EN

"İranın yeni islahatçı prezidenti kimdir və o, ölkəsinə və dünyaya nə vəd edir?" - BBC

"İranda islahatçı rəhbər anlayışı nisbidir, çünki ölkə siyasətinin strategiyası və əsas xətti Ali dini lider tərəfindən müəyyən edilir..."
 
"Pezeşkianın atası Azərbaycan türkü, anası kürddür, hər iki dildə sərbəst danışır..."
 
Dünən səhər İranın seçki komissiyası İran İslam Respublikasının 9-cu prezidentinin seçildiyini elan edib. Bu, islahatçı hesab edilən Məsud Pezeşkiandır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Pezeşkian səsvermənin ikinci turunda öz rəqibi Səid Cəliliyə üstün gəlib. Pezeşkian seçi səslərinin 53, 3 faizini, Cəlili isə 44, 3 faizini qazanıb, seçici fəallığı 49, 8 faiz təşkil edib.
 
Pezeşkianın 69 yaşı var, ixtisasca kardiocərrahdır. İraqla müharibə zamanı hərbi həkim kimi xidmət keçib. Siyasi karyerasından öncə Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib. 2001-2005-ci illərdə səhiyyə naziri olub. 
 
Pezeşkian islahatçı hesab edilir, o, KİV-lərin azadlığı, ABŞ-la münasibətlərin bərpası və İranın iqtisadiyyatınım inkişafı üçün xarici investorların cəlb edilməsinə tərəfdardır.
 
Lakin İran İslam Respublikası rəhbərliyi ilə bağlı "islahatçı" anlayışı kifayət qədər nisbidir. Sabiq prezident Həsən Ruhani də islahatçı hesab edilib. Həm də İranda prezidentin səlahiyyətləri güclü şəkildə məhdudlaşdırılıb. 
 
Ölkə siyasətinin strategiyası və əsas xətti Ali dini lider ayətüllah Əli Xamenei tərəfindən müəyyən edilir. Ona görə də ölkənin siyasətində əsaslı dəyişikliklər gözləməyə dəyməz.
 
İranın yeni prezidenti Quranı tədris edir, o, həmçinin "İran-Türkiyə Dostluq Cəmiyyəti"nin üzvüdür. Pezeşkian ABŞ və digər Qərb ölkələri ilə danışıqlar yolu ilə İrana qarşı sanksiyaların yumşaldılması müqabilində nüvə sövdələşməsinin bərpa edilməsinə tərəfdardır. 
 
"Əgər biz sanksiyaların aradan qaldırılmasına nail ola bilsək, insanların həyatı dəyişəcək, əks halda insanlar müsibət içində yaşamaqda davam edəcək", - o, seçkiöncəki kampaniyası zamanı bəyan edib.
 
"Xalqımızın rifahının yaxşılaşdırılması üçün qarşıda bizi böyük sınaq və çətinliklər gözləyir", - o, ayətullah Xomeyninin mavzoleyində çıxışı zamanı deyib.
 
Seçkiöncəki kampaniya zamanı Pezeşkian İslam inqilabı dövrünün qadınların ictimai yerlərdə başını və boynunu bağlamaq tələbini tənqid edib, bu da mahiyyətcə hicab gəzdirilməsi tələbidir.
 
"Biz insanlara, xüsusilə bacılarımız və qızlarımıza qarşı qəddar və qeyri-insani münasibətə qarşıyıq. Biz belə davranışa imkan verməyəcəyik", - o, deyib.
 
O, həmçinin İranda internetdən istifadəyə qoyulan bəzi qadağaların aradan qaldırılmasını vəd edib.
 
Bəzi ekspertlər hesab edir ki, İran öz daxili müxalifətinə münasibətdə bir qədər yumşalmadan başqa çox şey gözləməməlidir.
 
Pezeşkian 2021-ci ildə prezident seçkilərində öz namizədliyini irəli sürsə də, qəbul edilməyib.
 
Pezeşkian 1993-cü ildə aviasiya qəzasında həyat yoldaşı və bir körpə övladını itirib, bundan sonra iki oğul və bir qız övladını böyüdüb.
 
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkiləri Rəisinin həlak olmasından sonra elan edilib.
 
Prezident də daxil olmaqla səkkiz nəfərin olduğu helikopter mayın 19-da İran nümayəndə heyəti Azərbaycandan geri dönərkən qəzaya uğrayıb.
 
Helikopter mayın 20-də aşkar edilib və sərnişinlərin hamısının həlak olduğu bəlli olub.
Chosen
24
41
moderator.az

10Sources