RU

Cəbrayılın azad edilməsi: Qarabağın zəfər marşı

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Orudumuzun Vətən müharibəsindəki qələbəsi bizə tarixi Zəfər yaşatmaqla yanaşı, hər zaman qürur və fərəh hissi ilə qeyd edəcəyimiz yeni tarixlər də qazandırdı. Artıq xalqımız  doğma torpaqlarımızın işğal günlərini hüzün ilə yad etmək əvəzinə, bu cənnət guşələrin  işğaldan azad olunduğu şanlı tarixləri böyük fəxrlə  qeyd edir, təhsil ocaqlarında şagirdlərə bu əlamətdar tarixlər öyrədilir. Cənab Prezident İlham Əliyevin  tarixi qələbəni və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023 – cü ilin  ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə imzaladığı Sərəncam bu istiqamətdə görülən işlərin təməl daşı oldu

Belə şanlı tarixlərdə biri də 4 oktyabr – Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunduğu gündür.

Kiçik Qafqaz dağlarının cənub – şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən, ümumi sahəsi 1050 kvadrat kilometr olan Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. Rayonun  ərazisi sement,  mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. 

23 avqust 1993-cü ildə  Ermənistan separatçı qüvvələrinin işğalı altına düşən Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində iqtisadi və infrastruktural zərər dəymiş,  72 məktəb, 8 xəstəxana və 132 tarixi abidə dağıdılmışdır. I Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.  

Tarixi abidələrin dağıdılması və əhalinin köçkün düşməsi ilə yanaşı, erməni işğalçıları tərəfindən törədilən vandalizm aktları Cəbrayılın mədəni və tarixi irsinə də  ciddi şəkildə zərər vurmuşdur. Xüsusilə , Dağtumas kəndi yaxınlığında yerləşən “Divlar Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri tamamilə məhv edilmişdir. Bölgədəki məscidlər və hamamlar da dağıdılaraq, erməni vandalizminin qurbanı olmuşdur. Bu hərəkətləri ilə ermənilər Cəbrayılın tarixi irsinə zərər verməklə yanaşı, bölgənin azərbaycanlı kimliyini silmək məqsədi daşıyırdılar. 

Hələ 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın  Cocuq Mərcanlı kəndinin işğaldan azad olunmasıyla buraya həyatın qayıtması, Böyük Qayıdışın da başlanğıcı olmuşdur. 2016-cı ilin  aprel döyüşləri zamanı isə rayonun ərazisində yerləşən Lələtəpə yüksəkliyi  düşmənin işğalından azad edilmişdir. Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun ilk azad etdiyi kəndlər içərisində də Cəbrayılın kəndləri vardı. Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən Müharibəsinin ilk günü, 27 sentyabr  2020 – ci ildə  düşmən işğalından azad olunmuşdur. Daha sonra Azərbaycan Ordusu  3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Ümumilikdə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd işğaldan azad edilmişdir.

Cəbrayıl əməliyyatı hərbi baxımdan çox çətin keçən döyüşlərdən biri idi. Düşmən bu rayonda yarılması çox böyük fədəkarlıq və qəhrəmanlıq tələb edən bir neçə istehkamlar qurmuşdu. Cəbrayılın strateji əhəmiyyətini artıran faktorlardan biri də onun coğrafi mövqeyi ilə əlaqədar idi. Belə ki,  rayonunun ərazisində yerləşən yüksəkliklər və keçid nöqtələrinin azad edilməsi ordumuza həm Hadrutda, həm də Xocavənd rayonunun cənub kəndlərində hərbi əməliyyatlar keçirmə imkanı yaratdı. Şanlı Ordumuz bu əməliyyatları uğurla həyata keçirərək bölgənin mühüm strateji üstünlüklərini təmin etdi. Nəticədə, Zəngilan, Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılaran azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu qələbə həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsində dönüş nöqtəsi oldu. 

