RU

Paris hekayələri - Sabir Əhmədli

Bu hekayələr otuz il əvvəl, sovet vaxtı yazılıb, "Ulduz" jurnalına verilmişdi. Jurnalın hekayənin dərc olunduğu sayı çapa gedəndə saxlanmış, sovet vaxtı buraxılmasına izn verilməmişdi.
Narıncı dəftərçəni vərəqləyirəm. Kərpici cızıqlı, sığallı səhifələrdəki qeydlər təyyarədə, mehmanxanada, bəzisi "Mersedes" avtobusunda, qədim romalıların tikdikləri əzəmətli Qard körpüsündə dayandığımız dəqiqələrdə yazılıb.
Gecələr alovlu çay təki Zəfər tağına şığıyan "Yelisey çölləri" gözümün qabağına gəlir. Eyfel qülləsindən mavi Senanın ikiyə böldüyü Parisə baxıram.
Ərik, şaftalı, armud bağlarının, üzümlüklərin arasından keçib getdiyimiz yollar, Kamarq vilayəti, Aralıq dənizi yadıma düşür.
Polis maşınlarının sübhədək həyəcan qopardığı Marseldən tutmuş, Fantane-Cəhənnəm dərəsi, Avinyon abidələri, Santo-Mariya məbədi, ağ qayalar üstündə lalə təki qızarışan üstü kirəmitli Bo şəhərciyi xəyalımda dolanır...
Bir vaxt bu yerlərin, bu mənzərələrin hafizəmdə necə varsa qalacağına ümid bağlamışdım.
Fransada on gün qalmışdıq. O vaxtdan neçə illər keçib...
Xaricə səfər həm də bizim öz aləmimizə, fikir, xəyal dünyamıza səyahət idi. Şəhərdən şəhərə, bir əcnəbi ölkənin yaşayışı, mədəniyyəti, muzeyləri, hal-əhvalı ilə tanış olduqca, biz - bir Vətənin övladları da bir-birimizi daha yaxından görür, qürbətdə günü-saatı birgə keçən adamlar bir-birimizə daha dərindən bələd olurduq. Elə bil ki, on gündə biz özümüz də əcnəbiyə çevrilmişdik. "On günlük əcnəbilər"in mənəvi aləminə səyahət rəsmi gəzintimizlə qoşa gedirdi.
Bu gözlə baxanda adi insanların başına gələn adi əhvalatlar da bir sərgüzəşt, macəra təki görünürdü...



