“Barselona”nın ispaniyalı yeniyetmə vingeri Lamin Yamal uşaqlıqda atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini etiraf edib.
Arena.az “Marca” nəşrinə istinadən, Yamalın bu barədə xatirəsini təqdim edir:
“Atam dişləmədiklərini deyər və məni itlərlə qaçmağa məcbur edərdi. Ona görə də onlarla tez-tez futbol oynayırdım. İtə qarşı oynamaq – sənin edə biləcəyin ən çətin işdir”, deyə Yamal bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 15 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.