AZ

İran aciz qalıb: Müharibə elan ediləcək?

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın mövqelərini bombalayır və quru əməliyyatları da planlaşdırır. 

Bununla bərabər, İsrail Suriya və Yəməndə İslam İnqıilabı Keşişçiləri Korpusuna  (SEPAH) bağlı proksi qüvvələrin mövqelərinə də hücumlar həyata keçirir.

Ən maraqılısı isə İran tərəfindən heç bir reaksiyanın verilməməsidir. Görünən budur ki, Tehran regionda öz proksi qüvvələrini qorumaq üçün heç bir tədbir görmür. 

İsrailin “Hizbullah”a, eyni zamanda Suriyada SEPAH-a bağlı proksi qüvvələrə və Yəməndə Husilərə qarşı intesiv hücumları fonunda İran hakimiyyəti tərəfindən nəyə görə sərt adekvat tədbirlər görülmür? Tehran niyə İsrailin hücumları qarşısında özünü aciz kimi aparır və susqunluq nümayiş etdirir?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Tehran birbaşa müharibənin təhlükəli risklər doğuracağından narahatdır. 

“Həm İran, həm də İsrail birbaşa müharibənin regionda ciddi dağıdıcı nəticələrə səbəb olacağını çox yaxşı anlayır. İran çox yaxşı bilir ki, İsraillə açıq müharibə regional və qlobal səviyyədə kənar müdaxiləyə təkan verə bilər. 

Bunu İsrail də anlayır. Bu baxımdan, yaxın zamanlarda hər hansı birbaşa İran-İsrail müharibəsinin baş verməsi ehtimalı aşağıdır. 

Sadəcə olaraq, İran indiyədək İsrailə öz proksi qüvvələri ilə təzyiq etməyə çalışırdı. İsrail də bu təzyiq vasitələrindən qurtulmaq üçün Qəzzada HƏMAS-la vəziyyəti nəzarətə götürdükdən sonra, növbəti hədəfi olaraq diqqətini “Hizbullah”a yönəldib.

Paralel olaraq, fürsət düşdükcə, öz müttəfiqləri ilə Yəməndə “Ənsarallah”, İraqda “Həşd əş-Şabi” və Suriyadakı digər proksilərə qarşı da müəyyən əməliyyatlar aparır”. 

O, son proseslər fonunda İranın ali lideri Xameneyinin açıqlamasına diqqəti çəkib: 

“O bəyan etmişdi ki, bu cavabı Yaxın Şərqdəki müqavimət təşkilatları verəcək. Hazırda biz faktiki olaraq İranın “müqavimət təşkilatları” adlandırdığı qüvvələrlə İsrailin qarşıdurmasının şahidi olmaqdayıq. 

Proseslərin regional müstəvidə hər hansı qarşıdurmalara gətirib çıxaracağına gəlincə, hazırda biz regional müharibədən çox İsrailin bölgədə İranın dəstəklədiyi proksi qüvvələrə qarşı ardıcıl əməliyyatlarının şahidi oluruq. Zatən ötən il Qəzzada savaş başladıqdan sonra belə bir gedişatın olacağı proqnozlaşdırılmışdı. 

Söhbət İranın təsiri altında olan “Şiə halqası”nda əməliyyatların aparılmasından gedir. Buna görə də İsrail Livana paralel olaraq, Suriya ərazisinə də aviazərbələr endirir. Hədəfə alınan bölgələrdə də İranın proksi qüvvələri fəaliyyət göstərir, əsas hədəflər də onlardır. 

Proses davamlı şəkildə gedəcəyini söyləmək olar. Bu çərçivədə bir neçə gün əvvəl “Ənsarallah”ın Yəməndəki mövqelərinə qarşı da əməliyyatlar aparılıb. Bütün bunlar göstərir ki, İsrail bu istiqamətdə əməliyyatları davamlı şəkildə aparmaq niyyətindədir.

Amma indilikdə regional savaş və ya hansısa ölkələrin bir-birlərinə müharibə elan etməsi ehtimalını yüksək qiymətləndirmirəm”. 

Seçilən
6
50
cebheinfo.az

10Mənbələr