RU

İran danışır, İsrail hədəflərinə doğru addım-addım irəliləyir: Yaxın Şərqdə eskalasiya nə vəd edir? – TƏHLİL

Oktyabrın 7-də HAMAS-ın İsrailə genişmiqyaslı hücumunun bir ili tamam olacaq. İsraili qəfil yaxalayan və olduqca ağır insan itkiləri ilə nəticələnən həmin hücum bu gün də Yaxın Şərqi çalxalayan növbəti eskalasiyanın əsasını qoyub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İsrail 1200 vətəndaşının ölümü, 200-dən artıq sakininin girov götürüldüyü həmin hücumla bağlı HAMAS-ın iqtidarda olduğu Qəzza sektorunda genişmiqyaslı əməliyyata başladı. HAMAS-İsrail qarşıdurması zəncirvarı reaksiya doğuraraq yeni-yeni regional oyunçuları münaqişəyə cəlb etdi. Bu qüvvələr arasında ilk növbədə İsrailin əsas geosiyasi rəqibi olan İran və onun Yaxın Şərq ölkələri boyunca, xüsusən İraq, Suriya, Yəmən və Livanda yaratdığı proksi qüvvələrindən ibarət şəbəkə diqqəti çəkdi.

Rəsmi Tehranın yaratdığı ən effektiv ölkəxarici hərbi təşkilat – Livandakı “Hizbullah” qruplaşması onlar arasında ən təhlükəlisi hesab olunurdu. 1982-ci ildə SEPAH tərəfindən yaradılan “Allahın partiyası” sonuncu dəfə 2006-cı ildə İkinci Livan Müharibəsi adını alan hərbi əməliyyatlar zamanı İsraillə üz-üzə gəlmiş və həmin hadisələr zamanı müəyyən uğur qazanmışdı. 1992-ci ildən təşkilatın baş katibi postunu tutan Şeyx Həsən Nəsrullahın dövründə yüksək döyüş qabiliyyəti, təşkilatlanma ilə seçilən “Hizbullah” silahlı terror qruplaşmasından Livanın ən əsas siyasi partiyalarından birinə, hər yeni hökumətdə azı 2 nazir kürsüsünə sahib qüvvəyə çevrildi. “Dövlət içində dövlət” yaradan qruplaşma İsraillə nisbi sükut dövründə İranın dəstəyi ilə çox ciddi raket arsenalına yiyələnib, İsrailin şimalını illərlə ciddi təhdid altında saxlayırdı.

Qəzzada başlayan hərbi əməliyyatlar zamanı fələstinlilərlə həmrəylik elan edən “Hizbullah” 1 ilə yaxın idi ki, İsraillə müharibə şəraitində idi. Lakin qeyd etmək lazımdır ki, qruplaşma idarəolunan eskalasiyaya gedir, arsenalındakı ən təhlükəli raketlərdən istifadə etmirdi. Buna baxmayaraq, 200 mindən çox israilli ölkənin şimalından köçməyə vadar oldu. İsrail isə Qəzzada apardığı əməliyyatlarla paralel, “Hizbullah”la bağlı da planlar qurur, şimal sərhədlərinə olan təhdidi neytrallaşdırmaq istəyir, qruplaşmanı 2006-cı il müharibəsini yekunlaşdıran müqavilənin şərtlərinə uyğun olaraq sərhədlərindən Livanın cənubundakı Litani çayına qədər geri çəkilməyə çağırırdı.

Bu ilin yazından İsrail “Hizbullah”ın Livandakı mövqelərinə daha sıx və genişmiqyaslı zərbələr endirməyə başladı. Sentyabr ayı bu mənada “Hizbullah” üçün “matəm ayı” kimi yadda qaldı. Öncə minlərlə “Hizbullah” döyüşçüsünü sıradan çıxaran “peycer hücum”u, ardınca digər rabitə vasitələrində partlayışların baş verməsi ilə həyata keçirilən kiberhücum “Hizbullah”ın vahid komanda rabitəsini pozdu. Ardınca Livana son onilliklərin ən güclü hava hücumu, qruplaşmanın iyerarxiyasında əsas komandirlərin məhvi və nəhayət sentyabrın 28-nə keçən gecə qruplaşma lideri Həsən Nəsrullahın Beyrutda aviazərbə nəticəsində öldürülməsi qruplaşmaya sarsıdıcı zərbə oldu.

