RU

Roman Saley Paris-2024-də 2-ci medalını qazandı

Azərbaycanın paraüzgüçüsü Roman Saley Fransada təşkil olunmuş Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı bu dəfə 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.

Günorta saatlarında təsnifat yarışına qatılan Roman 54,21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.

Həlledici raundda isə Saley 53,65 saniyəlik nəticə göstərib. Bu nəticə ilə üçüncü yeri tutan paraüzgüçü bürünc medal qazanıb.

Xatırladaq ki, Roman Saley Paris-2024-də daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanmışsıb.

Bu gün Azərbaycan yığmasının daha bir neçə üzvü Paralimpiya Oyunlarında medal qazanmağa çalışıb. Parakamandan oxatmada mübarizə aparan Cahan Musayev startda məğlub olub. İdmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 6:4.

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva da finala yüksələ bilməyiblər. Milli üzvləri SH1 kateqoriyasında 50 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparıblar. Kamran Zeynalov 529 xalla 14-cü, Aybəniz Babayeva isə 507 xalla 26-cı olub.

Xatırladaq ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu.

Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) da bu gün Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. Final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.

Azərbaycan paraatleti Rüfət Rəfiyev (F36 kateqoriyası) də nüvəitələmə yarışında çıxış edib. 7 iştirakçı arasında 6-cı yeri tutan Rəfiyev yarışı mükafatsız başa vurub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Azərbaycan bu göstərici ilə hazırda 28-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
arena.az

1Источники