EN

“Göylərin” qohum  evliliyindən xəbəri yoxdur

Qohum evliliyi bir ailənin ömürlük şikəstliyidir

Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik  xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu  problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara daha çox rast gəlmək mümkündür. Qohumlar arasında nikahın mənfi nəticələrinə dair işin aparılması və bu istiqamətdə effektiv nəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsi və koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi üçün  gələcəkdə hansı işlərin görülməsi gözləniləndir?

“İki sahil” sözügedən mövzu ilə mühüm məqamlara aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrəndi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi  Rafiq Mahmudov diqqətə çatdırdı ki, bu gün dünyanın bir çox ölkəsində qohum evliliyinə qadağa qoyulub. Alimlərin apardıqları araşdırmalar onu göstərir ki, qohum evliliyindən dünyaya gələn uşaqlarda genetik xəstəliklər normal evliliklərdən 2 dəfə çoxdur. Genetik xəstəliklər isə müalicə olunmayan xəstəliklərdir. Bu da o deməkdir ki, dünyaya gələn uşaq və onun valideynləri bu xəstəliklə ömür boyu mübarizə aparmaqla yaşamalıdır. Bu da bir başa olaraq ailə daxili münasibətlərə təsir edir və ailənin dağılması riskini çoxaldır. Müasir və inkişaf etmiş cəmiyyətdə qohum evliliyinin mövcudluğu xoşa gəlməyən bir haldır və bu kimi nikahların bağlanması daha çox formalaşmış stereotiplərdən  irəli gəlir.

Rafiq Mahmudovun sözlərinə görə, qohum evliliyi və erkən nikah problemi bizi narahat edən problemlərdən biridir. Yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin  edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələlərdir. Biz uzun müddətdir ki, bu problemlərlə mübarizə aparırıq və ölkədə mövcud olan bu problemlərin qarşısının alınması məqsədilə maarifləndirmə işlərilə yanaşı qanuni qadağaların tətbiq  edilməsini vacib addım hesab edirik. Milli Məclis tərəfindən qəbul edilmiş dəyişikliklər bu kimi halların qarşısının alınmasına kömək edəcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamət üzrə işlərin davamlı olaraq aparılması nəzərdə tutulub.

Müsahibimiz bildirdi ki, dünyaya gələn uşaqlar arasında genetik və irsi xəstəliklərin çoxalması onu göstərdi ki, aparılmış addımlar vaxtında görülüb. Bu kimi nikahların qarşısının alınmasında hökumətlə yanaşı vətəndaş cəmiyyəti də aktiv iştirak etməlidir, çünki, bu qohum evliliyi və erkən nikah cəmiyyəti sarsıdan problemlərdəndir. Ehtimal edirəm ki, qohumlar arasında qeyri rəsmi nikahların bağlanmasına cəhdlər olarsa, bu şəxslər bilməlidirlər ki, onlar qanun qarşısında cavab verəcəklər. Eyni zamanda, valideynlər başa düşməlidirlər ki, öz ambisiyalarına görə əziyyət çəkən məhz onların övladları və onların dünyaya gələcək xəstə nəvələri olacaqdır. Qohumlar arasında bağlanan nikahların fəsadları barədə məlumatlandırma və maarifləndirmə işlərinin digər qurumlar və cəmiyyət üzvləri ilə birgə davamlıq olaraq aparılması vacibdir. Bu kimi nikahların qurbanları əksər hallarda öz hüquqlarını bilməyən gənclər olduğunu nəzərə alsaq, maarifləndirmə işlərinin məhz həmin auditoriya arasında aparılması vacibdir.

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsinin genetiki Ağarza Ağayev “İki sahil”ə açıqlamasında vurğuladı ki, qohum evliliyi nikaha daxil olan şəxslər arasında qan bağının olmasıdır. Bu vəziyyət genetik xəstəliklərin epidemiologiyasına təsir edən əsas məqamlardan biridir. Nəzərə çatdırmaq istəyirəm ki, genetik risk baxımından ata və ya ana tərəfindən edilən qohum evlilikləri eyni risk daşıyır (əmiqızı -əmioğlu və ya xalaoğlu -xalaqızı nikahları kimi). 

Ağarza Ağayev qeyd etdi ki, insan genomu bilinən yüzlərlə resessiv xəstəlikdən birinə yol açacaq 6-8 geni (alleli) heteroziqot olaraq daşıyır. Birinci dərəcə evliliklərində bütün genomun ~1/8 hissəsi ortaq paylaşıldığına görə, xüsusi ilə resessiv xəstəliklərin (daşıyıcı qavramı olan xəstəlik qrupu) görülmə ehtimalı artmış olur. Daşıyıcı sıxlığı yüksək olan (rastgəlmə tezliyi yüksək olan bəzi xəstəliklər, endemik xəstəlik qrupları) xəstəliklərdə qohum evliliyi nəticəsində xəstə uşaqların doğulma ehtimalı ayrı bir önəm qazanır və eyni zamanda sosial, iqtisadi və səhiyyə yükünü artırır.