"REZİDENS de MAREŞO"da

Azərbaycandan gəlmiş turist dəstəsi Parisdə "Rezidens de Mareşo" mehmanxanasına düşmüşdü. Mehmanxana "Yelisey çölləri" adlanan məşhur xiyabanın yaxınlığında, sakit guşədə idi. Hoteldən çox xüsusi evə, malikanəyə bənzəyirdi. Dəhliz bütünlükdə tünd qırmızı fərşlə döşənmişdi. Qəhvəyi sürahi ilə ayrılmış restoranda qədimi ağac masalar, oturacaqlar düzülmüşdü.
Azərbaycanlılardan başqa hotelə bir dəstə yapon qızı düşmüşdü. Ekiz bacılar təki bir-birinə oxşayan yumru totux qızlar Yaponiyadan gəlmiş gənc xizəksürənlərdi. Parisə beynəlxalq yarışa gəlmişdilər.
Mehmanxanada hər şey - dəhliz, restoran, burma pilləkən, kiçik lift otuz-qırx qonaq üçün ölçülüb-biçilmişdi. Bura nə ziyadə geniş, nə darısqaldı. Guya, mehmanxana sahibləri öz sakinlərinə yataq, yemək verməkdən başqa ayrı bir məqsəd də güdürmüşlər. Burada təsadüfən rastlaşmış adamlar qalacaqları beş-üç gündə özlərini ötəri, yolüstü düşərgədə deyil, sabit bir məskəndə sansınlar, ailəvi yaxınlıq, məhrəmlik duyub bir-birinə isinişsinlər.
Səhər yeməyinə yenicə başlamışdılar. Restoranın parterində azərbaycanlılar, yarusda inkubator cücələrinə oxşayan yapon qızları əyləşmişdilər. Bizim cavanlar dillərini bilmədikləri qızları hərdən süzür, baxışları ilə oxşayırdılar.
Portye, ağırlıq qaldırana oxşayan professora yanaşıb başa saldı: " Sizi görmək istəyən var, dəhlizdə gözləyir".
Professor naharı yarımçıq qoyub qalxdı; onun ayağa qalxmağı ilə oturmağında o qədər fərq yoxdu. Qollarını yırğalaya-yırğalaya köksünü irəli verib getdi.
Gəlişlərinin ilk günü səhər-səhər professoru Parisdə kimin aradığını öyrənmək üçün yoldaşları boylandılar. Nahardan qurtarcaq onlar da dəhlizə çıxdılar.
Professor "qırxayaq" asqının yanında mizin arxasında iki nəfərlə əyləşmişdi. Bu söhbətin ayrıca iş olmadığını duyub, yoldaşlar ikibir-üçbir oraya yeridilər. Kimi əyləşdi, kimi kənarda dayanıb baxdı.
Qonaq Azərbaycan dilində, asta danışırdı. O, başqalarının da yaxınlaşdığını görüb, onları dəvət etdi. Salamlaşıb əl tutdu, yer göstərdi.
Qırx beş-əlli yaşlarında, asiyalıdansa avropalıya bənzəyən kişi idi. Zərif bukle pencək geymiş, saya qalstuk bağlamışdı. O biri xeyli cavandı, davranışında sərbəstlik, nikbinlik duyulurdu. O, dostunu müşayiət etmək üçün qoşulub Parisə gəlmişdi.
Professoru çağırtdıran qonaq başına toplanmış həmvətənlərini məmnun baxışlarla süzdü. Özü barədə onlara məlumat verdi:
- Belçikada yaşayıram, Brüsseldə. Sizin gəlişinizi mənə Türkiyədən bir tanışım xəbər vermişdi. Sizi görmək üçün buraya yollandım.
Rəsmi gəzintiyə çıxanadək hələ vaxt vardı. Turist dəstəsindəki qızlar və qadınlar dəhlizdə dolanır, professorun söhbət etdiyi adamla maraqlanırdılar. Rəhim bunu duyub onları da çağırdı:
- "Yaxına gəlin, buyurun, xahiş edirəm, əyləşin" - O, küncdəki ayaqüstü lampanın közərtisində qızaran yumşaq kürsüləri göstərdi. Qızlar, qadınlar oturdular.
Rəhim metr-de-oteli çağırdı. Metr-de-otel qarsonla birgə gəldi. Rəhim onlarla fransız dilində, Belçika ləhcəsində danışdı. Bu dili sonradan öyrəndiyi sezilirdi. O, yerlilərinə iltifatla üz tutdu:
- Nə içəcəksiniz?
Qadınlara şampan şərabı, kişilərə konyak, viski sifariş verdi. Onun tapşırıqlarını dəftərçəyə qeyd eləyən qıvrım, sarıbəniz, sağlam və qoçaq oğlan bayaq turistlərə qulluq etdiyi qədər üzüyola və şən görünmürdü.
Rəhim yerə döşənmiş fərşlərə göz gəzdirib işgüzarcasına dilləndi:
- Xalça mütəxəssisiyəm. Hər hansı xalını on addımlıqdan tanıyar, ilməsini sayaram. Haraya mənsub olduğunu söylərəm. Brüsseldə xalça şirkətində xidmət edirəm. Şirkətin sahibi də azərbaycanlıdır. Multmilyonerdir...
Qarson içki, şirniyyat gətirdi. Kişilərə konyak və viski, qadınlara şampan süzdü.
Vətəndən uzaq düşmüş bir qəribin halını anlamaq şövqüylə onun başına yığışmış qadınlar içkidən boyun qaçırmaq istədilər. Rəhim israr etdi. Qızlar onun sözünü yerə salmayıb, badələrdə parlayan, büllur tumurcuqlar qaynayan şampanlara əl uzatdılar.
Qadınları çağırmaqda, görünür, Rəhimin özgə niyyəti varmış. O, üz-gözlərindən mehribanlıq, ünsiyyət yağan vətən qızlarının gəlişinə, onların kişilərlə birlikdə bu kiçik məclisdə əyləşib həyanlaşmağına sevinirdi. Qadın kövrəkliyinə, qadın hisslərinin yumşaqlığına sığınır, ümid bağlayırdı. Qadınlar da elə bil onun könlündən keçəni anlayırdılar. Lakin orasını da duymuşdular ki, kişilərin arasında sorğu-sual başlana bilər. Söhbətin açıq, sıxıntısız keçməyi üçün onlar az sonra kişiləri tək buraxaraq çəkildilər.
Əcnəbi ölkədə, yad, yabançı insanlar arasında sərgərdan qalmış kəsin həmvətənlərilə görüşü, bir masa arxasında əyləşmələri doğmalıq, qohum-əqrəbalıq duyğularını tərpətməli idi. Vətəni təmsil edən adamlar Rəhimin halını anlamalı, onun istiqanlılığı qabağında xoş üz göstərməliydilər. Bundan artıq umacağı yoxdu. İllərdən bəri hərdən tərpənib ürəyini sıxan, qanını qaraldan duyğu hələ qalır, yaşayırdı. Heç olmazsa, ikicə-üçcə nəfərlə yaxınlıq baş tutsa, Rəhim bunu bağışlanma hesab edər, səadət sanardı.
Qızlar gedəndən sonra sustaldı. Nədən, hardan danışacağını bilmədi. Anlamışdı ki, həmvətənləri onun taleyilə hər şeydən artıq maraqlanır, öyrənmək istəyirlər. Onların Rəhimə münasibəti yalnız bunu bildikdən sonra aydınlaşacaqdı.
Azərbaycandan gəlmiş dəstədə Rəhimin doğulub böyüdüyü əyalət şəhərindən olan, oranı yaxşı tanıyan vardı. Rəhim qardaşlarını, qohumlarını xəbər aldı. Axırda başını dikəldib adamların gözünə düz və şax baxaraq həqiqəti söylədi:
- 1942-ci ildə Tuapse yaxınlığında əsir düşmüşəm. - Artıq heç nə demədi. Dolanışığın, həyatın elə adi, əhəmiyyətsiz işlərindən söz açdı ki, bunlar bir insanın qəlbinin və fikrinin dərinliklərini ört-basdır etmək üçün dəlmədeşik pərdə, köhnə örtükdü.
Sarısaç bir qız yaxınlaşdı. Son dəbdə bəzənmiş, saçlarının rənginə düşən güllü, sarı ipəkdən enlibalaq şalvar, üstdən salınmış kofta, dikdaban çəkmə geymişdi. Rəhim onu həmvətənləri ilə tanış etdi:
- Bu da Rusiyadandır, - dedi.
Gənc xanım onun məşuqəsiydi. Əlbəttə, qızın göz-başında xanımlıqdan, əsilzadə nəsil-nəcabətdən əlamət yoxdu. Əyin-başı, yemək və dolanışığı Rəhimin hesabınaydı. Qız onlarla çox qalmadı. Rəhimdən icazə alıb, o biri oğlanla getdi.
Sarısaç qız bizim ölkənin bir opera-balet teatrının rəqqasəsiymiş. Qastrol zamanı Rəhimlə tanış olmuş və xaricdə qalmışdı.
