RU

Sədrəddin Soltan: İran-İsrail münaqişəsinin genişmiqyaslı olacağı ehtimalı azdır - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, dünən axşam İran ərazisindən İsrailə raket zərbələri endirilib. İsrail bu zərbələrin cavabsıq qalmayacağını, nəticəni Yaxın Şərqin görəcəyini deyib.

Baş verənlərlə bağlı siyasi şərhçi Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Bakıvaxtı.az-a müsahibə verib.

- İran-İsrail arasındakı münaqişədə tərəflərin hədəfləri nələrdir?

- İsrailin bu silahlı qarşıdurmada hədəfləri bəllidir. İsrail dövlətinin təhlükəsizliyinə problem yaradan, təhlükəsizliyini təhdid edən qüvvələri neytrallaşdırmağı, zərərsizləşdirməyi hədəfləyir.

Bu müharibələrin adı Fələstin-İsrail, yaxud Livan-İsrail müharibələri deyil. Bunun adı HƏMAS-İsrail, “Hizbullah”-İsrail müharibələridir. Yəni İranın işğal altında olan ərazilərdəki proxy qüvvələrinin İsrailə qarşı mübarizəsidir. İsrailin qüvvələri neytrallaşdırdıqdan sonrakı mərhələdə hədəfi region ölkələri ilə münasibətlərin qurulması və yaxşılaşdırılmasıdır.

 

- Perspektivdə nələr gözlənilir?

- Perspektivdə gözlənilən odur ki, İran İsrail tərəfindən zərbələrə məruz qala bilər. İsrail HƏMAS və “Hizbullah”a qarşı əməliyyatları daha da dərinləşdirə, genişləndirə, sürətləndirə və bütün obyektlərini məhv edə bilər. Bununla da HƏMAS-ı yarımcan, iflic vəziyyətinə sala bilər. Bu isə İran hakimiyyətinin İsrailə qarşı olan əllərinin itirilməsidir. Belə bir halda İranın İsrailə qarşı yeni qüvvə yaratmasına xeyli zaman sərf olunacaq.

 

- Sizcə bu münaqişə genişmiqyaslı və davamlı ola bilərmi?

- İran və İsrail arasındakı münaqişənin genişmiqyaslı və davamlı olacağı ehtimalı azdır. Yəni bu, İranı və İsraili dəstəkləyən dövlətlərin də regionda böyükmiqyaslı hərbi əməliyyatlarda iştirakı deməkdir. Amma bütün hallarda əgər müharibə başlayarsa, bu əməliyyatların nəticəsində İran hakimiyyətinin vəziyyəti çox ağırlaşacaq.

- Bəs İsrail?

- İsrail isə regionda daha faəl mövqeyə keçə bilər. Xüsusən Ərəb ölkələri tərəfindən dəstəklənər və ərəb ölkələri İsraili perspektivdə tanıya, onunla əməkdaşlığı genişləndirə bilərlər. Onsuz da müharibədən öncə Ərəb ölkələri İsraillə əməkdaşlığı genişləndirməyi planlaşdırırdı.

- Fələstin-İsrail müharibəsi necə irəliləyəcək?

- Əgər Fələstinin ərazisində, o cümlədən Qəzzada İsrail dövlətinə qarşı radikal qüvvələr neytrallaşarsa, yaxud oranı tərk edərsə, o halda hesab edirəm ki, Fələstin-İsrail arasında danışıqlar baş tuta bilər. Bu isə Fələstinin xeyrinə olar. Eləcə də “Hizbullah”ın Livan ərazisindən sıxışdırılması Livan-İsrail münasibətlərinin normallaşmasına, iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə təsir göstərə bilər.

Mina Mikayılova

 

 

Избранный
30
bakivaxti.az

1Источники