RU

““Millətimiz pisdir!” Niyə?!”

Çingiz Sultansoy


III hissə

XÜSUSU GİZLİ TƏDBİRLƏR

1. Xüsusi xidmətlərin    məqsədyönlü fəaliyyəti əhəmiyyətli dərəcədə zəifləyib, daxili siyasət kateqoriyasından xarici siyasət kateqoriyasına keçib, lakin davam edir. 

A. Kadr siyasətində: respublikanın rəhbərliyi həmişə, son zamanlara qədər Moskvadan təyin olunurdu, məsələn, A.Vəzirov, A.Mütəllibov və s. Rəhbərliyin ikinci və üçüncü  eşelonları indi də dağılmış imperiyanın kadrı olan, Azərbaycanda onun siyasətini yürüdən və Moskvanı tam qane edən adamlardan ibarətdir. 

B.KİV-də: MDB-nin, Rusiyanın kütləvi informasiya vasitələri mənfi Azərbacnlı, türk obrazını yaratmaqda davam edir. Lakin belə informasiya tədbirləri və kampaniyası daxili siyasət kateqoriyasından xarici siyasət kateqoriyasına keçdiyi, məlum siyasi məqsədlər güddüyü və açıq-aşkar qərəzli olduğu bizim üçün artıq tam aydındır, bu səbəbdən təsirini əhəməyyətli dərəcədə itirib.  

Sual oluna bilər: MNK doğuran səbəblərdən çoxu aradan qalxıb və ya qalxmaq üzrədirsə, tədbirlərin təsir gücü də zəifləyibsə, nə üçün indi MNK üç, beş və ya on beş il əvvələ nisbətən daha artıq təzahür edir?  Bunun bir neçə səbəbi var.

TORMOZLAYICI AMİLLƏR

1. Milli natamamlıq kompleksi xroniki xəstəlik halını alıb. Müharibənin, iqtisadi böhranın, inflyasiyanın, qaçqın amilinin, işsizliyin və s.nəticəsi olan yüksək sosial gərginlik artmaqda davam edir. Elə təkcə ermənilər tərəfindən azərbaycanlıların Ermənistandan və Dağlıq Qarabağın kəndlərindən sıxışdırılıb çıxarılması, bizim isə buna adekvat cavab verə bilməməyimiz milli natamamlıq kompleksi yaratmağa və yaşatmağa qadirdir.  
2. MNK doğuran amillər hələ tam aradan qalxmayıb:
A. Milləti ziyalılardan məhrum edən, xalqın ümumi intellektual səviyyəni kəskin surətdə aşağı salan repressiyaların təsiri hələ də bilinir.
B. Ən güclü kütləvi informasiya vasitələri olan TV və radio, bəzi qəzetlər hələ də postkommunist mövqelərdədir.
C. Təhsil sistemi hələ də kommunist ideologiyası əsasında qurulmuş konsepsiyalara, dərsliklərə və proqramlara əsaslanır.
D. Xüsusi gizli tədbirlər qrupunun bir qismi hələ də naməlum qalır və s.
3. Sosial psixologiyada şüurun obyektiv gerçəklikdən geri qalması adı ilə məlum olan amil (buna «şüur ətaləti» də deyirlər) nəticəsində yuxarıda göstərilən, vəziyyəti normallaşdırmağa, sağlamlaşdırmağa doğru aparan proseslər qrupu istədiyimiz sürətlə getmir, ona görə tənqidbazlıq davam edir, özü də azalmayıb, artıb.
4. Ermənilərin Qarabağ müharibəsində və diplomatik cəbhədə qazandıqları uğurlar bizə mənfi təsir edir, onları isə ürəkləndirir, təbii. Xocalı faciəsi bunu bir daha təsdiqlədi.

MNK-SI OLAN BAŞQA MİLLƏTLƏR

Nəzərə almaq lazımdır ki, milli natamamlıq kompleksi yalnız hindular, az inkişaf etmiş xalqlar arasında və Azərbaycanda təzahür edən hal olmayıb, dünya siyasətində, iqtisadiyyatında, mədəniyyətində öncül rolu olan millətlərdə də müşahidə edilmişdir:

1. Almanlar. Növbəti müharibədə növbəti dəfə məğlub olan Almaniyada dağıntı, inflyasiya, hərc-mərclik, aclıq və s. o həddə çatmışdı ki, alman millətinin gələcəyi şübhə altına alınırdı. Kayzer Vilhelm, bəlkə başqası, dəqiq yadımda deyil, bu ağılara cavab olaraq «Nə qədər ki, alman anaları və alman müəllimləri var, Almaniyanın gələcəyinə inanıram!» demişdi. (Azərbaycan anaları haqqında eyni sözləri demək mümkün olsa da, təəssüf ki, bu sözləri indiki Azərbaycan müəllimlərinə aid etmək mümkün deyil. Bu halın səbəbləri isə ayrıca söhbətin mövzusudur).
2. Yaponlar. İkinci Dünya Müharibəsində (1939-1945) məğlub olandan sonra Yaponiya dərin böhran içərisində idi, milli natamamlıq kompleksi geniş yayılmışdı. Bu hal keçən əsrin əllinci illərinin əvvəlinə kimi davam etdi. Yaponiyanın sonrakı iqtisadi uğurları tədricən natamamlıq kompleksini azaldıb heçə endirdi. Mətbuatda oxuduğum məlumata görə, MNK-dan azad olmaq üçün atılan ilk addım indi dünya şöhrətli, o vaxtlarsa xaricdə tanınmayan, öz ölkəsində isə altıncı-yeddinci rejissor  sayılan Akira Kurosavanın çəkdiyi «Rasömon» filminin 1950-ci ildə Kann kinofestivalında «Qran-Pri» mükafatını alması oldu. O illərdə «Qran-pri» mükafatı Amerikanın Oskar kinomükafatından daha nüfuzlu hesab olunurdu. Bu fakt indi bizə qəribə gələ bilər. Yaponlar kimi ulu bir millət kiçicik bir uğuru– yapon filminin mükafat alması ilə öyünür və bu mükafatı özünəinamsızlıq, gözüqıpıqlıq xəstəliyindən qurtulmaq yolunda mərhələ hesab edir.
3. İtalyanlar. Məşhur aktyor Nino Manfredi «Çörək və şokolad» filmində isveçrəli müsahibinə deyir: «Siz isveçrəlilər, biz italyanlardan yaxşı millətsiniz. Roma papasının qvardiyası əbəs yerə isveçrəlilərdən təşkil olunmayıb ki!..». Nino Manfredinin oynadığı, millətini pis hesab edən qəhrəman milli mənsubiyyətindən elə utanır və usanır ki, cildini dəyişib isveçrəli olmaq qərarına gəlir…
Yeri gəlmişkən. Bu filmin Ayaz Salayevin zəruri şərhləri ilə Azərbaycan televiziyasının «Retro» verilişində göstərilməsi milli natamamlıq kompleksini aradan qaldırılması yolunda üçün faydalı olar.
4. Şotlandlar. Orta əsrlərdən ingilislərin əsarəti altına düşən və indiyəcən müstəqillik qazanmayan, dövlətini, dilini itirən şotlandlarda güclü milli natamamlıq kompleksi var. Belə bir fakt: İspaniyada keçirilən beynəlxalq futbol yarışlarında Şotland yığma komandası ingilisləri məğlub edəndən sonra şotland azarkeşləri qələbədən vəcdə gəlib, əski milli bayraqlarla futbol meydançasına yüyürürlər və «Məgər biz millət deyilik?», «Biz millət deyilik?!» bağırırlar. Millət olduğuna şübhə etməyən millətin nə özünü bu sayaq təsdiq etməyə, nə də bu sualı verməyə ehtiyacı yoxdur. Şotland natamamlıq kompleksinin təzahürü və yaranma səbəblərinin bir qismi bu sətirlərin müəllifinin «Бесстрастная улыбка Клио» (1990) tarixi essesində göstərilmişdir.   
5. İngilislər. Folklend (Malvin) adaları üstündə hərbi toqquşmada Argentinaya qalib gələndən sonra ingilislərin ovqatını təsvir edən mətbuat yazırdı: «Folklend konfliktindəki qələbə, əhəmiyyətinə görə İngiltərənn İkinci Dünya Müharibəsindəki qələbəsindən sonra ikinci yerdə (?!) durur. Bu qələbə ingilislərin son dövrdə zəifləyən özünə inamını möhkəmlətdi». Başda Hindistan olmaqla bir çox ingilis müstəmləkələrinin İngiltərədən məhz bu dövrdə qopduğunu xatırlasaq, vəziyyət aydın olar…
6. Amerikalılar. Amerika mətbuatı yazırdı ki, İrak üzərində qələbə Vyetnamdakı uğursuz müharibədən sonra amerikalılarda yaranmış kiçik milli natamamlıq kopleksi ovqatını (?!) ləğv etməyə kömək etdi.

Bəli, milli psixologiyanın öz qəribə sirrləri, dolanbacları var. Hətta qılıncının qabağı da, dalı da kəsən amerikalılara da, ingilislərə də MNK ovqatı yoluxur və onu aradan qaldırmaq, özünə inamı qaytarmaq lazım gəlir.

