RU

Avropanın minalara görə Azərbaycana 13 milyon avroluq yardımı nə böyük rəqəmdir ki...

Image

Ramil Məmmədli: “Minaların təmizlənməsi ilə bağlı Avroittifaqın göstərdiyi yardım heç nədir”

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano Ermənistanın dövlət mediasına müsahibəsində bildirib ki, Aİ və qurumun üzv dövlətləri 2020-ci ildən bəri təxminən 13 milyon avro ayırmaqla, Azərbaycanda minalarla mübarizə sahəsində ilk beynəlxalq donordur.

Stano minalara qarşı mübarizədə Azərbaycana verdikləri “dəstəyi” əlində bayrağa çevirir. Bildirir ki, minalarla mübarizədə Azərbaycana maliyyə yardımı ayırıblar. Doğrudur, Aİ minalarla mübarizədə maliyyə yardımı göstərib, amma yardım nə Ermənistanın mina terroru mirasına son qoymağa bəs edir, nə də Ermənistana verilən yardımlar qədərdir. Brüssel danışıqlarında mina xəritələrinin verilməsinə dair razılaşmalar olub, lakin bu xəritələrin cəmi 25 faizi doğrudur. Ancaq Aİ buna görə Ermənistana kiçik irad belə bildirməyib. Ən başlıcası, Aİ-nin göstərdiyi maliyyə dəstəyi minalanmış ərazilərin miqyasına baxanda dəryada damladır. O baxımdan 13 milyon minalanmış əraziləri təmizləmək üçün necə bir rəqəmdir? Hesablamalara görə, işğal dövründə ərazilərimizdə təxminən 1,5 milyon mina basdırılıb. Bəzi məlumatlara görə, minaları tam təmizləmək üçün 25 milyard manat vəsait lazımdır. O baxımdan 13 milyon avro nə böyük rəqəmdir ki, Stano bunu xüsusi vurğulayır?

“Söhbət 10 min kvadrat kilometr, yəni Livan dövləti boyda ərazidən gedir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, minaların təmizlənməsi ilə bağlı Aİ-nin göstərdiyi yardım heç nədir: “Minaların təmizlənməsi olduqca böyük vəsait və vaxt tələb edən məsələdir. Bu bütün dünyada belədir. Ona görə də minaların təmizlənməsi işinə bir sıra təşkilatlar dəstək verir. Ancaq 4 ildir müharibənin bitməsinə rəğmən, nə Avropa İttifaqı, nə də digər Qərb qurumları timsalında Azərbaycana əsaslı yardım edilmir. Nəzərə almaq lazımdır ki, Ermənistan işğal dövründə ərazilərimizi necə gəldi minalayıb. Bu məsələdə hansısa normativ belə gözlənilməyib. Ərazilərimiz sıx formada minalanıb. Nəinki təmas xətti, mülki yaşayış məntəqələri, məzarlıqlar, əkin sahələri və digər yerlər necə gəldi minalanıb. Üstəlik, minalanmış ərazilərin xəritələri verilmir. Bu isə o deməkdir ki, Azərbaycan işğaldan azad edilən əraziləri qarış-qarış minalardan təmizləməlidir. Söhbət 10 min kvadrat kilometr, yəni Livan dövləti boyda ərazidən gedir. Məgər Stano bütün bunları bilmir? Ukraynada hələ müharibə bitməyib, amma indiyə qədər Qərb təkcə minaların təmizlənməsi ilə əlaqədar 1 milyard dollardan artıq yardım edib. Azərbaycana gəldikdə, nəinki maliyyə yardımını, texniki dəstəyi belə əsirgəyirlər. Halbuki, Qərb ölkələrində, Yaponiyada müasir minatəmizləmə qurğuları var. Həmin vasitələrlə minaların təmizlənməsini nisbətən tezləşdirmək mümkündür. Ona görə də Aİ rəsmisinin Azərbaycana minnət qoymağa haqqı yoxdur. Bu işdə Azərbaycanı tək qoyublar”.

Vidadi ORDAHALLI





Избранный
13
baki-xeber.com

1Источники