Rəhim qarsonu çağırdı. Qulluqçu oğlan, metr-de- otel gəldilər. Brüsselli ekspeditor - Rəhim pencəyinin qoltuq cibindən çek çıxartdı, imza atıb qonaqlığın dəyərini ödədi. Metr-de-otelin, qarsonun diqqət və davranışından anlaşıldı ki, yüngül qonaqlıq ucuz başa gəlmədi. Lakin nə qədər xərclədiyi Rəhimin gözünə görünmədi. O, Brüsseldən buraya, yalnız mehmanxana dəhlizində məclis qurmağa can atmamışdı.
Varlı, imkanlı olduğunu gözə soxmadan, həmvətənlərinə böyük hörmət göstərmək istəyirdi. O, dövrəsində əyləşmiş ellilərinə üz vurdu:
- Ehtiyacınız olar, xarici ölkədəsiniz, nə qədər lazımsa mən sizə pul verə bilərəm. - portmanesini əlində hazır saxladı. Ona təşəkkür etdilər, pul götürmədilər.
Rəhim onlardan vədə aldı ki, bu axşam boş qalan vaxtı onunla birlikdə keçirsinlər. Parisi gəzib, gecə restoranlarından birinə gedəcəkdilər.
Turistlərin proqram üzrə gəzintisi bitdikdən sonra axşam Brüsselli ekspeditor gəldi. Turist dəstəsindən bir neçə cavan ona qoşulub getdi.
Qədim fanarların azacıq işıqlandırdığı Plas-Piğalın alatoran daldalarından birində maşından düşən kimi onları gecə klubunun qapıçıları qarşılamış, Parisin meyxanalarında başlayıb səhərədək sürən işrət məclisinin qoynuna düşmüşdülər. İfrat rəqslər oynayan, üryanlaşan cariyələr, kişilərin boynuna sarılan, müştəri axtaran qadınlar, aşıb-daşan şampanlar... Rəhimin apardığı qonaqların hər birinin dizinin üstünə bir məşuqə qonmuşdu. Peşəsi insanları fikir-zikirdən ayırıb ehtiras oyatmaq, şəhvət duyğularını coşdurmaq olan fahişələr onların felinə düşmüş naşı qonaqların başına oyun açmışdılar.
Gecə klubundakı qonaqlıq, on nəfərin əyləncəsi böyük xərc aparmışdı. Oradan çıxanda Rəhimgili xidmətçilər qamarlamış, palto tutan, taksi çağıran, yan-yörədə fırlanan hər kəs kiçik bir buyruq üçün pul qopartmağa çalışmış, az qala ciblərini soymağa cəhd göstərmişdilər. Onlar Plas-Piğalda dava-şavadan birtəhər qurtarmışdılar.
Parisin dinc, mədəni gündüzünü görmüş qonaqlar üçün bu, gözlənilməz rəftardı. Sanki Rəhim də həmvətənlərini əyləndirməklə yanaşı, bir də bu aləmin qaranlıq üzünü, özgə sifətlərini göstərməkdən ötrü onları öyünəcəkli şəhərin hərcayi guşələrindən birinə aparmışdı.
"Rezidens-de-Mareşo"ya gecədən xeyli keçmiş qayıtdılar. Üç yoldaş lüks otaqda qalırdılar. Biri Rəhimlə yollanmış, professor hardasa ləngimişdi, deyəsən o, şəhəri təkbaşına gəzib-dolanmışdı. Üçüncü yoldaş Rəhimin qonaqlığına getməmişdi. Otaqda tək qalmış, yata bilməmişdi. Saat ikidən işləyirdi, səfər yoldaşı, dostu gəlib çıxmamışdı. Onun yad yerdə, əcnəbi ölkədə bu qədər yubanmağı nigaranlıq törətmiş, dostu acıqlandırmışdı.
Qapının zəngi basıldı. Qalxıb açdı. Yoldaşının qayıtdığını görüb işığı yandırmadan gedib yerinə uzandı. Gecikmiş yoldaş otağın işığını yandırdı. İşrət məclisinin sovuşmuş havası, qara-qurası baxışında dolaşırdı. Gördüklərini danışmaq, bunu da heyrətləndirmək həvəsindəydi. Lakin dostunun maraqlanmadığını görüb çilçırağı söndürdü, yatağın üstündəki şamı işardıb, soyunub yerinə girdi.
Heç biri danışmadı, biri o birini gözlədi. Nəhayət, başlandı:
- Sən nahaq getmədin.
- Meylim yoxdu.
- Nəsə başqa səbəb vardı.
- Bəli.
- Parisin gecəsiylə tanış olmaq üçün getmək lazımdı. Bir halda ki, o, Belçikadan buraya bizimlə görüşməyə gəlib, onun təklifindən boyun qaçırmaq yaxşı düşməzdi. Bilirsən necə oldu...
O, kövrək oğlandı, hər hansı nisgilli söhbətdən gözləri dolub yaşarırdı. Xaricdə onun qəlbi lap nazilmişdi.
- Rəhim başına gələnləri, taleyini bizə danışdı. Bir şeyi öyrənmək istəyirdi. Deyir, vətənə gəlmək istəyirəm. Görəsən, gəlsəm necə qarşılarlar? Səmimi söylədi. Deyir neyləyim, əsir düşmüşəm, açığı budur ki, nə yaralanmışam, nə də başqa cürə olub. Yaşamaq istəyridim.
Mühəndis isti otaqda ağırlıq eləyən yun adyalı sinəsinə endirib yastığa dirsəkləndi. qonşu çarpayıda susqun, gileyli uzanmış yoldaşına üz tutdu:
- Mən belələrini bağışlaya bilmirəm. Onların səmimiyyətinə inanmıram. Sənin dediyin kimi, onun özü boynuna alıb ki, əlimi qaldırıb əsir düşmüşəm. Nə üçün? Nəyin naminə? "Yaşamaq istəyirəm". Səmimi etirafdır. - Guya başqaları yaşamaq istəmirmişlər. İnanıram ki, döyüş meydanında faşizmlə üz-üzə vuruşmada həlak olanların qəlbindəki həsrət daha yüksəkdi. Onlar ömürlərinin son anına, son nəfəslərinədək doğma vətənə, doğma anaya, oğula, qıza, el-obaya qovuşmaq istəyilə çırpınıblar. Yox, müqəddəs həsrət, müqəddəsliklə qayıdanlara qismət olur. Bunun kimi "yaşamaq istəyənlərin" sayı çox olsaydı, allah bilir, Vətən nə kökə düşərdi. Silahı at, səngər yoldaşını at, sonra da get Avropada, Amerikada sağ qalmaq üçün bəlkə ən alçaq işlərə uy. Sağ qal, salamat qal. İndi qəlbində həsrət baş qaldırsın ki, satıb getdiyin vətən necədir, qohum-əqraban nə cür dolanır?
- Didərgindilər, yazıqdırlar. Onun özünü elə şən göstərməyinə baxma. Qulaq as, gör oradan çıxandan sonra necə oldu. Bizimlə qayıdıb mehmanxanaya gəldi. Çəkilib dəhlizdə oturdu. Birdən başını əlləri ilə qucaqlayıb hönkür-hönkür ağladı. "Siz məni xoşbəxt sanırsınız. Mən dünyanın ən bədbəxt insanıyam. Milyonum olsa da, bədbəxtəm". - dedi. - Mən kişinin belə ağladığını görməmişdim. Bədbəxtdir, didərgindir.
- Onlara didərgin demək doğru deyil. O sözdə bir faciə, günahsızlıq var. Tarixin amansız qasırğalarında diyardan-diyara düşən didərgin başqadır.
Otağın qapısı açıldı. Professor göy tuman-köynəkdə astanada göründü. Övladı yaşında cavanların qabağına alt paltarda çıxmağından çox, onun da gecənin bu vədəsinədək oyaq qalmağı təəccüblü idi. Kişinin ağappaq saçı ilə qapqara qaşları, diri, sayıq gözləri uyuşmur, onu ikiləşdirirdi. Aydındı ki, o da yatmayıb, cavan dostların öcəşməsini əvvəldən axıra dinləmişdi.
Professorun köksü qabardı. Elə bil dili tutulmuş və ürəyindəkini deməyə çətinlik çəkirdi. Boynu, çiyninin bir tərəfi çapıq-çapıqdı. Gənc dostları onun bədənində, qıçında və qarnında şırımlar, güllə-çarpanaq yerlərini görmüşdülər. Bunlar ötmüş müharibənin izləriydi.
Professor sızıldayırmış təki dindi:
- Sən haqlısan. - O, qonaqlığa getməyən yoldaşının hərəkətini bəyəndi və yenə də ona üz tutdu:
- Amma inan ki, Rəhim də bədbəxtdir. Bədbəxt. Bədbəxt adamla necə rəftar edəsən?
Ertəsi gün nə dəhlizdə, nə mehmanxananın restoranında Rəhimə rast gəlmədilər. O, Brüsseldən onunla gəlmiş dostunu və saxladığı qızı buraxıb, Parisdən çıxıb getmişdi.

