RU

İsrail hədəfindən geri çəkilməyib -RƏY

İranın nüvə obyektləri də daxil olmaqla hərbi infrastrukturuna zərbələr endiriləcək
 
 
 İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 faizi hədəflərini uğurla vurub. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsrailə hücum barədə danışarkən deyib ki, hücum İranın gücünün bir hissəsini göstərdi: "Gözlənilməz cavablar hazırladıq. Əgər sizin üçün nə hazırlandığını bilsəydiniz, indi İranı təhdid etməyi dayandırardınız". İsrailin müdafiə naziri Yoav Qalant isə deyib ki, İsrail dövlətinə hücum edənlər ağır bədəl ödəyəcəklər. İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Yakov Amidror da bildirib ki, İran seçim qoymadı, cavab sərt olacaq: "İsrail İranın kütləvi ballistik raket zərbəsinə aprel ayında analoji zərbədən daha sərt cavab verməlidir". Şuranın keçmiş rəhbəri əlavə edib ki, atılacaq addımlar İranı dayandırmalıdır. Onun sözlərinə görə, İsrail “Hizbullah” terror təşkilatını sıradan çıxarsa, İran daha da zəifləyəcək.
 
İsrail İrana xəbərdarlıq edibmiş: Hücumun cavabı bu olacaq!
 
 “Voll Strit Jurnal” nəşri məlumat yayıb ki, İsrail bundan öncə İran tərəfindən hücum olacağı təqdirdə, bu ölkə ərazisindəki nüvə obyektlərinə zərbə endirəcəyi barədə xəbərdarlıq edib: "İran sentyabrın 30-da ərəb ölkələrinin rəsmilərinə İsrailə qarşı miqyası təxminən aprel hücumuna bərabər olacaq hücum planlaşdırdığını bildirib. Buna cavab olaraq İsrail İrana açıq şəkildə söyləyib ki, miqyasından və itkilərin olub-olmamasından asılı olmayaraq, öz ərazisinə edilən istənilən hücuma cavab verəcək". Qeyd olunub ki, İsrail İranın neft sənayesi və nüvə infrastrukturunu vurmağa hazır olduğunu birbaşa bəyan edib.
 
Xamenei İsrailə endirilən zərbəni şərh etdi: Qələbə…
 
 İranın ali dini lideri Ayətullah Əli Xamenei İslami müqavimət qüvvələrinin İsrailə qarşı hücumlarının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib. O deyib ki, müqavimət cəbhəsinin sionist rejimin çürümüş bədəninə zərbələri daha da sarsıdıcı olacaq. İranın İsrailə hücumunu İran lideri Qurandan bir sitatla şərh edib: "Allahın köməyi ilə və qələbə yaxındır". Xameneyi əlavə edib ki, regiondakı problemlərin kökündə ABŞ və bəzi Avropa ölkələri dayanır. O, regionun ABŞ və Avropa ölkələrindən qurtulduğu zaman müharibələrin tamamilə dayanacağını söyləyib: "Region ölkələri isə özlərini idarə edə, sülh və rifah içində birlikdə yaşaya bilərlər". İranın Ali Rəhbəri həmçinin vurğulayıb ki, İsrail hər hansı səhvə yol versə, daha güclü və daha dağıdıcı cavab alacaq: "Seyid Həsən Nəsrullahın itkisi kiçik hadisə deyil, bu bizi çox kədərləndirdi".
 
Pezeşkiandan İsrailə zərbələr haqda ilk açıqlama
 
 İran Prezidenti Məsud Pezeşkian İsrailə endirilən raket zərbələri haqda sosial şəbəkə hesabında yazıb. Prezident deyib ki, bu, İranın gücünün yalnız bir küncüdür: "İranla münaqişəyə girməyin! Netanyahu bilsin ki, İran döyüşkən deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır".
 
"ABŞ-nin daxili işlərimizə qarışmasına sərt cavab veriləcək"
 
 İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, ABŞ-nin həm regionun, həm də ölkəmizin daxili işlərinə qarışmasına sərt cavab veriləcək. O vurğulayıb ki, ölkəsinin bu mövqeyi digər dövlətlərin də diqqətinə çatdırılmalıdır. XİN rəhbərinin sözlərinə görə, regionda hərbi münaqişə təhlükəsi aktual olduğundan ordu tam olaraq hazırlıq vəziyyətinə gətirilib. Əraqçı onu da əlavə edib ki, son aviazərbələrdə yalnız İsrailin hərbi obyektləri hədəfə alınıb. O, eyni zamanda ABŞ ilə İran arasında məlumat mübadiləsi ilə bağlı iddiaları təkzib edib.
 
İran müdafiə naziri: Böyük müharibə başlayacaq!
 
 İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə deyib ki, Avropa İsrailə nəzarət etməlidir: "Əks halda İranın cavabı ilə üzləşəcək və regionda (Yaxın Şərq) böyük müharibəyə başlayacaq".
 
Ursula fon der Lyayen İranın İsrailə hücumunu pisləyib
 
 Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İranın İsrailə hücumunu pisləyib. Vurğulayıb ki, bu cür hərəkətlər onsuz da son dərəcə qeyri-sabit vəziyyətdə olan gərginliyi artırır və regional sabitliyi təhdid edir: "Mən bütün tərəfləri günahsız mülki insanların həyatını qorumağa çağırıram. Avropa İttifaqı Livan sərhədində və Qəzzada atəşkəs elan edilməsini və bir ilə yaxındır ki, bütün girovların azad edilməsini tələb etməkdə davam edir".
 
