EN

BOK ilk Olimpiya Esports Oyunları üzrə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir

BOK

Bakı, 13 iyul, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Səudiyyə Ərəbistanında 2025-ci ildə keçiriləcək ilk Olimpiya Esports Oyunlarına hazırlıq prosesində Krallığın Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlıq etdiyini açıqlayıb.

AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bu təməlqoyma addımı BOK İcraiyyə Şurasının bu yaxınlarda Olimpiya Esports Oyunlarını təsis etdiyi barədə elanından sonra atılıb. Təklif BOK-un 2024-cü il Paris Olimpiya Oyunları ərəfəsində keçiriləcək sessiyasında da səslənəcək.

BOK ilə Səudiyyə Ərəbistanı MOK arasında əməkdaşlığın müddəti 12 il olacaq və həmin müddətdə Olimpiya Esports Oyunları müntəzəm olaraq keçiriləcək.

BOK prezidenti Tomas Bax bildirib: “Biz Səudiyyə Ərəbistanı MOK ilə Olimpiya Esports Oyunları üzrə fəaliyyət göstərdiyimiz üçün çox şanslıyıq, çünki Krallıq bütün maraqlı tərəflərlə birlikdə esports sahəsində böyük təcrübəyə malikdir. Olimpiya Esports Oyunları bu təcrübədən çox faydalanacaq. Səudiyyə Ərəbistanı MOK ilə tərəfdaşlıq etməklə, biz olimpiya dəyərlərinə, xüsusən də proqramdakı oyun adlarına, gender bərabərliyinin təşviqinə və e-sporları əhatə edən gənc auditoriya ilə əlaqəyə riayət olunmasını təmin etdik”.

Səudiyyə Ərəbistanının idman naziri və Olimpiya və Paralimpiya Komitəsinin prezidenti şahzadə Əbdüləziz bin Turki Əl Faysal deyib: “Səudiyyə Ərəbistanı BOK ilə tərəfdaşlıq etmək imkanından və beynəlxalq idman üçün tamamilə yeni dövrü qarşılamaq perspektivindən çox həyəcanlanır. İnanırıq ki, Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının əldə edə biləcəyi ən böyük şərəfdir. Biz bütün dünyada milyonlarla idmançını yeni arzulara və ambisiyalara ruhlandırmaq potensialına malik olan Olimpiya tarixində yeni bir fəslin yazılmasını dəstəkləməkdən qürur duyuruq. Krallığın 2025-ci ildə bizə qoşulmaq və bu anı birlikdə qeyd etmək üçün dünya ölkələrinə açıq dəvəti olacaq”.

Tərəfdaşlıq son illərdə Səudiyyə Ərəbistanında idmana diqqətin əhəmiyyətli dərəcədə artdığı bir vaxta təsadüf edir və Ər-Riyadın “Vision 2030” hədəfi çərçivəsində ölkənin sosial və iqtisadi transformasiyasının təzahürüdür. 2018-ci ildən bəri Krallıqda 100-dən çox idman tədbiri, o cümlədən esports, futbol, tennis, atçılıq və qolf turnirləri keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
50
azertag.az

10Sources