RU

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

Londonda yerləşən məşhur müasir incəsənət məkanı olan “Saatchi” qalereyasında Azərbaycan rəssamı Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi uğurla tamamlanıb.

YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, yenicə ərsəyə gəlmiş ekspozisiyada rəssamın rəngkarlıq, qrafika, keramika, video və qarışıq texnikalarda olan 80-dən artıq əsərləri geniş auditoriyaya təqdim edilib.

Füruğ Fərruxzadın məşhur “Pəncərə” şeirindən ilhamlanan rəssam Aida Mahmudova “Saatchi” qalereyasında dərin bədii vasitələrlə mücərrəd tənhalıq, nostalji hisslər və azadlıq ehtirası kimi mövzuları, habelə ətraf məkana və insanın öz fiziki vücuduna qırılmaz bağlılıq duyğusunu araşdırıb. Layihə Aida Mahmudovanın universal emosiyaları ifadə etmək bacarığının bariz nümunəsi olmaqla, onun bədii, şəxsi və sosial özünüifadəyə doğru nailiyyətini obrazlarla əks etdirib.

Ekspozisiyanın giriş hissəsi rəssamın öz fərdi müşahidə arxivindən tərtib edilib. Bu arxiv onun fərdi həyatı ilə bağlı olaraq rəssamın duyğu aləmindən söz açıb. Şəxsi arxiv fotoşəkillərindən vəcdə gələn rəssam öz avtobioqrafik xatirələrini gipsdən hazırlanmış tablolara və fiqurlara çevirib.

Aida Mahmudova öz əsərlərinə onun ruhunu qidalandıran təbii materialları, duyğusunu gücləndirən rəmzləri daxil edib: mərcanlar, balıqqulağılar, qurudulmuş müxtəlif bitkilər, daşlar və kristallar. Bütün bunlar rəssamın bağlı olduğu məkanların bədii geopoetik obrazlarını canlandıran fraqmentlərdir. Rəssama görə, təbiətin oyatdığı işıqlı və sağlam duyğular mənəvi oyanış və məmnunluq hissi ilə bilavasitə bağlı olur.

Ekspozisiyanın rəngkarlıq bölümündə isə Aida Mahmudova nostalji hisslərlə aşılanmış və öz üslub dəyişikliklərinə uğramış təbiət görüntüləri ilə çıxış edib. Rəssam özünün böyükölçülü tabloları ilə yanaşı, təbiətin fraqmental təsvirlərinə geniş yer verib. Dəniz tablosu sanki sonsuzluq simvoluna çevrilib və rəssamın sevdiyi leytmotivlərdən biri olaraq müşahidəçiləri valeh edib.

Sərgi Böyük Britaniya paytaxtında iki ay ərzində davam edərək professional çevrənin, həmçinin ziyarətçilərin marağını və rəğbətini qazanıb.

Избранный
7
1
yeniazerbaycan.com

2Источники