RU

Kristiano Ronaldo qol vurdu, “Əl-Nəsr” 3-cü qələbəyə sevindi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 5-ci turu çərçivəsində baş tutan “Əl-Vəhda” ilə oyunun iştirakçısı olub.

“Əl-Nəsr” doğma meydanda baş tutan bu oyunda 2:0 hesablı qələbəyə sevinib. Bu dəfə də 90 dəqiqə meydanda olan Kristiano 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçın yekun nəticəsini müəyyənləşdirib.

5 turdan sonra 11 xal toplamış “Əl-Nəsr” çempionatın yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Əl-Vəhda” isə 4 xalla 14-cü pillədə yer alıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 7 oyuna 6 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
6
7
arena.az

10Источники