Hal-hazırda AMD şirkəti prosessor satışları mövzusunda az-çox Intel ilə inamlı rəqabət apara bilir. Lakin 10 il bundan öncə vəziyyət tamamilə fərqli idi. AMD top-menecerlərindən birinin sözlərinə əsasən həmin illərdə AMD iflasın astanasında idi. Lakin PlayStation 4 oyun konsolu şirkəti iflasdan xilas edə bildi. Bu barədə məlumatı AMD-nin rəhbərlərindən biri olan Renato Fragale təqdim edib. Onun sözlərinə əsasən şirkət 2008-ci ilin iqtisadi böhranının ağır nəticələrindən əziyyət çəkirdi və nəticədə iflasın astanasında idi. İflasdan yaxa qurtarmaq üçün AMD hətta bəzi intellektual mülkiyyətlərini də satmalı olmuşdu. Onlardan birinə misal olaraq Adreno-nu gətirmək olar. Adreno indiki zamanda Snapdragon prosessorlarındakı qrafik çipdir. Həmin illərdə AMD-nin prosessor satışları da aşağı idi. Belə ki, şirkət bu bazarın 25%-nə, Intel isə 75%-nə sahib idi. AMD üçün xilasedici hadisə PlayStation 4 oyun konsolu mövzusunda Sony ilə əməkdaşlıq oldu. Fragale-nin sözlərinə əsasən o, PlayStation 4 üçün nəzərdə tutulmuş prosessor həllinin hazırlanmasında iştirak etmiş 15 nəfərdən ibarət komandaya rəhbərlik edib. Fragale bildirib ki, Sony ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq AMD iflasdan tamamilə yaxa qurtara bildi.