EN

Cəlal Hüseynov “Qarabağ”ın rəqibinə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 3-ci turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası “Arda” bu turda son çempion “Ludoqorets”lə qarşılaşıb. Səfərdə baş tutan bu oyun “Arda”nın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə sarı vərəqə də alıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 37 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Onu da qeyd edək ki, “Ludoqorets” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Ağdam klubu bu rəqibini avqustun 6-da Bakıda qəbul edəcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə ayın 13-də Bolqarıstanda baş tutacaq.

“Arda” 3 turdan sonra 3 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. 2 oyuna 6 xal toplamış “Ludoqorets” isə 3-cüdür.

Chosen
87
4
arena.az

6Sources