RU

Azərbaycan Rusiyanı və Qərbi "Qafqazda sülh" mövzusunda bir mövqeyə gətirir...

Image

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri və onun nəticələri dünya mediasında, ekspert dairələrində əsas müzakirə predmetlərindən biri olaraq qalmaqdadır. Bu fonda “Döyçe velle” radiosu qeyd edir ki, artıq bir neçə ildir davam edən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi həqiqətdir və hətta hər iki ölkədə bu yaxınlaşmadan məmnun olmayanlar da proseslə barışıblar.

Bakının mövqeyi sabit və ardıcıldır, bu mövqe dünyada qəbul edilir. Ona da diqqət çəkilir ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri ikitərəfli münasibətləri üçüncü ölkələrdən asılı vəziyyətə salmamaq, ardıcıl və proqnozlaşdırıla bilən olmaqdır. “Ritm Evraziyi” analitik saytı isə qeyd edir ki, beynəlxalq siyasi sistemdə baş verən transformasiya Qafqaz regionundakı vəziyyətə də təsirsiz ötüşməyib. Qafqaza yalnız regionun deyil, eyni zamanda, qlobal güclərin, o cümlədən Rusiyanın da marağı artıb. Yazıda diqqətə çatdırılır ki, Qafqaz Rusiyanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri hesab olunub. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunur ki, Rusiya prezidenti Azərbaycana 7 dəfə səfər edib. Bundan başqa, hər iki ölkənin lideri beynəlxalq platformalar çərçivəsində çoxsaylı görüşlər keçiriblər: “Avqustun 18-də Bakıya səfər edən Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə qarşılandı. Səhəri gün Rusiya prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Sonra Vladimir Putin, köməkçisi Yuri Uşakov, baş nazirin müavini Aliksey Overçuk, xarici işlər naziri Serqey Lavrov Azərbaycan prezidentinin iqamətgahına gələrək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışıqlar apardılar. Hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatdan aydın oldu ki, qarşılıqlı münasibətlərdə böyük irəliləyiş müşahidə olunur və 2022-ci ilin fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Bəyannamənin bəndlərinə tərəflər əməl edir. Bu fonda prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Rusiya nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq edir və bu səfər qarşılıqlı münasibətlərin inkişafı üçün səmərəli olacaq. Vladimir Putin isə nəzərə çatdırdı ki, hər iki dövlət energetika, nəqliyyat, kooperasiya, yüngül sənaye sahələrində yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard rubl həcmində investisiya yatırıb və ölkədə Rusiya kapitalına əsaslanan 1200 müəssisə fəaliyyət göstərir. Rusiya prezidenti, həmçinin, rus dilinə göstərilən yüksək münasibətə görə Azərbaycana təşəkkürünü bildirib. Görüşün əsas məqamı regionda təhlükəsizlik məsələsinin müzakirəsi olub. Ukrayna istiqamətində yaranan çətinliklərə baxmayaraq. Rusiya Cənubi Qafqazı diqqətdən kənarda saxlamaq fikrində deyil. Vladimir Putin bildirdi ki, son dövrlər baş verən hadisələr Rusiyanın Cənubi Qafqazdakı proseslərə qatılması zərurətini yaradıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədin demarkasiyası Rusiya üçün şad xəbər olar”.

Materialda həmçinin qeyd olunub ki, səfər çərçivəsində dövlətlər arasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb: “Bunlar da perspektivdə iqtisadi, siyasi, mədəni, ekoloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına stimul yaradacaq. Qərbin Azərbaycana təzyiqlərinə baxmayaraq, rəsmi Bakı yaxın qonşusu ilə konfrontasiyaya getmək istəmir, əksinə, əlaqələrini inkişaf etdirmək yolunu tutub. Bu isə praqmatik siyasi xəttin davam etdirilməsidir”. O da qeyd edilir ki, hazırda Rusiyaya da Qafqazda barış mühitinin hökm sürməsi lazımdır. Bu halda Moska üçün regionda narahaetdici prpseslər cərəyan etməyəcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Rusiya və Azərbaycan prezidentləri Bakı ilə İrəvan arasında barışıq mövzusunu ətraflı müzakirə ediblər: “Bizim bütün səylərimiz həm Bakı, həm də İrəvanla xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrə və regionda güclü təhlükəsizlik sistemi qurmaq üçün birgə səyə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Biz mütəmadi olaraq Bakı və İrəvanı vəziyyətin pisləşməsinə səbəb olan istənilən hərəkətlərdən çəkindirməyə çağırırıq. Bütün mübahisəli məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yolla həll edilməlidir”. Zaxarova qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunması üçün ən mühüm şərtdir: “Biz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasında maraqlıyıq və bunun üçün praktiki baxımdan əlimizdən gələni etmişik. Erməni və azərbaycanlı tərəfdaşlarımıza kömək etmək niyyətimiz qeyd olunan mətbuat konfransında Rusiya Federasiyasının prezidenti tərəfindən şəxsən təsdiqlənib”. Zaxarova əlavə edib ki, Rusiya tərəflərə üçtərəfli sazişlərin bütün istiqamətləri üzrə ən yüksək səviyyədə kömək etməyə hazırdır. Bütün bunları şərtləndirən səbəblər də az deyil. Əvvəla, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Bunu bütün dünya, o cümlədən də Rusiya qəbul edir. Regonun güclü dövləti olan Azərbaycanın maraqlarını da Rusiya mütləq nəzərə alır. Digər tərəfdən, indi regionda sülh heç vaxt olmadığı qədər yaxındır. Həm Qərb, həm də Rusiya başa düşür ki, buna qarşı çıxsalar, regionda öz mövqelərinə zərbə vurmuş olarlar.  O səbəbdən mümkün sülh prosesində iştirakçı olmaq hər iki tərəfin marağında yer alır. Azərbaycanın da istədiyi məhz budur.

Ramil QULİYEV





Избранный
150
50
baki-xeber.com

10Источники