RU

Luis Suares Uruqvay yığmasından getdi

DÇ-2026 CONMEBOL zonası seçmə mərhələsinin Paraqvay yığması ilə 7-ci tur oyunu Uruqvay yığmasının hücumçusu Luis Suares üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Uruqvayın paytaxtı Montevideonun məşhur “Sentenario” stadionunda 0:0 hesabı ilə başa çatmış oyun “seleste”nin ulduz hücumçusu Luis Suaresin yığma komandada son oyunu olub.

Daha əvvəl bu oyunla Uruqvay yığmasına vida edəcəyini açıqlamış ulduz hücumçu söz verdiyi kimi də edib. Veteran hücumçu başlanğıc heyətində yer alaraq meydana çıxıb və bütün oyunu məhsuldar fəaliyyətsiz başa vurub. 85-ci dəqiqədə isə Suares qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb.

Luis Suares kapitanı sarğısını daşıdığı, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə verib.

Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.

Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu ABŞ klubu ilə 1 illik müqavilə bağlayıb. Müqavilə daha 1 mövsüm uzadılması haqda maddəni özündə ehtiva edir. Təcrübəli hücumçu “vağlar”ın heyətində indiyə qədər 27 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarında da çıxış edib.

“Transfermarkt” internet-portalı 37 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
arena.az

1Источники