RU

Ağdaş və Ucarda suvarılma yaxşılaşacaq

Türyançay Sol Sahil kanalının yenidən qurulmasının bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur. SİA xəbər verir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də “Türyançay Sol Sahil kanalının yenidən qurulması”nın I mərhələsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kanalın bərpasına 2023-cü il tarixində başlanılıb və bu ilin sonuna qədər yekunlaşması planlaşdırılıb.Ümumi uzunluğu 11,5 kilometr olan suvarma kanalı üzərində sudüşürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla, ümumilikdə, 48 hidrotexniki qurğu var.Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 min 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.Hazırda 11,5 kilometr uzunluğu olan kanalın qurğularla birgə 7 kilometr hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Избранный
11
4
sesqazeti.az

10Источники