RU

Məktəblərdə cinayətlərin səbəbi… – Ekspert AÇIQLADI

Azərbaycanda ard-arda iki gün ərzində 3 məktəbli adam bıçaqlayıb. Onların aralarında ölənlər də var.

Niyə belə aqressivliklər baş verir, məktəblər hara baxır? Nəzarəti necə gücləndirmək olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ilk növbədə qeyd edim ki, Azərbaycanda son hadisələrdə ard-arda iki gün ərzində üç məktəblinin adam bıçaqlaması və nəticədə ölüm hallarının baş verməsi bu məsələnin nə qədər ciddiləşdiyini göstərir.

Ekspertin sözlərinə görə, gənclər arasında aqressiyanın yüksəlməsinin səbəbləri müxtəlif ola bilər və bu məsələnin kök səbəblərini araşdırmaq zəruridir.

“İlk olaraq, sosial-iqtisadi problemlər və ailə mühiti şagirdlərin psixoloji vəziyyətinə təsir göstərən əsas amillərdəndir. Ailə daxilində zorakılıq, valideynlərin diqqətsizliyi və ya maliyyə çətinlikləri uşaqların məktəbdə aqressiv davranmasına gətirib çıxara bilər. Bu cür mühitdə böyüyən uşaqlar öz emosiyalarını nəzarətdə saxlaya bilməyərək, məktəbdə həmyaşıdlarına və ya digər şəxslərə qarşı zorakılıq göstərməyə meylli olurlar.

Digər tərəfdən, məktəblərdə şagirdlər arasında münasibətlərin düzgün idarə edilməməsi də aqressivlikləri artıra bilər.

İkinci amil kimi, məktəblərdə psixoloji dəstəyin kifayət qədər olmamasını göstərmək olar. Şagirdlərin emosional və psixoloji vəziyyətinə nəzarət etmək, onları dəstəkləmək üçün məktəblərdə psixoloqların rolu böyükdür. Lakin bir çox hallarda bu sahədə yetərli resurs və kadr çatışmazlığı ilə üzləşirik. Psixoloqların şagirdlərlə daimi iş aparması, onları cəmiyyətə uyğun sosial davranışlara istiqamətləndirməsi vacibdir. Məktəblərdəki psixoloji dəstək proqramlarının genişləndirilməsi və gücləndirilməsi aqressivliyin azalmasına yardım edə bilər.

Texnologiyanın sürətli inkişafı ilə əlaqədar şagirdlərin sosial mediada vaxt keçirməsi də aqressiv davranışların artmasına səbəb olan faktorlardandır. Sosial media platformalarında zorakılığın, aqressiyanın təbliği və ya normal kimi təqdim edilməsi uşaqların psixikasına mənfi təsir göstərir. Onlar bu cür davranışları real həyatda tətbiq etməyə meylli olurlar. Bu baxımdan, valideynlərin və məktəblərin şagirdlərin internet istifadəsinə daha diqqətlə yanaşması vacibdir. Məktəblərdə təhlükəsiz internet istifadəsi ilə bağlı dərslər və maarifləndirmə tədbirləri keçirilməlidir.

Məktəblərin özündə isə təhlükəsizlik tədbirləri daha gücləndirilməlidir. Məsələn, məktəblərdə giriş-çıxışlara nəzarət edən mühafizə sistemlərinin daha effektiv şəkildə qurulması, kamera nəzarətinin artırılması və məktəblərin təlimatlandırılması şagirdlərin təhlükəsizliyinin təmin olunmasına kömək edə bilər. Bütün şagirdlərin psixoloji vəziyyəti, davranışları ilə maraqlanan, onları daha yaxından tanıyan müəllim və psixoloqların fəaliyyəti də vacibdir. Məktəb rəhbərliyi müəllimləri aqressiya ilə mübarizə üsulları haqqında daha yaxşı təlimatlandırmalıdır.

Şagirdlər arasında aqressiv davranışların qarşısını almaq üçün cəmiyyətin bütün təbəqələrinin birgə əməkdaşlığı vacibdir. Məktəblər, valideynlər və hökumət bu sahədə birlikdə çalışaraq uşaqların sosial və emosional inkişafını dəstəkləməli, zorakılığın qarşısını almaq üçün tədbirlər görməlidir. Ölkədə aqressiv davranışların artması yalnız fərdi məsələ deyil, bu, genişmiqyaslı bir problemdir və bunun həlli üçün sistemli yanaşma tələb olunur”.

 

Dəniz Pənahova

Избранный
26
tribunainfo.az

1Источники