RU

Qərbin Ermənistanı Azərbaycana qarşı yönəltməsinin arxasında bu plan var...

Image

Bəhruz Quliyev: “Sülh müqaviləsinin razılaşdırılmayan məqamlarında onların barmağı var”

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında önəmli məqamlara toxunub. Ölkə başçısı bildirib ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır:

“Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik”.

“Qərbin bunda məqsədi əsas nəqliyyat arteriyasına çevrilməkdə olan Orta Dəhlizə nəzarət etməkdir” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Qərb dövlətlərinin başqaları ilə ultimativ dildə danışması, öz maraqlarını təmin etmək üçün beynəlxalq norma və prinsipləri əzib keçməsi, savaş üçün üçüncü ölkələrin ərazilərini seçməsi, iqtisadi maraqları naminə insanların kütləvi qırğınına səbəb olması yeni xəbər deyil: “Bu, müharibə dövlətlərinin həyat tərzidir. Onlar bu gün də meydandadırlar və dünya birliyi tərəfindən qəbul edilmiş qaydalara məhəl qoymadan beynəlxalq  münasibətləri öz tərtibləri ilə yönləndirməyə çalışırlar. Həm də haqsız olduqlarını bilə-bilə haqdan, ədalətdən danışırlar. Azərbaycanı Qərb üçün maraqlı edən də onun yeraltı və yerüstü sərvətləridir. O cümlədən, coğrafi mövqeyi, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində olmasıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən başlanan münaqişədə təsadüf yoxdur. Dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıdığı, BMT Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçılarının ərazilərimizdən çıxarılması barədə 4 qətnaməsi olduğu halda münaqişənin həlli niyə 30 il uzandı? Bu da təsadüfdürmü? Əlbəttə yox. Qərb Azərbaycanın potensialına bələd olduğundan ölkəmizin dirçəlməməsi, zəifləməsi və daim Qərb ölkələrinə möhtac duruma düşməsi üçün Cənubi Qafqazda münaqişələr seriasını işə salıblar. Azərbaycanı Ermənistanla münaqişəyə çəkiblər, daha doğrusu Ermənistanın bizimlə uzunmüddətli müharibə aparması üçün bu qondarma dövləti silahlandırıblar, maliyyə yardımları ediblər. Bu barədə Prezident Əliyev də Milli Məclisdəki çıxışında həssas məqamlara toxunub. Bildirib ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Bəli, Azərbaycan heç bir qüvvəyə, irticaçı dövlətlərə, regionu qan çanağına çevirməyə çalışan mərkəzlərə öz məkrli planlarını həyata keçirməyə imkan verməyəcək. Azərbaycanın bütün bunları həyata keçirməyə iqtisadi, siyasi, diplomatik imkanları ilə yanaşı, hərbi gücü də yetərlidir. ABŞ və Fransa başda olmaqla Qərbin məqsədi əsas nəqliyyat arteriyasına çevrilməkdə olan Orta Dəhlizə nəzarət etməkdir. Qərb bunun üçün əvvəlcə region ölkələrini, xüsusilə Azərbaycanı onunla hesablaşmağa razı salmaq istəyir. Müqavimət görəndə isə Ermənistan kimi marionet, oyuncaq dövləti dövrəyə qoşur. Əslində rəsmi İrəvan qonşuları ilə münasibətlərin qurulmasında maraqlıdır, amma bütün sahibləri, həm köhnə, həm də yeniləri Ermənistana müstəqil siyasət yürütməyə imkan vermirlər. Sülh müqaviləsinin razılaşdırılmayan məqamlarında da Qərbin barmağının olmasına heç bir şübhə yoxdur”.

Vidadi ORDAHALLI





Избранный
11
baki-xeber.com

1Источники