RU

“TECHNOFEST”də Azərbaycanın gənclərdən ibarət komandaları mükafatlara layiq görülüb

Adana, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət bir neçə komandası Türkiyənin Adana şəhərində keçirilən “TECHNOFEST-2024” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının qalibləri sırasında yer alıb.

Komanda kapitanları işləri barədə AZƏRTAC-ın müxbirinə danışıblar.

“Quad Ruple” komandasının kapitanı Şamil Sultanzadə bildirib ki, onların yaratdığı aparat “Pilotsuz dəniz aparatları” kateqoriyasında ən yaxşı olaraq seçilib.

Şamil Sultanzadə komanda üzvlərinin seçiminin “STEAM Azərbaycan” platformasının köməyilə həyata keçirildiyini bildirib.

“Bizim hazırladığımız dəniz pilotsuz aparatı Türkiyədə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib”, - deyə Sultanzadə qeyd edib.

“Dərbəndqala” komandasının kapitanı, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Zahid Abdullayev komandanın “İnsanların xeyrinə olan texnologiyalar” nominasiyası üzrə ikinci yerə layiq görülməsinə diqqət çəkib. Onun sözlərinə görə, komanda üzvləri təhsil müəssisələrində zorakılıq hallarını qeydə almağa və operativ şəkildə qarşısını almağa imkan verən qurğu yaradıblar. “Bizim cihaz süni intellekt vasitəsilə zorakılıq faktını qeydə alır və dərhal valideynlərə və müəllimlərə siqnal göndərir”, - deyə Abdullayev izah edib.

“Versetech”in kapitanı Aşirbəy Məmmədzadə bildirib ki, onun rəhbərlik etdiyi komanda virtual reallıq eynəkləri üçün xüsusi proqram işləyib-hazırlayıb və bu proqram vasitəsilə süni intellektin köməyilə psixoloji dəstək sisteminə çıxış təmin edilir.

O, layihənin “Psixologiyada texnoloji işlər” nominasiyası üzrə ən yaxşısı seçildiyini qeyd edib. Proqram pulsuzdur və artıq üç dildə mövcuddur.

“Orion”un kapitanı, Milli Aviasiya Akademiyasının ikinci kurs magistrantı Əliağa Sahibcanov bildirib ki, komandanın səyləri nəticəsində Türkiyənin “Türksat” şirkətinin 55 meyarına cavab verən kiçik peyk maketi hazırlanıb.

“700 metr hündürlükdə buraxılan peyk məlumatları real vaxt rejimində yerüstü cihaza ötürür. Belə peyklər, digərləri ilə yanaşı, müxtəlif hündürlüklərdə olan sensorları sınaqdan keçirməyə imkan verir”, - deyə o, cihazın miniparaşütlə təchiz edildiyini və bununla da konstruksiyaya zərər vermədən yerə enə bildiyini qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

Избранный
14
azertag.az

1Источники