RU

Baş məşqçi Tərlan Əhmədov: "15 yaşlı qızlarımızın milliyə dəvət olunması qürurvericidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsmayıllı rayonunun qızlardan ibarət U15 komandasında çıxış edən Zəhra Rzayeva və Könül Sadıqlı Azərbaycan millisinə dəvət alıblar.
Bəs onların 15 yaşında milli komandaya dəvət olunmaları ilə bağlı təəssüratları necədir?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı İsmayıllı komandasının baş məşqçisinin və futbolçuların fikirlərini öyrənib.
İsmayıllı komandasının baş məşqçisi Tərlan Əhmədov yetirmələrinin milliyə dəvət olunmasından qürur duyduğunu deyib:
"İsmayıllı komandasından milliyə iki qızımızın dəvət olunması rayonumuzun futbolu üçün sevindirici haldır. Digər qızlarımız da onlara baxaraq həvəslənə və idmanla məşğul olmağa başlaya bilərlər. Əlbəttə, məşqçi olaraq mənim üçün qürur duyulacaq bir haldır. İsmayıllının kəndlərindən və rayonun özündən qızlardan ibarət komanda yaratmaq elə də asan iş deyil. Çətin işin öhdəsindən gəlmək və bunun bəhrəsini görmək qürurvericidir. Ümid edirəm ki, Könül və Zəhra milli komandada etimadı doğrulda bilərlər".
Milli komandaya dəvət olunan 15 yaşlı İsmayıllı komandasının futbolçusu Zəhra Rzayeva ilk dəfə millidə çıxışın gözəl hiss olduğunu bildirib:
"Milli komandaya dəvət aldığım üçün çox sevincliyəm. Baş məşqçimiz Tərlan Əhmədovun bizim üzərimizdə əməyi çoxdur. Onun sayəsində özümüzə olan inamımız artdı və futbol oynamağa başladıq. Ümid edirəm ki, milli komanda ilə ilk görüşümüzdə uğurlu nəticəyə imza atarıq. Hətta Belarusla qarşılaşma mənim xaricə ilk səfərim olacaq. Bu da ayrılıqda bir təcrübə olacaq mənim üçün. Bunun üçün də sevincli və həyəcanlıyam".
Azərbaycan millisinə dəvət alan digər 15 yaşlılardan ibarət İsmayıllı komandasının futbolçusu Könül Sadıqlı da komanda yoldaşı Z.Rzayevaya həmrəylik nümayiş etdirib.
"Milli komandaya dəvət olunmaq dillə ifadə olunacaq bir hiss deyil. Həqiqətən çox sevincliyəm. İlk dəfə xaricə səfər edəcəyəm. Ümid edirəm ki, Belarus səfərindən uğurlu nəticə qazanaraq geri qayıdacağıq. Bizə dəstək olduğu üçün Tərlan Əhmədova da təşəkkür edirəm".
Qeyd edək ki, qızlardan ibarət U15 seçmə komandamız Belarus millisi ilə görüş üçün sentyabrın 11-də səfərə yollanacaq.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
50
oxu.az

10Источники