İsrailə İran hücumunun önünü almaqda yardım edilib
 
 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, İranın kütləvi raket hücumunun dəf edilməsində İsrailə ABŞ ilə yanaşı, həm də digər tərəfdaşları yardım edib: "İsrail ABŞ və tərəfdaşlarımızın birbaşa dəstəyi ilə bu hücumu uğurla dəf edə bildi".
 
İsrail BMT-nin Baş katibini "arzuolunmaz şəxs" elan edib
 
 İsrail Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" (persona non grata) elan edib. Bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib. Xarici işlər naziri İranın İsrailə raket hücumundan sonra Quterreşin bəyanatını pisləyərək BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" elan etmək və onun ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bəyan edib: "İranın İsrailə qarşı hücumunu birmənalı şəkildə pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, terrorçulara, təcavüzkarlara və qatillərə dəstək verən anti-İsrail Baş katibidir".
 
"İran təkcə İsrail üçün yox, ABŞ-nin maraqları üçün də təhlükədir"
 
 ABŞ-nin vitse-prezidenti Kamala Harris də İranın İsrailə qarşı ballistik raket hücumunu pisləyib. O bildirib ki, İran Yaxın Şərqdə sabitliyi pozan, təhlükəli qüvvədir: "İsrailə hücum bu faktı daha da nümayiş etdirdi. Mən Prezident Baydenin apreldə etdiyimiz kimi ABŞ ordusunun İsraili hədəf alan İran raketlərini vurması əmrini dəstəkləyirəm. İsrail bizim köməyimizlə bu hücumu dəf edə bildi. Dediyim kimi, mən həmişə İsrailin İrana və İranın dəstəklədiyi qruplaşmalara qarşı müdafiə qabiliyyətinə malik olmasını təmin edəcəyəm. İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır". Harris vurğulayıb ki, İran təkcə İsrail üçün təhlükə deyil, İran və bölgədəki Amerika heyəti, Amerika maraqları və İranda yerləşən və dəstəklədiyi qruplaşmaların əlindən əziyyət çəkən bölgədəki günahsız mülki insanlar üçün təhlükədir: “Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi qruplaşmalara qarşı müdafiə etmək üçün lazım olan hər şeyi etməkdən çəkinməyəcəyik. Biz İranın aqressiv davranışının qarşısını almaq və onları məsuliyyətə cəlb etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edəcəyik”.
 
"Yaxın Şərqdəki vəziyyətə görə Vaşinqton birbaşa məsuliyyət daşıyır"
 
 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaxın Şərqdəki vəziyyətə görə Vaşinqtonun birbaşa məsuliyyət daşıdığını söyləyib: "Bizim gördüyümüz hər şey, mən buna tam əminəm, birbaşa Amerika Birləşmiş Ştatlarının məsuliyyətidir, hansı ki, bu regionda təkbaşına “yaxşılıq” etmək hüququnu özünə verib".
 
"Hər şey “danışılmış döyüş”ə bənzəyir. Lakin tərəflər İran və İsrail yox, İran və ABŞ-dir"
 
 Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a deyib ki, İran İsrailə raket hücumu ilə “aprel ssenarisi”ni təkrarladı. Yeganə fərq bu dəfə zərbənin müəyyən qədər güclü olmasıdır. Hərçənd, nəticə dəyişmədi: atılan 500-dən çox raketin ciddi zərəri yoxdur: 

"İranın qarşısında dağıdıcı olacaq iki seçim var. Ya İsrailin hücumları qarşısında geri çəkilməli və bölgədəki təsir rıçaqlarının zəifləməsini müşahidə etməlidir. Yaxud da İsrailə qarşı regional toqquşmaya və daha güclü cəbhə ilə üzləşməsinə səbəb olacaq müharibəyə başlamalıdır. İran bu ikisini yox, üçüncünü - “qisas görüntüsü” yaratmağı seçir. Bununla İsrailin məqsədinin, yəni İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasının reallaşmasına imkan vermir. Ən azından zaman qazanır. Eyni zamanda bölgədə - “müqavimət oxu”nda liderliyin zədələnməməsinə çalışır. Hər şey “danışılmış döyüş”ə bənzəyir. Lakin tərəflər İran və İsrail yox, İran və ABŞ-dir. Tehran bu hücumla həm də Vaşinqtonun İsrailin qarşısını alacağına ümid edir, ABŞ də İsraili nəzarətdə saxlayır".
 
 Analitikə görə, hadisələrin inkişafını İsrailin addımları müəyyənləşdirəcək: "Aprel hücumunda İran gücünü göstərməklə yanaşı, gərginliyi azaltmağı hədəfləyirdi və müəyyən qədər buna nail oldu da. Lakin İsrailin Haniyə və Nəsrullaha sui-qəsdi, ardınca Livana müdaxiləsi eskalasiyanı yenidən “diriltdi”. İran yenə “qisas zərbəsi” ilə İsrailin qarşısını almağa, gərginliyi azaltmağa çalışsa da, Təl-Əvivin Tehranı eskalasiyaya cəlb etmək hədəfindən geri çəkilmədiyi görünür. Bu baxımdan, İsrailin İrana hücumlarının iki istiqamətdə olacağı gözləntisi önə çıxır. İranla gərginliyi saxlayaraq, “təhdid” kimi gördüyü proksi qüvvələrinə - Hizbullah, Suriyadakı milis dəstələri, husilər - qarşı əməliyyatlar davam edəcək. İranın nüvə obyektləri də daxil olmaqla hərbi infrastrukturuna zərbələr endiriləcək. Bu iki ssenaridən birincisi daha real görünür. Çünki İranın “müqavimət oxu” adlandırdığı qüvvələr sıradan çıxarılmadığı, yaxud minimallaşmadığı müddətdə onunla birbaşa müharibənin başlanması İsrail və müttəfiqləri üçün o qədər də effektli olmaya bilər".
Избранный
15
sherg.az

1Источники