MNK-NIN ARADAN QALDIRILMASI. II MƏRHƏLƏ 

Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin aradan qaldırılmasındakı kimi, NK-nın varlığının, mövcud olmasının bu kompleksi daşıyan adama çatdırılmasından, anladılmasından ibarətdir. 

NK-nın aradan qaldırılmasının  birinci mərhələsi düzgün aparılıbsa, ikinci mərhələdən sonra özünüsağaltma prosesi başlayır, natamamlıq ovqatı öz-özünə keçib gedir. 

Doğrudan da, tərifində verdiyimiz kimi, natamamlıq kompleksi şüurun strukturunu və yönünü şərtləndirən dərkolunmaz qurumdursa, insan şüuruna, psixologiyasına, davranışına hakim kəsilən dərkolunmaz bu qurumun varlığını dərk etmək – onun təsirindən çox dərəcədə azad olmaq deməkdir. Əlbəttə, NK-dan tam azad olmaq üçün vaxt lazımdır.

Məsələn, "İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir edilən "ilan kompleksi» olan adamın diqqətini bu kompleksin təzahürünə yönəldəndə. izah edəndə ki. sən ilandan yox, ala çatıdan qorxursan, ala çatıdan qorxmağın mənası yoxdur, bu qorxu əsassızdır, gülüncdür, nəticədə qorxu yavaş-yavaş azalmağa başlayır. 

Söz yox ki, o adamı yenidən ilan çalmasa. Xatırladıram ki, natamamlıq kompleksinin aradan qaldırılmasının, bir növ müalicənin birinci mərhələsi – kompleksi doğuran qıcıqlandırıcı amillərin ləğv edilməsidir. 

Başqa misal: «Ağzı o qədər yanıb ki, suyu üfürə-üfürə içir» məsəliylə təsvir edilən «qaynar su» kompleksi olan adamın diqqətini onun kompleksinə cəlb etsək, yəni soyuq suyu üfürə-üfürə içməyin mənasızlığını, məntiqsizliyini ona başa salsaq, həmin adam dağ su qorxusundan, inamsızlıqdan tədricən yaxa qurtaracaq.

Milli natamamlıq kompleksi bir qədər başqa səpgili olsa da, onun aradan qaldırılması təxminən natamamlıq kompleksinin aradan qaldırılması istiqamətində aparılmalıdır. Və deməli, "Azadlıq” qəzetinin səhifələrində bu söhbətin açılması aramızda yayılmış milli natamamlıq kompleksindən azad olmaq yolunda ikinci, əsas mərhələnin başlamğıcıdır...

2002-ci ilin əlavəsi

Aydındır ki, müharibənin uduzulması, torpaqların itirilməsi hətta milli natamamlıq kompleksi olmayan, sağlam təfəkkürlü millətdə belə NK yaradacaq, kompleks əvvəldən mövcud olduqda isə onu artıracaq və dərinləşdirəcək. Bizim halda, XX əsrin azərbaycanlılarında MNK doğuran amillərdən bəziləri aradan qalxsa da, başqa, ən güclü bir amil – itirilmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar amili meydana gəlib. 

Sosial problemlər – işsizlik, aşağı həyat səviyyəsi, təhsildə və səhiyyədə rüşvət, korrupsiya, məmur özbaşınalığı və s. kimi məsələlər sosial gərginlik yaradan və milli natamamlıq kompleksini gücləndirən amillərdəndir. 

Səbəblər müxtəlif ola bilər, nəticə isə birdir – millətin böyük bir qismi milli natamamlıq kompleksinin daşıyıcısıdır və bundan əziyyət çəkir. Deməli, natamamlıq kompleksindən qurtulmaq üçün Qarabağı geri almalıyıq, Qarabağı geri almaq üçün isə milli natamamlıq kompleksindən qurtulmalıyıq. Qapalı və sehrli bu çərxi-fələyi necə yarıb çıxmalı? 

Əziz oxucum, əziz bacım, qardaşım! Başqa millətlər belə böhranlardan çıxış yolu tapa biliblər, biz də tapacağıq. Hər halda, bizdə kompleks yaradan ən əsas səbəb – Rusiya əsarəti, kommunist rejimi və ideologiyasından qurtulmuşuq, öz milli dövlətimizi qura bilmişik. Gəlin birlikdə düşünək.

P.S. "Millətimiz pisdir!”. Niyə?!” tarixi-siyasi-psixoloji araşdırması Xocalı qətliamından dərhal sonra yazılıb və 1992-nin yazında "Azadlıq” qəzetində işıq üzü görüb. On il sonra, 2002-ci ildə "Yeni Müsavat” qəzetində müəyyən əlavələrlə təkrar çap olunub.

Избранный
13
1
arqument.az

2Источники