RU

İran Zəngəzurda ABŞ bazasına çox "dişsiz" bir reaksiya verdi...

Image

Amid Əliyev: “Bu vəziyyətdə İran öz ənənəvi siyasətindən əl çəkməli, Azərbaycanın yanında dayanmalı və…”

İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin bu fikrini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır: “Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”.

ABŞ-ın etdikləri fonunda İranın bu bəyanatı “dişsiz” sayıla bilərmi?

Siyasi şərhçi Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın Ermənistanla münasibətlərində hər iki tərəfin xeyrinə olmayan çatlar yaranıb: “Bunun əsas səbəbi isə 40 ildən çox bir müddət ərzində İranı dünyadan təcrid etməyə çalışan ABŞ imperializmi və Ermənistanı ekspansiya etməsidir.

Uzun illərdir ki, İran bölgədə həyata keçirdiyi siyasətdə Ermənistanı özünə əsas tərəfdar kimi  müəyyən edib. Hətta I və II Qarabağ müharibələri zamanı da Ermənistana olan isti münasibət Azərbaycana bəslənmirdi. Ermənistana müxtəlif illərdə yardımların edilməsi və hətta 2020-ci ildə Ermənistan üçün qırmızı xətlərin müəyyən edilməsi fonunda İran gözləmirdi ki,  həmkar hesab etdiyi Ermənistan qısa müddət ərzində onu Qərbə satacaq. Düzdür, bunu Ermənistan öz təhlükəsizliyi ilə bağlı edir, amma bu halda belə bölgədəki qonşuların, xüsusilə   də regional güc olan İranın maraqları da gözardına alınmamalı idi.

Bu siyasətlə Ermənistan İranın Qərb tərəfindən israrlı şəkildə yeni münaqişəyə qoşulması siyasətinə də şərait yaratmış oldu. Son illər İsrailin bölgədəki hərbi aktivliyi, “Hizbullah”  və HƏMAS liderlərinin qətlə yetirilməsi və İsrailə olan dəstək fonunda İranın məcburən  susması onu deməyə əsas verir ki, bu oyunlara İran qurban getmək istəmir. Yoxsa ABŞ Ermənistana hərbi yardımlarına və keçirilən hərbi təlimlərə səssiz qalmazdı.

İranın siyasi və dini hakimiyyəyi çox gözəl bilir ki, hazırda Qərb aktiv şəkildə  Ermənistana nüfuz edir və bu da bölgədə yeni siyasi konfiqurasiyanın yaranmasına gətirib çıxara bilər ki, sonra İran bundan əziyyət  çəksin. Qərbin bölgədə olması İran üçün arzuolunan deyil.

İranın dini lideri və prezidenti səviyyəsində də Ermənistana mövcud vəziyyətdən çıxış  yolunun bölgədə axtarılması və bölgə gücləri ilə həll edilməsi barədə xəbərdarlıq edilib.

 Lakin görünən odur ki, Ermənistan öz Qərb patronajlarının əmrlərindən çıxmağa elə də meylli deyil. 

Silahlanmada aktiv fazaya keçən Ermənistan Azərbaycanla sərhəddə texnika toplanmasını həyata keçirir və kəşfiyyat cəhdlərini gizlətmir. Baxmayaraq ki, hələ bunlar uğursuz alınır, amma əsas məqsdlərdən biri də Qafqazda yeni münaqişə ocağının yaranmasıdır. Əgər bunun bir tərəfi Ermənistan olacaqsa, digər tərəfi Azərbaycan olacaq. Nəticədə isə Zəngəzur dəhlizinin açılmasını Qərb realizə etsə,  İrana heç bir pay düşməyəcək. Bunu İranın siyasi və dini hakimiyyəti çox gözəl anlayır. Ona görə də bu günlərdə İranın siyasi isteblişmenti və diplomatik korpusu Ermənistanın ABŞ- la münasibətləridən narazı olduğunu açıq şəkildə bildirir. Bunun yalnız duplomatik səviyyədə davam edəcək bir demarş olmasını çox gözəl anlayan Qərb və Ermənistan əməkadaşlığı daha da dərinləşdirməkdə israrlı olacaqlar. Hazırkı şəraitdə İran həm şimaldan, həm də cənub və qərbdən ABŞ tərəfindən hazırlanmış "müharibəyə cəlbolunma" tələsi ilə real şəkildə üz-üzrədir.

Bu vəziyyətdə İran öz ənənəvi siyasətindən əl çəkməli, Azərbaycanın yanında dayanmalı və bölgədə uzunmüddətli sülhün bərqərar olmasına istiqamətlənən siyasəti dəstəkləməlidir. Əks halda İranın bu oyundan, böyük ehtimalla, məğlubiyyətlə çıxacağını söyləmək olar”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
43
baki-xeber.com

10Источники