RU

“Agro Dairy” minatəmizləmə maşınlarını ANAMA-ya ianə etdi – Fotolar

“Improtex Industry” Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 2 ədəd mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Vətəninfo.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2024” sərgisində mexaniki minatəmizləmə maşınlarının Agentliyə təqdim edilməsinə həsr olunan mərasim keçirilib.

“Revival P” və “Revival T” – piyada və tank əleyhinə mexaniki minatəmizləmə maşınları Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” tərəfindən Agentliyə ianə edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, “Agro Dairy” şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Improtex Industry” şirkətlər qrupunun baş direktoru Fərid Abdullayev, eləcə də bir sıra şirkətlərin rəsmiləri iştirak edib.

Təqdimat mərasimi çərçivəsində nümayəndə heyəti Agentliyin ADEX 2024 sərgisində təmsil olunduğu stendi ziyarət edərək, işğaldan azad edilmiş ərazilərdə icra edilən fəaliyyət, interaktiv xəritə üzərindən minatəmizləmə göstəriciləri, əməliyyatlar zamanı istifadə olunan alət və avadanlıqlar, azad edilmiş ərazilərdə əməliyyatlar zamanı aşkar olunan partlayıcı sursat nümunələri, eləcə də minatəmizləmə fəaliyyətini əyani şəkildə əks etdirən imitasiya sahəsi ilə tanış olublar.

Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə maşınları piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.

Təqdimat mərasiminin sonunda mexaniki minatəmizləmə maşınlarının sertifikatı Agentliyə təqdim edilib.

Избранный
4
18
veteninfo.az

10Источники