RU

Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir?

Bir neçə gün öncə Xaçmaz şəhərində 10-cu sinif şagirdinin həmyaşıdına xəsarət yetirməsi barədə məlumat yayılıb. 

Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 4 oktyabrda  isə Bakı məktəblərinin birində bıçaqlanma hadisəsi ilə bağlı xəbər yayılıb. Bu hallar məktəblərdə şagidlər arasında xoşagəlməz hadisələrin səbəblərinin araşdırılması, aradan qaldırlması üçün ciddi siqnaldır.

Şagirdlərin məktəbə kəsici-deşici alətlərlə daxil olmasını önləmək üçün hansı tədbirlər görülür?

"Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, son günlər məktəblilər arasında bıçaqlanma hallarının artması cəmiyyət üçün ciddi narahatlıqdır: 

"Bu cür halların artması yalnız fərdi hadisə kimi qəbul edilməməli, geniş miqyasda analiz olunmalı və ciddi tədbirlər görülməlidir. Ən əsas sual isə budur ki, şagirdlər soyuq silahla məktəbə niyə gedir? Valideyn, məktəb və cəmiyyət bu prosesdə hansı rol oynayır? Problemin kökündə nə dayanır və onu necə həll edə bilərik? İlk növbədə, şagirdlərin soyuq silahla məktəbə getməsi ailə nəzarətinin zəifliyi ilə əlaqədar ola bilər. 

Valideynlərin bir çoxu, xüsusən də işlə məşğul olanlar uşaqlarına lazımi diqqəti yetirmirlər. Evdə valideynin daimi nəzarətinin olmaması, şagirdlərin davranışını izləməmək, onların həyat tərzi və maraqları barədə məlumatlı olmamaq bu cür aqressiv davranışlara yol açır. 

Əgər valideyn uşağının məktəb çantasını və ya cibində nə daşıdığını bilmirsə, bu, onların uşaq üzərindəki nəzarətinin yetərsiz olduğunu göstərir. Məktəblərin də məsuliyyəti danılmazdır. Təhlükəsizlik tədbirlərinin artırılması, məktəbdaxili nəzarət mexanizmlərinin gücləndirilməsi mütləqdir". 

Onun sözlərinə görə, bu gün bir çox məktəbdə təhlükəsizlik qaydalarına yetərincə əməl olunmur:

"Məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət zəifdir. Bu səbəbdən şagirdlərin özləri ilə bıçaq kimi təhlükəli əşyalar gətirməsi daha asan olur.

Məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması, dərs müddətində şagirdlərin məktəbə daxil olma və çıxma hərəkətlərinin daha sıx izlənməsi zəruridir. Aqressiyanın artmasının digər səbəbləri sosial və psixoloji amillərlə bağlıdır.

Şagirdlərin ailədə və cəmiyyətdə qarşılaşdıqları gərginlik, sosial təzyiqlər və zorakılıq hallarının təsiri aqressiv davranışlara yol aça bilər. Sosial şəbəkələr və media vasitəsilə zorakılığın təbliği, aqressiv davranışların “qəhrəmanlıq” kimi göstərilməsi şagirdlərin təsir altına düşməsinə səbəb olur. 

Bundan başqa, ailədaxili zorakılıq, valideynlərin arasındakı gərginlik, uşaqlara yetərincə diqqət və qayğının göstərilməməsi onların özünə inamsızlığını artırır, öz problemlərini zorakılıqla həll etməyə meyilləndirir".

K.Əsədov bu kimi halların qarşısını almaq üçün birincisi, psixoloji dəstək sisteminin gücləndirilməli olduğunu deyib: 

"Məktəblərdə psixoloqların rolu artırılmalı, şagirdlərə müntəzəm psixoloji dəstək verilməli, aqressiv davranışların kökündə duran səbəblər araşdırılmalıdır. Bu, həm məktəbdə, həm də ailədə psixoloji maarifləndirmə proqramları vasitəsilə həyata keçirilməlidir. 

İkincisi, valideynlərin məsuliyyətinin artırılması və maarifləndirilməsi vacibdir. Valideynlər uşaqların gündəlik həyatına daha çox maraq göstərməli, onların duyğusal vəziyyətinə diqqət yetirməlidirlər. Uşaqlarla düzgün ünsiyyətin qurulması, onları anlamaq və onlara dəstək olmaq, uşaqların mənəvi və psixoloji ehtiyaclarını qarşılamaq üçün vacib addımlardır. 

Üçüncüsü, məktəblərdə zorakılığa qarşı ciddi qaydalar və tədbirlər görülməlidir. Şagirdlər arasında zorakılıqla bağlı halların baş verməsinə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunmalı, belə halların qarşısı məktəb rəhbərliyi tərəfindən ciddi şəkildə alınmalıdır. Məktəblərdə nizam-intizam qaydaları yenidən nəzərdən keçirilməli və şagirdlərin davranışlarına xüsusi diqqət yetirilməlidir". 

Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə və cəmiyyətdə aqressiyanın artması kompleks bir problemdir:

"Onun həlli üçün həm valideynlər, həm məktəb rəhbərliyi, həm də cəmiyyət üzərinə düşən məsuliyyəti anlamalı və ona uyğun tədbirlər görməlidirlər.

Təhsil sistemində və cəmiyyətdə bu məsələyə diqqət artırılmalı, hər bir şagirdin təhlükəsiz və sağlam mühitdə böyüməsinə təminat verilməlidir. Aqressiyanın qarşısını almaq üçün həm təhsil, həm də psixoloji dəstək tədbirləri birgə aparılmalıdır". 

Избранный
9
1
cebheinfo.az

2Источники