RU

Amerikalı erməni azərbaycanlılara qarşı terror məqsədilə bomba hazırlayıb...

ABŞ-ın Massaçusets ştatının Nyuton şəhərinin sakini, erməni əsilli amerikalı 21 yaşlı Aram Bronson Aram azərbaycanlılara qarşı terror aktları törətmək məqsədi ilə yaşadığı mənzildə partlayıcı qurğu hazırlayıb.  Bu barədə ABŞ hüquq mühafizə orqanları məlumat verib. 

Bronson polis tərəfindən yaxalanmamaq üçün  ABŞ-ı tərk edərək Yerevana qaçıb və hazırda Ermənistan Amerika Universitetində oxuyur.

Massaçusets Baş Prokurorluğundan verilən məlumata görə, Bronson Bostonun Loqan Beynəlxalq Hava Limanından uçarkən əldəqayırma bomba hazırlamaqda və federal orqanlara yalan ifadələr verməkdə ittiham olunub. Ermənistana getməzdən əvvəl gənc Çikaqo Universitetinin tələbəsi olub və onun yataqxanasında yaşayıb. 

2023-cü ilin avqustunda Yerevana qaçmazdan əvvəl Loqan hava limanında mühafizədən keçərkən sistem onun baqajında ​​partlayıcı maddələrin izlərini aşkar edib. Bronson təhlükəsizlik işçilərinə bunun səbəbini  bilmədiyini deyib.

Bronson Ermənistana gəldikdən sonra məlum olub ki, o, Çikaqo Universitetinin yataqxanasında partlayıcı qurğu hazırlayıb. Gəncin otağında internetdə tapdığı partlayıcı maddələrin izləri və bombanın yığılması üçün təlimat tapılıb.

İstintaq Bronsonun hərəkətlərinin "Qarabağ ermənilərinin qisasını almaq” istəyindən qaynaqlandığını iddia edir. O, azərbaycanlılara qarşı terror aktları planlaşdırıb.

2023-cü ilin yanvarında Bronson barıtdan istifadə edərək böyük partlayıcı qurğu yığmaq istəyərkən təsadüfən otağında partlayış törətdiyi zaman Çikaqo hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Hadisə yanğına və yataqxananın boşaldılmasına səbəb olub. Gənc oğlan polisə internetdə gördüyü oyunu təkrarlamağa çalışdığını izah edib. Lakin sonrakı araşdırmalar zamanı məlum olub ki, Bronson "erməni işinə dəstək vermək üçün inqilabi fəaliyyət və terrorizmlə” məşğul olmaq niyyətində olub. O, hətta partlayıcı qurğuların yaradılması, qumbaraatanların qapılara və masalara yerləşdirilməsi ilə bağlı təlimat videoları da hazırlayıb.

Bronsonun ABŞ-dakı xarici diplomatik qurumlara hücum etmək niyyətini sübut edən  məlumatları da internetdə axtarıb.

Massaçusets Baş prokurorunun səlahiyyətlərini icra edən Coşua Levi Bronsonun hərəkətlərinin "sərhədləri aşdığını” və onun radikal fikirləri təhqiredici olsa da, ABŞ Konstitusiyası ilə qorunduğunu söyləyib. Bununla belə, partlayıcı maddələrlə təcrübə aparmaq və federal orqanlara yalan ifadələr vermək artıq cinayətdir.

"Biz icmalarımızın təhlükəsizliyini təhdid edən hər kəsi araşdırıb təqib edəcəyik"  -  Levi deyib.

 "Aram Bronsona qarşı ittihamlar ciddi narahatlıq doğurur. Biz inanırıq ki, o, zorakı ekstremist fəaliyyətlər həyata keçirmək üçün partlayıcı qurğular yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün diqqətlə planlaşdırılmış sxemdə iştirak edib”,  -  FTB-nin Bostondakı xüsusi agenti Codi Koen əlavə edib. 

Bostondakı ABŞ Gömrük və Sərhəd Mühafizəsi (USCBP) Sahə Əməliyyatlarının direktoru Cennifer De La O qeyd etdi ki, USCBP zabitləri zərər vurmaq niyyətində olanları məsuliyyətə cəlb etmək üçün digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirlər.

Bronsona qarşı irəli sürülən ittihamların hər biri beş il həbs, üç il nəzarət altında azad edilmə və 250.000 dollara qədər cərimə ilə nəticələnə bilər.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
139
19
anews.az

10Источники