Genetik nümunə üçün bildirdi ki, qapalı cəmiyyətlərdə genetik metabolik xəstəlik olan "Tay Sachs" xəstəliyi baxımından sağlam olan şəxsin daşıyıcı olan bir şəxslə nikaha daxil olma ehtimalı 1/20 olduqda, normal populyasiyada bu nisbət 1/400 olaraq qeyd edilir. Eyni zamanda, bizim populyasiyamızda da daşıyıcı sıxlığı yüksək olan talassemiya, əzələ atrofiyaları və metabolik xəstəliklər baxımından xəstə uşaqların doğulması da qohum evliliyi etmiş cütlüklərin ailələrində daha sıx görülür. Bu xəstəliklərin diaqnozu, müalicəsi və profilaktikası (evlilik öncəsi skrininq, prenatal və preimplantasiya öncəsi genetik diaqnostikası və ailə planlanmasına yönəlik genetik məsləhətin təşkili) səhiyyə qurumları üçün mühüm önəm kəsb edir və nikaha daxil olacaq şəxslərin, ailələrin və ümumilikdə bütün cəmiyyətin maarifləndirilməsi bu istiqamətdəki ən zəruri işlərdir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının uzman həkim-mamaginekoloqu Sahilə Səfərova isə vurğuladı ki, ən azı bir ortaq əcdadı olan şəxslərə “qohum”, qohumlar arasında nikahlara isə “qohum nikahları” deyilir. Qohum evliliklərinin rastgəlmə tezliyi cəmiyyətdən cəmiyyətə dəyişir. Avropa və Şimali Amerikada qohum evlilikləri çox nadir olsa da, dünyanın digər yerlərində bütün nikahların 20-50%-ni təşkil edir.  Son illərdə tibbin inkişafı ilə bərabər qohum evliliklərinin sonraki nəsillərdə ciddi sağlamlıq problemlərinə səbəb olduğu faktı gündəmə gəlib. Qohum evlilikləri cəmiyyətdə genetik xəstəliklərin epidemiologiyasına təsir edən mühüm amillərdən biridir. Belə ki, qohum olmayan evliliklərlə müqayisədə qohum evlilikləri deffektli və resessiv genlərin homozigot olaraq bir araya gəlməsinə və bu səbəbdən xəstə uşaqların daha yüksək nisbətdə doğulmasına səbəb olur.

Sahilə Səfərova diqqətə çatdırdı ki, yaxın qohumlar arasında nikahlar genetik baxımdan çox kritikdir. Yaxın qan qohumluğu olan fərdlərin eyni allelləri (qüsurlu geni daşıyan) daşıma ehtimalı daha uzaq qan qohumluğu olan şəxslərə nisbətən daha yüksəkdir. Yəni qohum cütlükdən olan uşağın fərqli allellərə (qüsurlu geni daşıyan) görə homozigot olma ehtimalı qohum olmayan cütlüklərdən olan uşaqlara görə qat-qat daha yüksəkdir. Aparılan müxtəlif araşdırmalar nəticəsində qohum evliliklərinin  qadın və kişi sonsuzluğuna, öz-özünə düşüklərə, ölü doğumlara, uşaq ölümlərinə səbəb olduğu  müəyyən edilmişdir. Bundan əlavə, qohum nikahları olan populyasiyalarda anadangəlmə anomaliyalı uşaq dünyaya gətirmə riskinin digər populyasiyalara nisbətən təxminən iki dəfə artdığı müşahidə edilmişdir. Çox zaman bu qüsurlar metabolik xəstəliklər şəklində olur. Bu xəstəliklərin də təəssüflər olsunki prenatal diaqnozu çox çətindir.

Həmsöhbətimiz qeyd etdi ki, qohum evliliklərinin sosial-iqtisadi quruluşa, dini inanc və adətlərə görə də cəmiyyətdən cəmiyyətə dəyişdiyini, hətta bəzi bölgələrdə yaxın qohumlar arasında evliliklər iqtisadi maraqlar, cütlüyün ailələrinin bir-birini daha yaxşı tanıması və coğrafi mövqe kimi səbəblərlə dəstəklənə biləcəyini nəzərə alsaq qohum evliliklərinə qadağa qoyulması təbii ki, nisbidə olsa genetik xəstə doğulan uşaqlarin sayini azaldacaq. Ölkəmizdə həm etnik mənsubiyyətindən, həm də fərdlərin böyüdüyü bölgələrdən asılı olaraq qohum evliliklərinin nisbətlərində ciddi fərqlər var. Evlənmək qərarı verən cütlüklərdə əgər qohumdularsa və ailədə bilinən genetik xəstəlik varsa  mütləq şəkildə detaylı genetik analiz verməli və ola biləcək fəsadlar haqqında ətraflı məlumatlandırılmalıdırlar.  Düşünürəm ki, təhsil və həyat səviyyəsi yüksəldikcə qohum evliliklərinin tezliyi azalır ki, bu da danılmaz faktdır. Eyni zamanda sosial-iqtisadi inkişaf, urbanizasiya, təhsil səviyyəsinin yüksəlməsi ilə ailənin qurulmasındakı bir çox adət-ənənələrin aradan qalxması, qohum nigahlarının fəsadları haqqında maarifləndirmə işlərinin aparılması qohum nikahlarının sayında azalmasına səbəb olacağı şübhəsizdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
46
2
ikisahil.az

3Sources