RU

"Vətəndaş Cəmiyyəti Uğrunda" SMK: Bu il seçkidə müşahidəçi olan QHT təmsilçilərinin sayı artıb

Seçki günü ümumrespublika müşahidəçisi olan QHT təmsilçilərinin sayı 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki sayından isə 4 dəfə çox olub.

APA xəbər verir k, bunu “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının 1 sentyabr 2024-cü il tarixində Milli Məclisə növbədənkənar seçkilərin səsvermə gününün müşahidəsi ilə əlaqədar keçirilən brifinqdə Koalisiyanın həmtəsisçisi Zaur İbrahimli deyib.

O bildirib ki, Koalisiya 538 nəfər müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb. Müşahidəçilər Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında da olublar. Müşahidəçilərin hamısı QHT üzvləri, fəalları və könüllüləridir, onlar öncədən seçki müşahidəçiliyi ilə əlaqədar peşəkar təlimlərə cəlb olunublar.

Z. İbrahimli qeyd edib ki, seçki günü məntəqələrdə müşahidə aparmış QHT təmsilçilərindən 20%-i 2 seçki koalisiyasının nümayəndələri olub. Bunlardan biri “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası, digəri “Mənim səsim” Seçki Monitorinq Koalisiyası olub.

Koalisiyalarda birləşmədən seçkiləri müşahidə edən xeyli QHT-lər də olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bu qəbildən olan təşkilatlardır.

O əlavə edib ki, bu seçkilər üzərində ictimai nəzarətin daha yaxşı təmin olunduğunu söyləməyə əsas verir: “Müşahidə apardığımız seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasına namizədlər tərəfindən hər hansı şikayət daxil olmayıb, seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb. Koalisiyanın müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bölgələri əhatə edən bəzi rayonlardakı bir neçə məntəqədə müxtəlif bəhanələrlə məntəqə sədrləri buna maneə yaratmağa çalışıb, lakin Koalisiyanın Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra problem operativ həllini tapıb. Mərkəzi Seçki Komissiyası ölkə ictimaiyyətini səsvermənin gedişi və nəticələri haqqında davamlı məlumatlandırıb. Seçki məntəqələrində media subyektlərinin, jurnalistlərin peşə fəaliyyətini həyata keçirilməsinə tam şərait yaradılıb”.

Vurğulanıb ki, səsvermə ümumilikdə, dinc şəraitdə keçib, seçki prosedurlarına əsasən əməl olunub. Müəyyən prosedur pozuntuları qeydə alınsa da, onlar sistematik və ya geniş yayılmış hal olmayıb, ümumi nəticələrə təsir etməyib. Şikayət və müraciət mexanizmləri bütün iştirakçılar üçün əlçatan olub. Səyyar səsvermə prosesi qanunvericilik və qaydalara uyğun həyata keçirilib. Seçkilər cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən əlilliyi olan şəxslərin inklüziv iştirakını təmin etmək üçün tədbirlərlə əhatə olunub. Həmçinin, gender təmsilçiliyi qənaətbəxş səviyyədə olub.

“Lakin təəssüflə bildiririk ki, səsvermə günü bəzi namizədlərinin və onların nümayəndələrinin seçki məntəqələrində süni qalmaqal, şou yaratmağa, güc tətbiq edərək seçki prosesini pozmağa çalışması cəhdləri də müşahidə edilib, hesab edirik ki, belə hallar qəbuledilməzdir. Səsvermə azad, ədalətli, demokratik, şəffaf keçirilib. Seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Müşahidə Koalisiyası olaraq, seçki günü ilə əlaqədar bütün qeydləri sistemləşdirilir, təhlil və monitorinq işləri davam edir, seçkidən sonrakı proses də nəzərə alınmaqla, yekun hesabatda bütün məqamlar əks olunacaq. Bir məqamı da qeyd edirik ki, seçki günü – səsvermə başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna aid olduğu iddia olunan səsvermə gününə dair seçki hesabatının internet resurslarında yayılması bu təsisata qarşı Azərbaycan ictimaiyyətində inamı daha da zədələyib. ATƏT əvvəlki dövrlərdə də Azərbaycan əleyhinə qərəzli yanaşmaları və hesabatları ilə tanınıb. Ermənistan və Azərbaycan arasında müharibə çoxdan başa çatsa da, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də, ATƏT-in Minsk qrupu tarixə çevrilsə də, ATƏT-in hələ də Minsk qrupunu rəsmi qaydada ləğv etməməsi Azərbaycanda bu təşkilata, o cümlədən onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna ictimai etimadı sıfırlayıb. Bura ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ötən dövr ərzində azərbaycanlı məcburi köçkünlərin və qaçqınların pozulmuş insan hüquqları ilə əlaqədar hərəkətsizliyi də əlavə olunmalıdır”- Zaur İbrahimli əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
6
apa.az

8Источники