin imzalanmasının bu cür hərbi, insanlıq əleyhinə cinayətlər, vandalizm hərəkəti törətmiş şəxslərə heç bir aidiyyəti yoxdur”

“Ağdərə rayonunun Sırxavənd kəndində ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Z.İsmayılov bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib, həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb".

Onun sözlərinə görə, şahidlərin ifadələrində burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub: “Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşkarlanıb”.

Bu ilin sentyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb.

Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir.

Komissiyanın sədri Əli Nağıyev bildirib ki, ilkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür:

“Belə ki, cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar. Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilib.

Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir".

Oktyabrın 3-də “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin ”həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

Şübhəsiz ki, əcnəbi diplomatların hər biri öz ölkələrinə erməni vandallığı ilə bağlı həqiqət payı aparacaqlar. Təəssüf ki, Ermənistan Azərbaycan xalqına qarşı törədilmiş bu və digər vəhşiliklə bağlı üzrxahlıq eləməyə, həmin cinayətləri törətmiş caniləri (onların bir çoxu, məsələn, Xocalı caniləri - Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan, habelə Samvel Babayan, milli qəhrəmanımız Natiq Qasımovu vəhşicəsinə öldürən Vitali Balasanyan Ermənistanda sərbəst gəzirlər) cəzalandırmağa və ya onları bizə təhvil verməyə tələsmir. Bunsuz isə iki xalq arasında barışıq və etimad mühitinin qurulması mümkünsüzdür.

Bəs sülh müqaviləsindən sonra erməni hərbi canilərin cəzalanması mümkündürmü?

Çingiz

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Qeyd olunan kütləvi məzarlıqların tapılması gözlənilən idi və hesab edirəm ki, hələ bu cür yeni məzarlıqların aşkar edilməsinin şahidi olacağıq.

Oktyabrın 3-də “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin ”həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusundakı beynəlxalq konfransın iştirakçıları həqiqətən də müəyyən reallıqları öz gözləri ilə gördülər, həqiqəti faktlarla bildilər, müəyyən foto və şəkillər vasitəsi ilə Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı törətdikləri vəhşilikləri bir daha gördülər. İnanıram ki, bunun böyük bir təsiri olacaq və konfrans iştirakçıları öz ölkələrinə getdikdə bu faktların heç olmasa bir hissəsini özləri ilə aparacaq, lazımi qurumlara bu haqda məlumat verəcəklər.

Lakin yenə də bu cür cinayəti törədən şəxslərin azadlıqda olmaları bizi çox narahat edir. Məlumdur ki, separatçı rejimin rəhbərləri də Azərbaycan xalqına, mülki əhalisinə qarşı çox böyük cinayətlər törədiblər. Nəticəsi nə oldu? Azərbaycan hakimiyyət orqanlarının keçirdiyi xüsusi əməliyyatlar nəticəsində onlar həbs edilərək, Bakıya gətirildilər və bu günlərdə məhkəməyə qarşısına çıxarılacaqlar.

Ümid edirəm ki, xalqımıza qarşı cinayət törətmiş sərkisyanlar, koçəryanlar, ohanyanlar, babayanlar  kimi vəhşilərin də məsuliyyətə cəlb olunması üçün Azərbaycan dövləti olaraq əlimizdən gələni edəcəyik. Onların da cəzalanması ədalətin qələbəsi olardı. Məlum olduğu kimi  onlar beynəlxalq axtarışa verilib. Lakin çox təəssüf ki, interpolun üzvü olan dövlətlər onların yüksək vəzifə tutduqlarını əsas gətirərək, eyni zamanda anti-Azərabaycan mövqeyindən çıxış edərək beynəlxalq qurumun tələblərini icra etmirlər. Hətta saxlanılsalar belə, buraxılırlar. Amma ümid edirəm ki, gec-tez biz buna da nail olacağıq.

O ki qaldı sülh müqaviləsi olarsa, onların cəzalanmasının mümkün olması məsələsinə, sülh müqaviləsinin imzalanmasının bu cür hərbi, insanlıq əleyhinə cinayətlər, vandalizm hərəkəti törətmiş şəxslərə heç bir aidiyyəti yoxdur və onların barəsində  qaldırılmış cinayət işləri hər zaman qüvvədədir və qüvvədə də qalacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Избранный
15
musavat.com

1Источники