MARSEL - VARLANMAQ İSTƏYİ

Marselə axşam düşürdü. Təbaşir daşı təki ağaran İf adasının üzərində günün son şölələri qızarırdı. Gecədən dənizə çıxmış balıqçılar sahilə dönmüşdülər. Qayıqlar bulvarın səkisinə söykənmişdi, elə bil xiyabana çıxmaq üçün dartınırdılar. Marsel balıqçılarının evi-daxması, həm də iş yeri olan qayıqlar cürbəcürdü; irisi, xırdası, təzəsi - rənglisi. Eləsi də vardı, illərdən bəri dalğalarla çarpışmaqdan, küləklərlə güləşməkdən heydən düşmüşdü.
Aralıq dənizinin bu səmtdə durulan dalğaları hərdən səkiyə çırpılır, ətrafa damcılar sıçrayırdı.
Qayıqlar astaca yırğalanırdı. Onların içində ayaq üstə dayanmış balıqçılar elə bil suyun üzündə yox, quruda idilər. Qayıqlara, bulvarın səkisinə dənizdən əldə edilmiş qənimət yığılmışdı. Kimininki az, kimininki çox. Xiyaban boyu yığılmış azuqəni görən deyərdi: burada Aralıq dənizinin bütün neməti - sudan nə götürmək mümkünsə - hamısından var. Zoologiya kitablarındakı şəkillər təki cürbəcür balıqlar, həşərat qismi, xərçənglər, dəniz kələmi.
Balıqçılar ailəliklə qayıqda idilər. Torları dor ağacına sərib qurudur, yamayır, kişilər qayıqda xırda kayutlarda dincəlir, qadınlar alıcı çağırırdılar. O başdan bu başa səslər qopurdu. Yoğun gövdəli, sağlam, qırmızı sifətli Marsel balıqçıları Jan Qabenə oxşayırdı. İstiqanlı ər-arvadı onlardan bəridəki qayıqda yaşlı qadın oğlu ilə, daha iki qayıq və qayıqdakı tək qız görünürdü.
Xırıltılı, qalın kişi səsləri, müştəri haraylayan qadın sədalarına qarışıb axşam bazarının küyünə dönmüşdü. Başdan birinci qayıqdakı qızın asta, utancaq çağırışı da eşidilirdi. Deyəsən o, başqaları kimi müştərini ucadan səsləməkdən sıxılırdı. Onun qayığı əlverişli yerdə dayanmamışdı; sahil boyu tikilmiş kiçik, qəşəng kafelərlə üz-üzə idi. Kafelərin hamısının qabağı şüşə idi. İçəridəkilər yeyib-içir, Aralıq dənizinin qürub mənzərəsinə, şəhərə tamaşa edir, xiyabanda, səkilərin üstündə axşam bazarındakı alış-verişlə əylənirdilər.
Aşağıdakı balıqçılar alıcını daha ucadan səsləyirdilər. Orada adam çox, gurdu. Axşam bazarına çıxmış Marsel fəhlələri, təzə balıq almaq istəyən orta təbəqə açıq bazarın yanına - kafelərdən aşağı yönəlir, oradakı qayıqların qabağında dayanırdılar.
Bu yan gəzinti üçündü. Alıcılar, Marselin yoxsul vətəndaşları kafelərdə əyləşənlərin gözünün qabağını kəsmək istəmir, ya da kiçik bazarlıq etməkdən sıxılırdılar.
Bəlkə sahil səkisi balıqçıların arasında qarış-qarış bölünmüşdü, hər qayığın öz yeri, dayanacağı vardı. Beləliklə, guya hamıdan başda dayanmış balıqçı qızın duracağı çox qənşərdi və bu iş üçün qətiyyən uyğun deyildi. Onun müştərisi, demək olar ki, yoxdu. Səsini ucaldıb, haray çəkə bilmir, aydın və təmiz tələffüzlə çağırırdı:
- Müsyö, dö frank. Müsyö, sil vu-ple!
O biri balıqçılar ötüb gedəni saxlamaq, müştərini cəlb etmək üçün əllərini yelləyir, uzun səki üzərində düşmüş balıq bazarında fransız dilli, xoş və lətif çağırış qopurdu.
Səkidə, qayıqların içərisində asma, avtomat tərəzilər işləyir, müştərinin seçdiyi, könlündən keçən balıq, kələm, özgə dəniz neməti çəkilir, balıqçı pulunu alır, müştərini qılıqlayıb nəzakətlə yola salırdı ki, sabah yenə də onun qayığına, onun bazarına gəlsin.
Marsel bulvarının bircə xiyabanı var: dənizaltı yolun yaxınlığından başlayaraq, ucqardakı limanadək uzanır. Şəhərlə dənizi ayıran da bu xiyabandı. Sahil yamacını bütünlüklə binalar, kaşanələr tutub. Dağ güneyində arxabaarxa mərtəbələnib ucalan imarətlər o qədər sıx, qovuşuq görünür ki, sanki bunlar bir-birinin üzərində tikilmişdir. Marsel bu mənzərəsi ilə saysız-hesabsız pəncərəli bütöv bir evə bənzəyən Dağıstan aullarını xatırladır. Lakin Marsel aul deyil, üçmilyonluq şəhərdir. Dorsuz qayıqda tək dayanmış balıqçı qıza isə, üç milyondan hər axşam beş-onca nəfər lazımdı ki, onu kafelərin qarşısında dayanmaqdan və sıxıntı içərisində müştəri səsləməkdən qurtarsın.
- Müsyö, dö frank!
Bu sözləri qız da deyirdi. Onun dilində bu kəlmələr müştəri çağırışına bənzəmir, bazar ləhcəsinə oxşamırdı. Elə bil o, həmkarların, qonşu qayıqçıların söylədiyi sözləri sadə bir mahnıya çevirmişdi, bu mahnı ilə bazardan ayrılırdı.
- Müsyö, dö frank!
Solğun don geymişdi. Beli zərif, nazik, qıçları qolları şümaldı. Üzdən o da marsellilər kimi buğdayı idi. Sifətində azacıq allıq vardı. Bilməzdin utandığından, yoxsa dəniz havasındandı. Donu dizlərindən aşağı idi, ucuz corab geymişdi. Corabının bir-iki yerdən ilmələndiyi sezilirdi. O özü balıqçı idimi? Yoxsa ata-anası bütün gecəni səhərədək dənizdə əlləşdikdən sonra yorğun düşmüşdülər; evdə, ya da elə qayığın daxma kayutunda dincəlirdilər ki, sabahı yenə dənizə çıxsınlar? Əldə etdiklərini satmağı qızlarına tapşırmışdılar? Bu da onun işi idi?
Avropada maksi təzəcə dəb düşmüşdü. Parisdən sonra Marselə yayılmışdı. Marsel məşuqələrinə üst-baş, cazibədarlıq daha çox lazımdı. Körpülərdə, limanlarda nə qədər gəmi dayanmışdı. Üstlərində uzaq ölkələrin bayraqları yellənən gəmilərin heyəti, matroslar, aylarla sudan özgə heç nə görməyən okean dənizçiləri Marselə yan almışdılar. Onlar iki-üç gün qalacaqları şəhərdə yığılmış ehtiras və istəklərini sovmalı, kef çəkməli idilər. Marselin qartalburun, irigöz, at yallı pəriləri bu istəyi duyur, qiymətləndirirdilər.
Topuğa uzanan qara mövsüm paltosu geymiş, dənizçi düymələrinə oxşar iri, qızılı düymələri reklam təki yanan mələklər sahilin sərin mehində xumarlana-xumarlana gəzinir, alıcı baxışlarının toruna düşən ov arzulayırdılar.
Balıqçı qız onları da görürdü. Könlündən nə keçirdi? Evdə bunun da son dəbdə geyimi, maksi paltosu vardımı? Onun qayığı ilə sahildəki gözəl kafelərin arası beşcə addımdı. Ucsuz-bucaqsız dənizdə yollar yormuş bir qayığın sakini o beşcə addımı keçə bilərdimi? Orada, o kafelərdən birində asudə əyləşib, dənizə və balıq bazarına tamaşa etsin; yoxsa bu aləmin, bu dünyanın əzizi yalnız qartalburun, alıcıgöz məşuqələrdi? Sahil xiyabanında azad-arxayın gəzib-dolanmağa yalnız onların ərki çatırdı.
Balıqçı qız yalqız qağayı kimi cükküldəyirdi:
- Müsyö, dö frank! Müsyö, sil vu ple!

