EN

Məşhur cizgi filmləri niyə qadağan olunub?

Uşaqların təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında cizgi filmlərinin rolu şübhəsizdir. Modern dünyamızda cizgi filmi sənayesi çoxşaxəli formada inanılmaz sürət götürərək inkişaf etməkdədir. Sovet uşaqlarının sevə-sevə izlədiyi “Nu, poqodi!”, Qərbin populyar “Tom and Jerry” kimi cizgi filmləri artıq klassikaya çevrilib. Günümüzün məşhur cizgi-animasiya filmlərinin baş qəhrəmanları sadəcə pişik, yaxud məşhur it deyil, artıq film istehsalçıları robotlar,

yadplanetlilər, batman, supermen kimi daha mürəkkəb obrazlar yaradaraq elmi, fantastik mövzulara daha çox müraciət edirlər. Uşaqların və yeniyetmələrin sevimlisinə çevrilən, milyonlarla tamaşaçını ekran qarşısına toplayan bu rəngarəng cizgi filmlərində, təəssüf ki, bəzən xoşagəlməz səhnələr, qeyri-etik ifadələr, vulqar detallar da yer alır. Bir çox ölkədə bu kimi məqamların aşkarlandığı məşhur cizgi filmlərinin yayımına qadağa qoyulub. 

Tini Tonun macəraları

1990-cı illərdən bəri yayımlanan, Bugs Bunnydən tutmuş Daffy Ducka qədər onlarla cizgi personajını izləyicilərə sevdirən “Tini Tonun macəraları”cizgi filminin üç hissəli “Fil problemləri” seriyasının “Bir şüşə pivə” adlı ilk bölümü spirtli içki təbliğatına görə qadağan edilib. Həmin seriya üç dostun pivə içməsindən və sərxoş halda başlarına gələn sərgüzəştlərdən bəhs edir. Ona görə serial televiziyada yayımlanmayıb, DVD formatında satışa çıxarılıb.

Mikki Maus

1930-cu illərdən artıb çoxalan qorxu filmləri dünyanın müxtəlif ölkələrində mütəxəssislər arasında mübahisə və müzakirələr doğururdu. Skeletləri “yaşayan ölülər” kimi qəbul edən Böyük Britaniya məhkəməsi “Mickey Mouse”un “Mad Doctor” bölümünü qadağan etmişdi. Həmin bölümdə skeletlər qorxunc halda canlandırılır, uşaqlarda müxtəlif travmalar yaradırdı. Nasist Almaniyası dövründə bu cür qorxu elementləri ilə dolu olan cizgi filmlərinin yayılmasına icazə verilsə də, sonradan qorxulu bölümələri onlar da öz ekranlarına buraxmamışdılar.

Peppa Pig

Azyaşlılar üçün nəzərdə tutulan “Peppa Pig” cizgi filmi uşaqları təsir altına saldığı üçün Çində qadağan edilib. Peppa Pig reperlərin və tatu ustalarının sevimli obrazıdır. Xaos, özbaşınalıq, üsyan ruhu təbliğ etməsi ittihamı ilə ölkədəki bütün televiziya ekranlarından yığışdırılıb. Serialın “Mister Skinnylegs” epizodu isə Avstraliyada qadağan edilib. Qadağaya səbəb həmin seriyada personajlardan birinin hörümçəklərin zərərsiz olduğunu söyləməsidir.

Batman

Televiziya tarixinin ən çox izlənən animasiyalarından biri - “Batman: Brave and Bold”un ikinci sezonunun 24-cü bölümü Batmanın “Angry Birds” ilə birlikdə oxuduğu mahnıda qeyri-etik ifadələrə rast gəlindiyi üçün həmin bölümün yayımı bir çox ölkədə qadağan olunub. Televiziyalar vasitəsilə heç vaxt yayılmayan bölüm serialın DVD formatına bonus kimi əlavə edilib.

Pokemon

Məşhur “Pokemon” cizgi filminin 38-ci bölümündə tarixə düşən 12 Hz tezlikli parlaq mavi və qırmızı işığın yanıb-sönməsi uşaqların sağlamlığına zərər yetirə biləcəyi üçün müzakirələrə səbəb olub. “Pokemon şoku” adlandırılan bu görüntünün yer aldığı seriya Yaponiya, Türkiyə və bir çox Yaxın Şərq ölkəsində də qadağan edilib.

Süngər Bob və Kvadrat şalvar

Dünyanın ən məşhur cizgi filmlərindən biri “Süngər Bob” “Nickelodeon”un ən çox izlənən serialı olsa da, onun bəzi bölümləri cizgi film sərhədlərini aşdığından bir çox ölkədə qadağan edilib. Məsələn, seriyalardan birində Süngər Bob dostu Patrik və müdiri cənab Krabs ilə yaxşıca əyləndikdən sonra bir qadının evinə girərək onun alt paltarını oğurlayırlar. Bu epizodun canlandırıldığı bölüm 2018-ci ildən bəri televizya proqramlarında yayımlanmır.

Tom və Cerri

Bir zamanlar ən populyar cizgi filmi olan “Tom and Jerry” fiziki şiddət və qəddarlıq aşılayan səhnələrə görə əksər ölkədə yasaqlanıb. Mütəxəssislər bu seriallara baxanlar arasında itlərə, pişiklərə aqressiya göstərən uşaqların çoxaldığını müşahidə ediblər.

Simpsonlar

Bir-birinin ardınca gerçəkləşən proqnozlarına görə dünyada qeyri-adi dərəcədə məşhurlaşan “Simpsonlar” cizgi serialı bəzi Avropa ölkələrində, o cümlədən Rusiyada qadağan edilib. Mütəxəssislər bu cizgi filminin qətl törətməni sıradan bir hərəkət kimi qələmə verməsini, eləcə də müxtəlif cinayət əməllərini gündəlik həyat norması kimi adiləşdirdiyini, zorakılıq və aqressiya təbliğ etdiyini bildiriblər.

Murad Köhnəqala

Chosen
93
50
yeniazerbaycan.com

10Sources