2020-ci ilin noyabr ayının 26 –da Prezident İlham Əliyevin Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi və bu medal  Cəbrayılın azad edilməsində xüsusi igidlik və şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin  20 mindən çox hərbi qulluqçusuna təqdim edildi. Bu, Azərbaycan xalqının öz qəhrəmanlarına və torpaqlarını azad edən igidlərə verdiyi yüksək dəyərin ifadəsi idi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması işğalın sona çatmasının bir daha təntənəli şəkildə qeyd olunması demək idi. Qədim tarixə malik olan Xudafərin körpüsü, eyni zamanda Azərbaycanın müstəqillik və ərazi bütövlüyünün simvoluna çevrildi. 

Bu gün işğaldan azad olunmuş bütün rayonlarımız kimi Cəbrayıl rayonunda da  sürətlə bərpa – quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Rayonun enerji sektorunda da mühüm işlər görülüb. Cəbrayıl yarımstansiyası istifadəyə verilib və Cəbrayıl rayonunun elektrik təchizatı təmin olunub.  Rayonun və kəndlərin bərpa proqramı təsdiq edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilib. Bütün layihələrin həyata keçirilməsinə cənab Prezident özü şəxsən nəzarət edir. Müharibənin bitməsindən sonra cənab Prezident dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib, o cümlədən  görülən işləri yerindəcə yoxlamaq üçün Cəbrayıl rayonunda da doqquz dəfə səfərdə olmuşdur      

Böyük Mərcanlı kəndinin yenidənqurulması və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi layihələr hazırlanmışdır. Layihəyə əsasən, 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. 

Karxulu kəndinin və digər kəndlərin bərpa planı çərçivəsində Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun çəkilməsi ilə bu bölgə digər ərazilərlə yenidən əlaqələndiriləcək. Plana görə 4428 sakinin 940 fərdi evdə məskunlaşması, həmçinin məktəb və uşaq bağçasının yenidən tikilməsi nəzərdə tutulur. Bu layihə kəndin 313 hektar ərazisini əhatə edəcək və müasir ictimai binaların, xidmət obyektlərinin inşasını nəzərdə tutur. Karxulu kəndi üçün bu bərpa işləri Böyük Qayıdış layihəsinin əsas hissəsidir.

Sarıcallı kəndi də bərpa planına daxil edilmiş kəndlərdən biridir. Burada inzibati bina, klub-icma, idman və sağlamlıq mərkəzləri və müxtəlif biznes sahələrinin yaradılması nəzərdə tutulur. Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Maşanlı kəndinin yenidən salınması da Cəbrayıl rayonunun inkişafı üzrə strateji planlardan biridir. Layihəyə əsasən 2040 – cı ilədək  kəndin ümumi sahəsi 157,54 hektar olacaq və burada 2360 nəfərin məskunlaşması nəzərdə tutulur. Kənd əhalisinin təhsil və digər sosial ehtiyaclarını qarşılamaq üçün məktəb və uşaq bağçasının tikilməsi də planlaşdırılmışdır. Bu layihə həm də əhalinin məşğulluq məsələlərinin həllinə yönəlib və kənd ərazisində müasir ictimai obyektlərin yaradılması məqsəd kimi qoyulub.    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,  Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Azərbaycanın digər işğaldan azad olunmuş cənnət guşələrində olduğu kimi, Cəbrayıl rayonunda da, geniş quruculuq və bərpa işləri aparılır. Bununla belə, müxtəlif ərazilərdə yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı  cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan buraya yola salınıb və ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə  - 117 nəfər köçürülmüşdür.

Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə Cəbrayıl  daha da inkişaf edəcək, Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək və ölkəmizin gələcək inkişafında öz sözünü deyərək, qürur simvolarımızdan biri olacaqdır.

Ziyafət Əsgərov                                                                                                                                                       

Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini.

Избранный
11
3
sabahinfo.az

4Источники