EKS-YOXSULLUQ İSTƏYİ

Marseldən yetmiş kilometr aralı, yüksəkdə tikilmiş Eks-Provansda varlılar yaşayırlar. Marsel milyonçuları, tərsanə və liman sahibləri, şirkət yiyələri işdən sonra yaylaq şəhərinə gəlir, səhərlər bir də Marselə qayıdırlar. Günortadan sonra, iş günü bitər-bitməz zənginlər, kübarlar "Sitroen", "Reno", "Mersedes", "Tunis" maşınlarına əyləşib səs-küylü, izdihamlı Marseldən çıxır, Eksə can atırlar. Bu yol hər gün iki dəfə - iş başlayanda və bir də iş qurtaranda maşın karvanının altında itir.
Hamar ağ daşlardan tikilmiş qəsrlər, imarətlər Parisin kaşanələrindən geri qalmaz.
Gündüzlər Eks-Provans boşalır, binaların yuxarı mərtəbələrinəcən ucalıb onlara qovuşmuş şabalıd ağaclarının yarpaqsız budaqlarında quşlar oxuyur. Kübar ailələr gündüzlər şəhərə, küçəyə çıxmır, villalarda dincəlirlər.
O axşam Eksə axan maşın karvanı sovulduqdan sonra "Neqr Kost" mehmanxanasının qabağında dayanan avtobusu girişdəki barın xoş sifətli xidmətçisi qarşıladı. O, qarayanız turistlərdən iki-üç nəfərini Provansın elə bil gün şüasından süzülmüş kəhrəba şərabına qonaq elədi.
Axşam düşəndə, qaranlıq qatılaşanda Eks-Provansın balkonları qara naxışa bənzəyən imarətləri, evləri bir xeyli də bəyazlaşdıqca buranın sakinləri şəhərə çıxırlar. kafelərdə, restoranlarda yeyib-içmək başlanır.
Turistlər də axşamüstü gəzməyə çıxır, sanki pənbə buludlardan qurulmuş Eks-Provansın sakit meydanlarında, dupduru sular oynayan fəvvarələrin dövrəsində dolanan kütləyə, onların davranışına, oturub-duruşuna tamaşa edirlər.
Həmin gecələrdən birində "Dörd pinqvin" meydanındakı kafedən bir dəstə gənc çıxdı. Dörd qız, dörd oğlandı. On yeddi-on səkkiz yaşlarında yeniyetmələrdi. Əyinlərində cins şalvar, toxunma jaketlər, saçları uzun və dağınıqdı. Onlar kefiköklüklə kafenin önündə saxladıqları maşınlarına yönəldilər. Maşınlar da onların yeniyetmə yaşlarına uyğundu; iki-üç yerli, yığcam, yüngül. Qapıları açıb "arabalarına" minmək istəyəndə oğlanlardan biri dayandı. Yaxında, şabalıd ağacının dibində qoyulmuş iri qutuları gördü. O, dostlarına işarə elədi.
Qutulara ağzınadək ayaqqabı qalanmışdı. Yəqin, bunlar kafenin cərgəsindəki şüşə vitrinli ayaqqabı mağazasındandı. Güman ki, yararsız sanıb küçəyə qoymuşdular ki, zibildaşıyanlar gəlib aparsınlar. Kübar oğlan və qızlar maşından düşüb iri qutuya yaxınlaşdılar. Bayaqkı oğlan qutudan bir cüt uzunboğaz çəkmə götürüb qaldırdı. Dostlarına göstərdi. Köhnə ayaqqabını başına dolandırıb, ehtiram və səxavətlə yanındakı qıza təqdim etdi. O birilər də irəli cumub qutuları qamarladılar. Uzunboğaz, qısaboğaz, dabanlı-dabansız, perlamutr ayaqqabıları götürüb yuxarı qaldırır, fənərin işığında parlayan nimdaşları yoldaşlarına göstərir, oradaca sevgililərinin ayaqlarına yaxınlaşdırır, ölçür, bağışlayır və gülməkdən uğunurdular. Sanki ömürlərində ayaqqabı görməmiş, geyməmişdilər.
Onlar gülə-gülə, bir-birini oxşayaraq maşınlarına mindilər. Dəli sürətlə tərpənib Eksin özgə guşələrinə yollandılar.
Milyonçu balaları yoxsulluğun həsrətini çəkir, onun sevincini bircə kərə dadmaq istəyirdilər.

