RU

"İsrail o hədəfləri vuracaq, Rusiya da İranı dəstəkləməyəcək, çünki..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

 

Maraqlıdır, İsrailin buna qarşı addımları nədən ibarət ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın İsrailə hücumu apreldə atdığı raketlərin analoji davamıdır və bununla Tehran öz nüfuzunu qorumağa çalışır:

 

“Sözügedən hücum İranın daxilində strateji obyektlərin vurulmasını, hətta İranın ali dövlət rəhbərlərini, dövlət idarəetmə aparatlarını hədəfə gətirə bilər. Qeyd etmək lazımdır ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin təhlükəsizliyinin təmin olunması üçün yeri dəyişdirilib. Görünür, Tehran İsrailin dövlət rəhbərliyini hədəf alacağından xəbərdardır. Hazırda İsrail hərbi-siyasi rəhbərliyi Tehranla Qərb arasında münasibətlərin normallaşmasının qarşısını alır. Onun mümkün danışıqları pozmaq üçün bütün vasitələrdən istifadə etməsi mümkündür. Ümumiyyətlə, İranın bu kimi raket hücumu İsrailin “Hizbullah”a qarşı əməliyyatlarına təsir etməyəcək”.

 

Politoloq Elxan Şahinoğlu isə deyib ki, İsrail İranın raket hücumuna qarşı qonşu ölkədəki müxtəlif hədəfləri vuracaq:

 

“Bu hədəflər içərisində İranın hərbi və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir. İsrail İranda vurmağı planlaşdırdığı hədəfləri özü üçün illər əvvəl müəyyənləşdirib. Beləliklə, proksi qüvvələr və casus şəbəkələr üzərindən illərdir, davam edən İran-İsrail müharibəsi birbaşa toqquşma mərhələsinə qədəm qoyub. İşin içində ABŞ də var. Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumuzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini arxa plana keçirəcək”.

 

Günay Rəsulqızı

Избранный
7
1
sfera.az

2Источники