RU

''Ştutqart''ın ulduzu Türkiyə yığmasını seçdi

Türkiyə yığmasında yeni diqqətçəkən qürbətçi futbolçu peyda ola bilər. Söhbət ''Ştutqart''ın kapitanı Atakan Karazordan gedir.

Türkiyə Futbol Federasiyasının üzvləri hələ 1 ay öncə bu futbolçunun durumu ilə maraqlanmışdılar. Əslən türk olan Atakanın Türkiyə yığmasında oynamasının qarşısında heç bir əngəl olmadığı üzə çıxmışdı. Qalırdı yalnız futbolçunun öz qərarını vermək. Almaniyanın ''Skay Sport'' kanalının məlumatına görə 27 yaşlı yarımmüdafiəçi artıq qərarını verib.

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann özü şəxsən onunla əlaqə saxlayaraq bundestimə dəvət edib. Ancaq Karazor bu dəvətə görə minnətdarlığını bildirərək Türkiyə yığmasında oynamaq istədiyini bildirib. İndi qarşıdakı yığma ''pəncərəsində'' Vinçentso Montella Atakana dəvət göndərəcəyi təqdirdə bu futbolçu ''ay-ulduzlular''ın heyətində debüt edə biləcək.

Onun təmsilçisi Ərsin Akan məsələ ilə bağlı verdiyi bunları deyib:

''TFF rəsmiləri Atakanı yığmaya qazandırmaq üçün ciddi işlər gördülər. Atakan türkdü. Ailəsi əslən Karamandandı. Türkiyənin şərəfini qoruyacağı üçün çox həyəcanlıdı. Hər iki tərəfə də xeyirli olsun''. Atakan Karazor 1996-cı ildə Almaniyanın Essen şəhərində doğulub. Fiziki göstəriciləri ilə diqqət çəkən və 191 sm boya malik olan futbolçu dayaq yarımmüdafiəçisi kimi oynayır. ''Bohum''un yetirməsi olan və peşəkar karyerasının ilk illərini Dortmund ''Borussiya''sının ikinci komandasında keçirən qürbətçi futbolçu daha sonra ''Holştayn''da çıxış edib. 2019-un yayında 800 min avroya ''Ştutqart''a transfer olunduqdan sonra tədricən komandanın aparıcı futbolçusuna çevrilib. Şvabiyalılarla 2-ci bundesliqadan elitaya, ötən mövsüm də Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb. O, ilk turda səfərdə ''Real''a qarşı oyunda komandasının heyətində ən yaxşılardan biri idi. Yığma səviyyəsində indiyə qədər heç bir komandada oynamayan Karazor bu mövsüm 8 rəsmi matçda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun transfer dəyəri təxminən 12 milyon avro civarındadı.


ƏLİ
Избранный
14
football-plus.az

1Источники