İNTİHAR ÜÇÜN YER

Yaxındakı meyvə dükanında bir mehriban oğlan çalışırdı. Onu hər gün avtobusa minib gəzməyə çıxanda görür, salamlaşırdıq. Biz mehmanxanaya qayıdanda, o, dükanın önünə yığdığı qutuları içəri daşıyır, ya da mal qəbul edirdi. Mərakeşli idi, fransız dilini bilirdi. Bir dəfə onunla yaxından tanış olmaq üçün dükana gəldim. Yaşayışını, dolanışığını soruşdum. Bizi dilavər bələdçinin söylədiklərindən başqa, Parisi həm də onun "dibindəki" insanların gözü ilə görmək istəyirdim. Mərakeşli oğlan mənə bir hadisə danışdı:
Onun bir dostu vardı. Sanlazar vağzalını süpürürmüş. "Martini" reklamından bu yana, vağzalın pillələri, meydan və səkilər, altından qatarların keçdiyi körpüyə - Çili küçəsinədək onun sahəsi idi. Paris fəhlələri səhər sübhdən Sanlazar vağzalına, metroya yönəlir, işə yollanırdılar. Onlardan qabaq Senanın sularına səhərin ilk işartısı düşəndə oğlan çalğısı ilə iş yerində hazır olurdu.
O, vətəni Tunisdən Fransaya bir ildi gəlmişdi. Anası, arvadı və ilkisi orada qalmışdı.
Tunisli oğlanı iri panel kombinatında işə götürmüşdülər. Bir həftə keçmiş nəzarətçi mühəndis bölmələri dolanıb getdikdən azacıq sonra beton divarların cilalandığı yerdə çalışan fəhləni kabinetə çağırtdırmışdı. Onu yarıtmadığı üçün işdən dərhal azad etmişdilər.
Əli hər yerdən üzüldükdən sonra tunisli, Sanlazar vağzalında süpürgəçiliyə razı olmuşdu.
Parislə ilk görüş, ilk günlər ona bu şəhərə nə məqsədlə gəldiyini az qala unutdurubmuş. Tunisli oğlanın möhtəşəm şəhərdə fikir-xəyalını hər şeydən çox cəlb edən Eyfel qülləsi idi. Qüllə ox təki göyə tuşlanmışdı. Bu qüllə tunisli oğlana ucalıq rəmzi kimi görünürmüş. Hər dəfə ona baxanda özünü yüksəklərdə zənn edirmiş.
Senanın payız otları təki göyərən və saralan narın səthinə baxa-baxa oğlan Eyfel qülləsinə can atirmış: Bir gün evə ürəyincə pul göndərdikdən sonra Eyfel meydanına gələcək. Çəmənlikdə gəzəcək, liftlə qüllədəki restorana qalxacaq. Parisdə olduğu müddət heç olmasa, bir kərə iqtidarlı, zəngin adamların əyləşdikləri restoranda yeyib-içəcək. Orada, qüllənin ən uca meydanında dolanıb Parisə tamaşa edəcək.
Arvadına yazdığı məktublarda Parisi ürəkdolusu tərifləməkdən özünü güclə saxlayırdı. Mühacir fəhlələrin yataqxanasında uzun-uzadı məktublar yazan yoxdu. Vətəni, ailəni qoyub qazanc və dolanışıq imkanı tapmaq üçün buraya üz tutmuş hər kəsin başlıca təsəllisi şəxsi hesaba toplanan frankdı. Ailə, uşaqlar nağılvari məktublar yox, pul gözləyirdilər. O da əcnəbi ölkəyə vətəndə qalmış ailəsinin yaşayışını təmin etmək üçün gəlmişdi.
Oğlan dünya şəhərlərinin ulduzu sayılan Parisdə yaşayanların hamısını özündən xoşbəxt sanırdı. Bu duyğu günbəgün onu "bədbəxtliyin sərhədi"nə çəkirdi.
Hər səhər onun yanından, dövrəsindən keçib minlərlə adam dəyirman boğazından axırmış kimi vağzala düşürdü. Axşam elə bil orada, daşların arasında üyündükdən sonra geri sovrulurdular. Adamların heç birinin baxışında, rəftarında ünsiyyət əlaməti görməmişdi.
Konkord meydanına, Yelisey boyu, Bulon meşəsi səmtlərdəki imarətlərə yana-yana göz dikmiş, könlündən nələr keçmişdi.
Eşitmişdi ki, Parisdə həyatdan bezib özünü Senada boğanlar çox olub. Eyfeldənsə üç yüz nəfər atılıb özünü həlak etmişdir. Onlardan yalnız üçü salamat qalmış, intihar baş tutmamışdı. Tunisli mühacir anlaya bilmirdi ki, bu dünyada özünü öldürməkdən savayı çıxış yolu olmayan insan nə üçün Eyfel qülləsinin ən yuxarı mərtəbəsini seçir. İntihar üçün başqa yer, özgə vasitə tapılmırmı? Elə bir guşə ki, kimsə səni görməsin. Ölümündən bir insanın xəbəri olmasın. Orada anan və uşaqların ömür boyu səni gözləsinlər.
Tunisli mühacirin Parisdə bircə dostu vardı. Bir səhər vağzaldan şəhərə çıxan qıvrımsaç oğlan ona yaxınlaşmış, maraqlanmış, tanış olmuşdular. Qıvrımsaç oğlan mərakeşli idi. O, vağzal xidmətçisinə ünvanını vermişdi. Süpürgəçi "Rezidens de Mareşo" mehmanxanasının yaxınlığındakı meyvə-tərəvəz dükanında işləyən mərakeşlinin yanına bir neçə dəfə getmişdi.
Bu gün də getməli idi. O, Parisi tərk etmək qərarına gəlmişdi. Amma vətənə qayıtmağa bilet pulu yoxdu.
Şeylərini çantaya yığdı. Gəlib Sanlazarın asfalt döşənmiş geniş, qabarıq körpüsündə dayandı. Məhəccərdən xeyli aşağıda qətran suvanmış torpağın üzərinə saysız-hesabsız dəmiryol xətləri döşənmişdi, xeyli baxdı. Burada, vağzala girişdə bir-birini kəsən xətlər qətl baltası təki parlayırdı. Bu xətlər ona hər gün səhər-axşam gördüyü kütləni xatırlatdı.
Oradan "Rezidens de Mareşo" səmtə yönəldi. Çili küçəsində avtomobil satan mağazanın qabağında ayaq saxladı. Geniş şüşədən içəri görünürdü. "Reno" avtomobillərinin qırmızı, göy, narıncı rəngli təzə modelləri mancanaq üstə fırlanır, par-par parlayırdı.
Mərakeşli dostu banan, narıngi yığılmış qutuları dükana daşıyırdı. Dükan sahibi yoxdu. Alış-veriş qurtarana yaxın iki-üç nəfər gəldi, meyvə alıb getdilər.
Onlar əyləşib əhvallaşdılar. Mərakeşlinin vəziyyəti nisbətən yaxşı idi. Səkkiz ildi Parisdə yaşayırdı. Bura qədər Marseldə işləmişdi.
Tunisli dedi:
- Paris gözəl şəhərdir.
Dostu təsdiq etdi:
- Amma onun gözəlliyi hamını fərəhləndirmir. Bu şəhərə gələnlərin və burada yaşayanların hamısı xoşbəxt olsaydı, gözəgörünməz bədbəxtlər bir yana, Eyfel qülləsindən üç yüz insan özünü atıb həlak etməzdi.
- Anlamıram ki, özünü həlak etmək istəyənlər neyçün gərək oraya dırmansınlar.
Mərakeşli dedi:
- Parisdə yaşayanların hər biri ömrü boyu heç olmasa bir dəfə özünü Eyfeldən atmaq dərəcəsinə çatıb, ya da bunu xəyalından keçirib.
- Eyfel də şəhərin hər yerindən görünür. Elə buna görə də varlığı bu böyük kütlə içərisində itən, müsibəti, acınacaqlı həyatı kimsəni maraqlandırmayan çarəsizlər Parisə axırıncı dəfə Eyfeldən tamaşa etdikdən sonra özlərini həlak ediblər. Yalnız o zaman milyonlarla insan yaşayan şəhər bir nəfərin - o ana qədər tanımadığı insanın taleyi barədə azacıq olsa da düşünüb.
O, dostu ilə vidalaşdı. Senanın sahilinə üz tutdu.
Dayaqları torpağa pərçimlənmiş qüllənin dövrəsində, otlu cığırlarda Paris sakinləri itli, itsiz gəzinir, Senanın sərin nəfəsi, Bulon meşəliyinin ətri duyulurdu.
O, beş frank verib bilet aldı. Lift dolu idi. Beş-on dəqiqədən sonra burdakı adamlarla özü arasında yaranacaq fərqi duyurdu. Qutu, içərisindəki kütləni füsünkar şəhərin üzərinə qaldırırdı. Dairəvi pəncərələrdən Paris görünür, itir və getdikcə dərinə düşürdü. Burdakı bir insan üçünsə ara-sıra yox, əbədi itəcəkdi. Təkcə ümid bağladığı şəhər deyil, bütün dünya itəcəkdi. O dünyaya yollanan qutu onu ömrün elə yüksək zirvəsinə qaldırırdı ki, oradan taleyinin ən dərin uçurumu görünəcəkdi.
Lift-kabinə ikinci mərtəbədə dayandı. Buraya qədər hündürlük yüz əlli metrdi. Oradan yuxarı qaldırmadılar. O, bu mərtəbədəki meydançaya hamıdan sonra çıxdı.
Qələbə tağından dörd yana oxlanan küçələr, südrəngli imarətlər, çay və onun üzərindəki körpülər bir-birinə bitişmiş, qovuşmuş təki görünürdü.
Meydançadakı adamlar seyrəldilər. O, dolanmağa başladı. Monmartr tərəfə, Bulon meşəliklərinə, qatar-qatar binaların arasından sükunətlə axan Senaya diqqət yetirdi. Meydanın kənarına yaxınlaşdı. İndi başa düşdü ki, qüllənin yüksək meydanının dövrəsincə iki adam boyu hündürlükdə dəmir tor çəkilmişdir. Bunu ona görə eləmişdilər ki, intihara yol verməsinlər. Parisin yüksəklik rəmzi - Eyfel qülləsi ölüm düşüncəsindən uzaq olsun.
Tunisli mühacir burma pillələrlə yuxarı dırmandı. Orada da meydanın kənarlarına tor çəkmişdilər. Daha burdan yuxarı qalxmaq mümkün deyildi.
Fəhlələr iri kranı dolandırıb qülləni təmir edirdilər.
Tunislinin gözləri Senaya və çayın körpülərinə dikilmişdi... Qaranlıq qatılaşanda Senaya düşüb boğulacaq mühacir, Parisin ən uca nöqtəsindən atılıb intihar edənlərə həsəd aparıbmış.

