RU

Uqledar yarımühasirədədir, amma təslim olmur – Rusiya şəhərin işğalı üçün əlavə qüvvələr cəlb edib

İki ildir uğrunda qanlı döyüşlər gedən Donetsk vilayətinin Uqledar şəhəri ətrafında həlqə getdikcə daralır. Şəhərdəki Ukrayna hissələri yarımühasirədədir.

“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbə sayılan “DeepState” layihəsinin məlumatına görə, rus qoşunları şəhərin şərq hissəsinə doğru hərəkət edirlər. Onlar Uqledarın kənarındakı hündürmərtəbəli binalarda möhkəmlənməyə çalışırlar. Eyni zamanda, işğalçı qoşun sağ cinahdan təzyiq göstərməyə çalışsa da, hələlik bu istiqamətdən şəhərə çata bilməyib.

Məlumata görə, ruslar şəhəri ələ keçirmək üçün əlavə nizami qüvvələr və xüsusi təyinatlılardan ibarət yeni resurslar cəlb ediblər. Həmçinin, zatən dağılmış şəhər davamlı artilleriya və KAB atəşinə tutulur: "İlkin məlumatlara görə, Boqoyavlenkaya gedən yol atəşə nəzarət altındadır", - analitiklər qeyd ediblər. Bu, o deməkdir ki, Ukrayna qüvvələrinin təchizatı və geri çəkiləcəkləri halda hərəkət edəcəyi yol rusların atəş nəzarətindədir. Bu da Ukrayna bölmələrinin vəziyyətini daha da ağırlaşdırır.

“Bild” nəşrinin tanınmış eksperti Julian Röpke isə yazıb ki, son vaxtlar ruslar Uqledar üzərinə hücumları gücləndirərək, şəhəri üç tərəfdən mühasirəyə alıblar və şəhərə cənub-şərqdən daxil olublar. Ukrayna Silahlı Qüvvələri şimalda Kuraxovo istiqamətində yeganə təchizat marşrutunu saxlayır, ruslar isə havadan təslim olmağı tələb edən vərəqələr atırlar. Röpke bu addımı "İkinci Dünya müharibəsindən qalma bir təbliğat kampaniyası" adlandırıb: “Şəhərdə hələ də ukraynalılar tərəfindən nəzarət edilən bir neçə hündürmərtəbəli binalar var ki, 10 mərtəbəyə qədər olan bu binalar onları yaxşı qoruyur. Şəhərin özündə Ukrayna Silahlı Qüvvələri hələ də qalmaq və özlərini müdafiə etmək qabiliyyətinə malikdirlər. Lakin şimalda vəziyyət rusların təchizatı kəsə biləcəyi nöqtəyə çox yaxındır”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Forbes” nəşri Uqledarı müdafiə edən 72-ci mexanikləşdirilmiş briqadanın şəhərdən çəkilməyə başladığını yazıb. Lakin briqadanın özü bu açıqlamanı təkzib edərək, şəhərin müdafiəsini davam etdirdiklərini qeyd edib. Ötən gün isə 72-ci Briqadanın komandiri İvan Vinnikin vəzifəsindən kənarlaşdırıldığı məlum olub.

“AzPolitika.info”

Избранный
11
azpolitika.info

1Источники