Hazırkı məqamda İsrail Qəzzada HAMAS-ı zəiflətdiyi kimi, Livanda da “Hizbullah”ın döyüş potensialını çökdürmək planını həyata keçirir. HAMAS-la döyüşlərdə daha çox çətinlik görən İsrail bu mənada “Hizbullah”a qarşı daha az enerji sərf edərək daha çox nəticə əldə etdi. Demək olar ki, bütün ali rəhbərliyini, təcrübəli komandir heyətini itirən “Hizbullah” indi ağır nokdaundadır. Livanda məhdud quru əməliyyatı keçirən İsrail bu nokdaunu əbədi nokauta çevirməyə, “Hizbullah”ı hərbi və siyasi güc olaraq Yaxın Şərqin xəritəsindən silməyə çalışır.

İranda HAMAS lideri İsmayil Haniyənin öldürülməsi, ötən 1 ildə 10-dan çox SEPAH generalının Livan və Suriyada İsrail tərəfindən məhv edilməsi, simvolik xarakter daşıyan raket zərbələri endirən Yəməndəki husilərə aviasiya zərbələri və dünya birliyinin təzyiqinə baxmayaraq, Qəzza sektorunda davam edən hərbi əməliyyatlar İsrailin Yaxın Şərqin əsas hərbi gücü olduğunu deməyə əsas verir. “Hizbullah”a qarşı son 2 həftədə aparılan əməliyyatlar isə İsrail kəşfiyyatının professionallığını və ölkənin texnoloji üstünlüyünü bir daha ortaya qoydu. Baş verənlərə İran-İsrail savaşının bir hissəsi kimi baxsaq, rəsmi Tehranın bu eskalasiyada ciddi hərbi-siyasi və reputasiya itkiləri verdiyini söyləmək olar. Əsas proksi qüvvələrinə hücum və bu hücumlara effektiv qarşılığın verilməməsi rəsmi Tehranın güc olaraq İsraildən texnoloji geriliyindən və özünün də İsraillə genişmiqyaslı konfliktdən yayınmasından xəbər verir. Bu qətiyyətsizlik fonunda Livan, Yəmən, Suriya və digər ölkələrdə İrana təəssübkeşlik edənlərin sayının kəskin azalacağını, İranın Yaxın Şərqdə zəifləmiş mövqelərini digər güclərin tutacağını söyləmək olar. Son 1 ildə baş verənlər həm də İsrailin Yaxın Şərqdə əsas hərbi güc olduğunu, ərəb ölkələrinin ona qarşı vahid cəbhə qura bilmədiyini göstərdi. Bundan sonra regionda hadisələrin inkişafı Livandakı quru əməliyyatı, İranın Nəsrullahın ölümü ilə bağlı atacağı cavab addımları və Qəzza sektorunda davam edən əməliyyatın gedişatından asılı olacaq.

İsrail artıq Livana məhdud quru əməliyyatına başlayıb. Məqsəd “Hizbullah”ın olan-qalan qüvvələrini də sıradan çıxarmaqdır. Görünən odur ki, İsrail qarşısına qoyduğu məqsədə çatmaq niyyətindədir.

Heç bir ölkənin və beynəlxalq təşkilatın təzyiqlərini, xüsusilə də İranın təhdidlərini ciddiyə almayan Netanyahu hökuməti planlarını bənd-bənd yerinə yetirir. Təbii ki, bunda ABŞ-ın İsrailə verdiyi dəstək əsas rol oynayır. Vaşinqton İsrailin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək haqqının olduğunu bildirir.

Netanyahu isə son olaraq bəyan edib ki, İsrail Ordusunun Yaxın Şərqdə əlinin çatmadığı nöqtə yoxdur. Belə görünür ki, İsrail həmin nöqtələrə çatanadək dayanmayacaq. Bölgədə onu dayandıra biləcək ölkə və güc də görünmür. Nə İran, nə də başqaları…

Избранный
8
50
nocomment.az

10Источники