PARİS NOTRDAM KİLSƏSİNDƏ TOP ATƏŞİ

Bu istiqanlı adamın "Rezidens Mareşo"nun dəhlizində, küçədə gəzişəndə, yerişində məzəli bir ötkəmlik, sərbəstlik vardı. İşgüzar, səmimi və ürəyi təmiz adamdı. Səfər müddətində bir sıra ciddi məsələlərdə sağlam və möhkəm mövqedə dayanırdı. Bu üzdən o, dəstədəki müsafirlərin hamısından seçilirdi. Bizim ağbaş, "dəmir professorumuzu" nə dükan maraqlandırırdı, nə alış-veriş. Onu bu ölkəyə gətirən duyğular başqa idi. Professor elm naminə məktublaşıb əməkdaşlıq etdiyi bir neçə alimlə burada, Parisdə şəxsən görüşməyə nail olmuşdu. Elmi fəaliyyətlə yanaşı, xarici ölkədə professorun başına qəribə əhvalatlar gəlirdi. Onun barəsində "xarici lətifələr" yaranmışdı.
Professor papiros çəkmirdi. Gəzdikləri şəhərlərdə, düşdükləri mehmanxanalarda otaqlar bölünərkən tək yer olmayanda, professor əksərən iki cavanla bir düşürdü. Hər ikisi onun keçmiş tələbəsi idi. Onlara ərki çatırdı. Professor onlardan dönə-dönə xahiş etmişdi ki, otaqda qətiyyən papiros çəkməsinlər. Tüstüdən başı gicəllənir, nəfəsi təngişirdi.
Bir axşam professorun dəvət etdiyi parisli şərqşünaslar gəlmişdilər. Professor onları mehriban, kövrəlmiş qarşıladı.
Qonaqların bir qismi payandaz döşənmiş ensiz, burma pilləkənlə, bir neçəsi də darısqal liftlə üçüncü mərtəbəyə, otağa qalxdılar. Professor nömrədə iki cavan dostu ilə qalırdı; yataq otağında cavanlar, girişdə isə o. Içəri girəndə iki cavan dostun ağızları açıla qaldı. Professor kiçik otaqda bir dəsgah qurmuşdu ki, gəl görəsən. Masanın üzərində allı-güllü ipək süfrə çəkilmişdi. Azərbaycanın qədim təkəlduz işlərindəndi. Bu örtüyü o ya qadınlardan almış, ya da özü oradan, vətəndən hər ehtimala qarşı gətirmişdi. Qərib yerdə adamın gözünə lap matah görünən nemətlər düzülmüşdü; şəkərbura, paxlava, qoğal, iki şüşə "Göy-göl", "Azərbaycan" konyakı; bir də neçə qutu siqaret - təəccüblü burası idi. Dünyada hər şeydən artıq papiros tüstüsündən zəhləsi gedən professor canını dişinə tutub başıbağlı qutuları ortaya çıxartmışdı.
Şirin söhbət gedir, yeyir-içir, vətən və millət, elm adına sağlıqlar söyləyir, hərənin əlində bir siqaret tüstülənirdi.
Professor əziz qonaqlara onun otağında papiros çəkməyi nəinki qadağan etdi, bunu heç dilinə gətirmədi. Hərdən qalxır, həyətə açılan iri pəncərəni azacıq aralayırdı ki, tüstü çıxsın. Əziz qonaqlar sıxılmasın deyə o, bu tədbiri elə görürdü ki, duymasınlar. Pəncərədən eşiyə duman sovulurdu.
Nəhayət, ülfət-ünsiyyət elə şirinləşdi ki, professor qarlı dağ təki çən-dumanda itdiyini, parça-parça tüstü udduğunu unutdu.
Məclis gecəyarısı bitdi. Qonaqları yola saldılar. Otağa qayıdanda professor gördü, cavan yoldaşları pəncərəni taybatay açıb otağın havasını təmizləyirlər. Professor onların qayğısına minnətdarlıqla gülümsədi, köksünü qabardıb cavanlara üz tutdu:
- Mənə bir siqaret verin.
Ona siqaret verdilər. Naşıcasına dodaqları arasına qoydu. Alışqan çaxdılar, professor siqaretini yandırdı və tüstülətdi.
Sabahdan başlayaraq o, darıxanda cavanlara yanaşır, siqaret istəyirdi.
Paris Notrdam kilsəsinə baxmağa gedirdilər. Paltolar küncdəki "qırxayaq" asqıda idi. Səhər yeməyindən sonra hər kəs oraya yönəlir, üst-üstə qalaqlanmış paltoların, kürklərin arasından özününkünü tapıb geyirdi. Bu iş hər səhər təkrar olur və hər dəfə də professor asqıya çatıb paltosunu "qırxayağ"ın caynağından çətinliklə qoparanda yaxındakılar qırağa çəkilirdilər. Professor poladdan, çuqundan tökülmüş kimiydi, əyilib, burula bilmirdi. Qolları da dəmirdənmiş təki qatlanmırdı. O, paltosunu geyəndə başının üstdən fırladırdı. Boynu qaragül dərili, ağır drap palto fırlanarkən professor qolunu onun "lağımına" keçirirdi. Vaxtında xəbər tutub çəkilməyən xanımlardan, kişilərdən neçəsi professorun paltosunun altında qalır, əl-ətəyinin zərbəsi tuturdu. Yenə bu minvalla geyinib küçəyə çıxdılar. "Mersedes" gözləyirdi, minməyə başladılar. Maşının qapısından qalxanda professor pillədə özünü saxlaya bilmədi, geri düşdü, kimsə ufuldadı.
Notrdam kilsəsinin yaxınlığında avtobusdan düşüb oraya piyada getdilər. Qarşıdan iki qız gəlirdi. Bir addım kənara çıxmaq, geri baxmaq professor üçün çətindi. Həmişə düz-dönməz gedirdi. Onda gördük, irəlidən gələn qızlardan biri kos təki kənara tullandı. Heyrətdən qızın gözləri oynadı, ötüb-keçən gödək, dolu kişiyə zilləndi.
Zərif və məlahətli Paris qızı güman edibmiş ki, qarşıdan gələn "müsyö" mütləq iltifat göstərib ona yol verəcək. Ancaq haradan biləydi ki, bizim "dəmir professorumuzu"n əyilməklə, yoldan sarpmaqla arası yoxdu.
Notrdam kilsəsinin astanasında dayandılar, nəfəslərini dərdilər. Məbəddə gözlənən ümumi tələbə əməl edərək səssizcə içəri girdilər.
Həmin günlər Fransaya, onun paytaxtına və əyalətlərə zökəm yoluxmuşdu. Moskvada da zökəm vardı. Paris mağazalarındakı satıcılar, ictimai yerlərdəki xidmətçilər ağız-burunlarını cuna ilə sarıyırdılar. Bu həm qorunmaq, həm qorumaq üçündü. Bununla belə küçədə, mehmanxanada öskürüb-asqırana rast gəlmək olmurdu.
Dəstə müqəddəs, əzəmətli kilsəyə daxil olarkən ayin icra edilirdi. Mehrabda ayaqlarının burnuna qədər uzun, qara libas geymiş ucaboy, nüfuzlu keşişin başçılığı ilə bir gənc mömün ruhaniliyin hansı rütbəsinəsə qəbul edilirdi. Kilsənin deyəsən bütün ali zümrəsi buraya toplaşmışdı.
Səyyahlar qaranlıq salonun təmiz silinmiş, qara şölə saçan ağır, zağlı oturacaqlarının arasındakı keçidlərlə yeriyir, məbədin içqurumunu müşahidə edir, arabir ilk dəfə rast gəldikləri dini-inzibati tədbiri izləyirdilər.
Kilsənin göy kimi yuvarlaq qübbəsindən, tağbənd pəncərələrdəki qırmızı, abı, narıncı şüşə naxışlardan qövs-qüzeh süzülürdü. Sanki dünya işığı yox, uşaqların evcik oynadıqları rəngbərəng şüşə ciliklərinin şəfəqi idi. Nəm, rütubət arabir vurur, elə bil ki, o dünyadan, axirətdən acı və kəsif qoxu gəlirdi.
Məbəddə, salonun sol yanında divar boyu uzun köşk qurulmuşdu. Orada hər iki dünyanın əməlləri, kiçik hədiyyələr satılırdı. Müsafirlər divarlardakı təsvirlərə, rəsmlərə baxıb, ikibir-üçbir köşkə yönəlirdilər.
Professor tək dolanır, kimsəyə məhəl qoymadan yalnız onun diqqətinə çatan nöqtələrə sirli-sirli baxır və guya təsadüfən gəlib başqalarının dayandığı yerlərdən keçir, onların baxdıqlarına fikir vermədən ötürdü.
Kilsədə milçək uçsa vızıltısı eşidilərdi. Dua pıçıltıları ilahi sükutu dərinləşdirirdi.
Səssiz filmlərdəki kimi dinməz-söyləməz dolanıb, hədiyyə köşkünün önündə düzüldülər. Köşkdəki satıcı altmış beş-yetmiş yaşlı nəcim, nəzakətli fransız qarısı idi. Ağzına təmiz, ağ yaylıq tutulmuşdu. Alıcıya cavab verərəkən yaylığın altından dillənirdi. Görünür, özünü zökəmdən qoruyurdu.
Köşkün önündə cərgələnmiş dəstə gah sağa, gah sola çəkilir və hər dəfə bir-iki nəfər qarı ilə üz-üzə gəlirdi.
Professor qadınla qabaqlaşdı. Ensiz arakəsmə arxasındakı qarı ilə üz-üzə durdu. Kişi ondan heç nə soruşmadı, doluxsundu. Gözləri qırpınmadan qarının gözlərinə dikildi. Çöl toppuzu təki cod, çal saçının büsbütün əksinə-zil qara, gəlimli qaşları dartıldı, sinəsi qabardı, şişdi. Birdən kilsədə elə bil top atıldı. Qarının düz sifətində partlayan gurultunun sədası məbədin dərin qatlarında dalğalandı. Mehrabdakılar diksindilər, ayin icrası bir-iki an kəsildi.
Qarı arxasındakı vitrinə yapışmışdı. Professor asqırmışdı.
O, kilsədə qopardığı gurultunun bu aləmdə necə qarşılandığı, necə rəy doğurduğu ilə əsla maraqlanmadan dönüb getdi.

