RU

"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - Deputat

"Hər dəfə çağırış edirsən ki, gəlin  "filan müğənninin baldırı göründü", "kiməsə toyda söz atdılar" kimi mövzuları sosial şəbəkələrin siyasiləşmiş baboşlarına buraxaq. Məsuliyyətli insanlarımız isə qaragüruh aurasından özünü ayırıb düşüncə həyatımızı daha faydalı, sağlam, strateji xeyri olacaq mövzulara, onların müzakirəsinə yönəltsin. Kitabı, mütailəni təbliğ edək, kütləvi savadsızlaşmanın faciəsinə diqqət yönəldək və yaxşı mənada bir şeyləri dəyişməyə çalışaq”. 

Ölkə.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Aşıq Ələsgərin ötən gün açılışı baş tutan abidəsi barədə müzakirələrdən danışarkən deyib. O hesab edir ki, sənətin estetik tərəfini peşəkarlar müzakirə etməlidir:

“Əlbəttə, güncəl sosial mövzular, sıxıntılar, özbaşınalıqlar, ədalətsizliklər, mədəniyyətsizliklər barədə də fikirmizi bildirək, təkliflərimizi verək, ideyalarımızı bir-birimizə ötürək ki, daha yaxşı Azərbaycan modelini tədricən qurmağa doğru praktik və nəzəri işlər görək. Əvəzində yenə də "Aşıq Ələsgər" ideyasını, beynəlxalq siyasətdə istifadə etməyə çalışdığımız "Qərbi Azərbaycan" ideyasını bəsit bir texniki mövzuya çevirməklə məşğul olurlar. Təbii ki, sənət nöqteyi-nəzərindən bir heykəlin qoyulduğu yerə, hansısa uyğun gəlməyən detallara münasibət bildirən peşəkar insanlara deyiləcək bir söz yoxdur. Çünki sənətə baxış fərqli olmalıdır və bunun estetik tərəflərini müzakirə etmək insanın düşüncəsinə müdaxilə olardı. Ancaq bir çoxlarının Aşıq Ələsgərin sazı elə və ya belə tutmasını müzakirə etməsi və əsas ideyanı bu texniki məsələ üzərindən mənasızlaşdırmağa çalışması aydın şəkildə sezilir. Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından bixəbərəm, ancaq niyə Aşıq Ələsgər obrazını canlandırmağımızdan xəbərim var”. 

Millət vəkilinin fikrincə, Aşıq Ələsgər heykəlinin bərpasına nə üçün Bakıdan başladığımızı müzakirə etmək daha doğru olardı:

“Xatırlayırsınızsa, ölkə prezidenti Cocuq Mərcanlı adlı cəmi bir kəndimiz azad olanda ilk tapşırığı nə oldu? Orada hələ işğal altında olan Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin eynisini tikməyi. Yəni ideya Şuşanı azad edib onun simvollarından biri olan Gövhər Ağa məscidini bərpa etmək idi. Şükürlər olsun ki, bu ideya böyük qələbəmizlə gerçəkləşdi. İndi də vaxtilə Göyçədə Zod kəndində ermənilərin vəhşicəsinə dağıtdığı Aşıq Ələsgər heykəlinin bərpasına Bakıdan başladığımızı bəyan edirik. Bu simvolu nədən Vətən torpağına böyük bir qayıdış ideyasının əsas mövzusuna çevirməyimizi müzakirə etmək daha doğru olmazdımı?

Xalq hamınındır, hamıdır, ancaq xalqı tarixdə yaşadan onun ağıllı, qəhrəman, aydın insanlarıdır.  Dünyaya da bir xalq bu adların brendi ilə çıxır.  Məzlum Məhəmmədhəsən əmi də, Usta Zeynal da, hətta Şeyx Nəsrullah da Böyük İşıq Mirzə Cəlillə yanaşı  bu xalqın övladlarıdır, ancaq bu xalqın dəyəri, cövhəri Məhəmmədhəsən əmi ola bilməz. Mirzə Cəlildir, Həsən bəy Zərdabidir, Hüseyn Caviddir, Mirzə Fətəlidir, Üzeyir bəydir, yüzlərlə aydınlar, qəhrəmandır, elm, sənət, siyasət adamlarıdır. Qarabağı işğaldan azad edən qəhrəmanlardır. O cümlədən ədəbi dilimizin varlığına ən böyük töfhə vermiş Vaqifdir, Aşıq Ələsgərdir. 

Dinimizi necə ki, nadanlar, xurafatçılar, qaragürühçular işğal edib müsəlmanları vəhşi və cahil obrazda göstərməyə nail oldular, indi də cəmiyyəti bayağı mövzulara yönəldənlər, böyük aydınımız mərhum Xudu Məmmədovun dediyi kimi, ucuz qrafitlərin bolluğunda bahalı almazları yox etməyə çalışacaqlar. Əgər bizlər meydanı boş qoyarıqsa...

Aşıq Ələsgər sazı doğru-dürüst necə tutduğunu bilmirəm, ancaq sözü mükəmməl tutub. Hansı ki, iki əsrdir o sözün cazibəsində xoşallanırıq”.

Billurə
 

Избранный
12
olke.az

1Источники