EN

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən aksiyada Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatları Əziz Ələkbərli, Ceyhun Məmmədov, “ASAN Radio”nun direktoru Emin Musəvi, “Türk Hava Yolları” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu, Milli QHT Forumuna daxil olan 30-dan çox qeyri hökumət təşkilatının üzvləri, idmançılar, 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə, qanvermənin daha mütərəqqi seçim olduğunu bildirərək Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini diqqətə çatdırılıb. Həmin nəcib ənənənin İslam dininin mahiyyətinə uyğun şəkildə, xurafat elementlərindən kənar, xalqımızın yüksək mədəniyyətinə layiq keçirilməsində böyük rola malik olduğu vurğulanıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən aparılan qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçirilib.

Chosen
47
13
sia.az

10Sources