APATRİ

Bukinist əmi Sankt-Peterburqda "Müqəddəs qızlar" məktəbindən, Nərimanovla görüşdüyündən, o illərin adlı-sanlı adamları ilə tanışlığından söz açır, keçmişi həzin və kövrək duyğularla anırdı. Fağır adamdı. Onun köhnə kitablar satılan dükanı Senanın bir körpüsünün üstündə, ağacdan qayrılmış evcikdi. Oranı görməyənədək həmvətənlərinin Məhəmməd kişinin dükanı barədə təsəvvürləri ayrı cürdü. Bukinist əminin mağazasını Parisin yar-yaraşıqlı, gözəl binalarında arayır, alışıb yanan reklamlarda soraqlayırdılar.
Yaşca Məhəmməd əmidən az kiçik olan ikinci şəxs Starsburq kollecinin professoru idi. Qıvraq, zirək, iti və cəsur baxışlı kişiyə qoca deməzdin. Əlli-altmış il bundan əvvəlki əqidəsi elə bil qurğuşundan tökülüb beyninə həkk olmuşdu.
İkinci gün Məhəmməd əmigil özləri ilə bir nəfər gətirdilər. Çənəsini bürümüş top, qısa, xurmayı saqqalı vardı. Qalın xurmayı bığları enib saqqalına qovuşmuşdu. Üzü tutqun, görünüşü qəmli idi. Göy gözləri quraqsımışdı. Boynu dərili, isti paltosunu və həmin dəridən tikilmiş moğol papağını çıxarıb dizinin üstünə atmışdı. Qəhvəyi məxmərdən pencək geymişdi. Enlikürək, möhkəm vücudlu adamdı. Bu, eşqlə, həvəslə qaynayan sağlamlığa az bənzəyirdi. Azərbaycandan gəlmiş adamların üz-gözünə baxır, danışıqlarını nisgillə, istiqanlılıqla dinləyirdi. Qonaqlar onun adını eşidib üzünü görmədiyi ölkədəndilər. Daha doğrusu, Vətəndən. Vətən - bu sözün arxasında nə dururdu? Bir kəlmə - dünyadakı bütün sirlərin sirri idi. Uşaq, böyüklərin dilindən eşitdiyi sözü necə təkrar edib höccələyirsə, onunçün də vətən beləcə anlaşılmaz, sehrli idi. Ara-sıra soruşulana cavab verir, qüssəli halda kürsüdə əyləşib dalğınlaşırdı. Xudahafizləşib gedərkən rəssam duruxur, tanış olduğu adamlardan ayrılmaq istəmirdi. Şəhərə çıxmaqdansa, buradaca "Rezidens de Mareşo"nun dəhlizindəki küncdə, yastı-yapalaq kürsüdə susub qalmağı üstün sanırdı.
Bir axşam rəssam Məmmədsəlim Turan xanımını da gətirmişdi. Hər ikisi türk dilində asta, az qala pıçıltı ilə danışırdı. Xasiyyətcə, təbiətcə bir-birinə uyandılar. Xanımı kuzəçi idi. Parisdə onların ayrıca sərgisi açılırdı.
Məmmədsəlim bir qədər əzgin, yorğun görünürdü. Səbəbini söylədi. Onlar Mon Parnas səmtdə kirayədə yaşayırdılar. Onun bir mənzilini tutduğu ev sökülürdü. Həmin evi o, bütünlüklə almalı, ya da mənzildən çıxmalı idi. Hara? Bir neçə ilə ödəmək şərti ilə evi bütöv almaq barədə ağır müqavilə bağlamağa məcbur olmuşdu.
Onların övladı yoxdu. Diyar-diyar gəzərkən bir-birinə ömür yoldaşı, ata-ana, bacı-qardaş olmalıymışlar.
O, hədiyyələrə, siqaret qutularına və şirniyyata doymadan nəzər salır və bəxşişi ehtiyatla, həyəcanla ciblərinə yığırdı. Guya siqaretlər çəkilib qurtarmayacaqdı. Uzaq vətəndə bişirilmiş şirniyyat - paxlava da yeyilib tükənməyəcəkdi.
Onun qəlbində vətən yeri boşdu. O, boşluğu ömrü boyu doldurmağa səy göstərmiş, lakin səmərə verməmişdi.
Rəssam, anasının bətnindəykən Azərbaycandan çıxmışdı. Valideynlərinin özlərini bir parçası sandıqları torpağı görə bilməmişdi.
O, vətəndən gəlmiş insanlarla ömründə ilk dəfə görüşürdü.
Turistlər sabah Parisi tərk edəcəkdilər. Sonuncu axşam onlar mehmanxananın yaxınlığında Sanlazar vağzalı, Leninqrad küçəsi səmtdə xeyli gəzindilər. Konkord meydanında dolandılar. Bastiliyaya yanaşdılar. Heyf ki, Qavroşun və onun balaca sevgilisinin içində gizləndikləri fili görə bilmədilər. Onu kim görmüşdü?
Sarı çiçəklər təki sayrışan, çıraqban olmuş "Yelisey çöllərinə" çıxdılar. Parisin həlim, mülayim axşam nəfəsini dərib "Rezidens Mareşo"ya qayıtdılar. Astanaya ayaq basan təki şüşə qapılar öz-özünə yanlara çəkildi. Dəhlizdə yalnız küncdəki ayaqüstü torşer közərirdi. Döşəməni örtən fərşə boğuq şölə düşmüşdü. Burula-burula qalxan dəmir pilləkəndən o tərəf, adətən nahardan sonra, gəzintidən qayıdarkən toxtadıqları mizin ətrafı, kürsülər bomboşdu.
"Qırxayaq" asqıdan bəridə, masaya dirsəklənmiş adamı professor hamıdan əvvəl gördü.
O, xeyli vaxt beləcə əyləşib onları gözləyirmiş.
Ayağa qalxdı, əl verib görüşdü. Onun qısa, qonur saqqalından, göy gözlərindən, qəlbindən, canından buxar təki havalanan hərarət qalxdı, gülümsədi. Birinci görüşdən bu yana professorun könlündən nə qədər keçsə də, Turanla təklikdə əyləşib doyunca söhbətləşə bilməmişdi.
Alaqaranlıq guşədə gecədən keçənədək üz-üzə əyləşdilər. Turan bacılarından söhbət saldı. Onlardan soraq verdi. Ataları Türkiyədə, sonra Fransada işləmiş, qürbətdə vəfat etmişdi. Bacılarının biri Londonda, o biri Amerikada yaşayırdı.
Yumşaq pəyandazla örtülmüş pillələrdə ayaq səsləri yığışandan sonra qalxdılar. Şəffaf qapılar itaətlə aralandı. Onlar mehmanxananın qarşısından ötən Çili küçəsinə çıxdılar. Sağ tərəfdə Yelisey çöllərinin atəşfəşanlığı parlayır, qırmızı, yaşıl, göy, sarı işıq reklamları qatmaqarışıq rəqslər oynayırdı.
Çisələyirdi. Göydən enən sısqa çisək "Yelisey"i bürümüş işıq füsunkarlığına düşərək əlvan ilğım təki səyriyir, guya göydən rəngli yağış yağırdı.
Rəssam, professordan ayrılırdı. Professorun da köksü sözlə dolu olduğundan, qabarmışdı.
O, dedi:
- Əsərlərinizi hədiyyə kimi vətənə aparacayıq. Qismət olsa, özünüz də gələrsiniz, danışdığımız kimi. Biz bunun üçün necə lazımdı çalışacağıq.
Turanın don vurmuş almatək qızaran yanaqları nəmləmişdi. Bilmək olmurdu çiskindəndi, ya ağlayır.
O, danışmadan, dinmədən əl verib çəkildi.
- Sabah mən də Marselə uçuram - dedi. - Arkaşonda universitetin sifarişini yerinə yetirməliyəm.
O, Yelisey xiyabanının işıqları parlayan səmtə deyil, sönük küçəyə yeridi. Çiyinləri titrəyirdi. Sarsıntıdan qurtarmaq, bunu üzə verməmək üçün qaranlığa can atırdı.
Professor onu çağırdı. Məmmədsəlim dayandı, ağır-ağır çevrildi. Hər ikisi bir də yaxınlaşdılar. Qocaman professor özündən bir qarış hündür Turana çatıb durdu. Qalın paltoda, qalın geyimdə çətinliklə qalxan qollarını qovzadı və barmaqları ilə gözlərini sildi. Rica etdi:
- Sabah buraya gəl. Bizi yola salarsan.
- Vaxt olsa,gələrəm.
- Gəl. Bizimlə də aeroporta gedərsən.
Ertəsi gəldi. Turistlər iki həftədən bəri doğmaca ev təki alışdıqları kiçik və rahat mehmanxananı tərk edirdilər. Yaxınlaşanda iltifatla yol verən şüşə qapılar açılır, mehmanxananın xidmətçisi sarışın, qıvrım saçlı oğlan restoranda qulluq etdiyi təki burada da onları dostyana yola salır, çamadanları, çantaları bayıra çıxarırdı. Qonaqlar onların ixtiyarına verilmiş "Mersedes" avtobusuna qalxır, otaqlarda, fərş döşənmiş dəhlizdə "qırxayaq"da nəyi isə unutduqlarını düşünərək maşına əyləşirdilər.
Rəssam, professor və onun iki gənc dostu hamıdan sonra mindilər. Arxada əyləşib Turanın səliqə ilə kağıza büküb bağladığı şəkilləri böyürlərinə qoydular.
Professor rəssamla bir də görüşəcəyinə deyəsən inanmırdı. Ümidi, təsəllisi oturacaqlara söykədikləri şəkillərdi. Rəssamı üzünü görmədiyi Vətənlə bu əmanətlər, şəkillər görüşdürəcəkdi. Cod saqqallı, qalın bığlı, ala-göyümsov gözlü, yalman saçı boynuna, qulaqlarının üstünə tökülmüş, pəjmürdə bir adamın surəti gözünün qabağına gələndə və professor onunla görüşmək istəyi ilə alovlananda başçılıq etdiyi muzeyin bir otağına gedəcək, şəkillərin önündə dayanacaq və apatri rəssamla görüşəcəkdi. O, heç bir yeri vətən seçməmişdi.
"Pari lö Burje" limanının salonlarında hava yollarına qalxacaq və yer kürəsinin haralarına üz tutacaq, müxtəlif geyimli, cürbəcür görünüşlü çoxlu insan dolanırdı.
Uçanları qeydə almağa başlamışdılar. Bir də onda ayıldılar ki, rəssamın onlara bağışladığı şəkillər yoxdur. Professorun bənizi qaçdı, dodaqları təpidi. Dostların, yadların yan-yana, üst-üstə yığılmış şeylərini, çamadanları alt-üst eləmək, hərəsini bir yana tullamaq və şəkilləri tapmaq üçün vurnuxurdu. Hərəsi bir tərəfdən düşüb salonu axtarmağa başladılar.
Nəhayət, əvvəlcə dayandıqları yerdə, oturacağın yanında necə qoyub unutmuşdularsa, orada da tapdılar. İş onda deyildi ki, onlar nə isə itirmişdilər. Rəssamdan xəcalət çəkmişdilər. Buradaca, hələ ayrılmazdan onun ən əziz əmanət təki həmvətənlərinə göndərdiyi şəkillər unudulub gözdən yayınırsa, bəs sonrası, aqibəti necə olacaqdı?!
Sərnişinlər keçiddən o yana, yalnız uçanların buraxıldığı salona adladılar.
Rəssam bu yanda qaldı. Keçidin ağac sürahisinə dirsəklənib baxır, salonda axışan kütlənin içərisində tanış insanları itirməməyə çalışırdı.
Bir azdan səmaya qalxacaqdılar. Bir-birini çətinliklə tapır, baxışları üzülürdü.
- Adyö, Pari!
Muzey direktoru professor Parisi yaxşı görə bilməmişdi. Amma bu şəhər ona vətənsiz rəssamın nəmli gözlərində parlayan kədər işığı ilə çox yaxın, bəlkə, doğma idi.

Избранный
30
kulis.az

1Источники