EN

Türkiyə yığmasının üzvü sərbəst oyunçuya çevrildi

Yusuf Yazıcının karyerasında “Lill” dönəmi başa çatdı.

İyunun 30-da Türkiyə yığmasının üzvünün Fransa klubu ilə müqaviləsinin müddəti bitdi və o, sərbəst oyunçuya çevrildi. Yusuf “instaqram”da vida paylaşımı yazıb:
“Bu gün hamınıza təşəkkür etmək istəyirəm. Komanda yoldaşlarıma, məşqçilərimə, klubun bütün işçilərinə və ən əsası fanatlarımıza. Sizlərlə paylaşdığım anları heç vaxt unutmayacam. Dəstəyə görə hər birinizə minnətdaram. Bu formanı geymək mənim üçün böyük fəxr idi. Hər gözəl nağılın bir sonu olur. Yol ayrıcları bəzən yeni hekayələrin başlanğıcıdı. Hələlik bu hekayə burda bitir. Amma daim qəlbimdə qalacaqsız”.

Hazırda AÇ-2024-də mübarizə aparan Türkiyə yığmasının düşərgəsində olan Yusuf İstanbulda yaşamaq istəyir. Bir ara “Qalatasaray”ın ona maraq göstərdiyi iddia edilsə də, bu xəbər təsdiqini tapmadı. Yusufun meneceri hazırda “Beşiktaş”la danışıqlar aparır və AÇ-dən sonra tərəflərin anlaşmaq ehtimalı yetərincə yüksəkdi.

Qeyd edək ki, “Trabzonspor”un yetirməsi olan 27 yaşlı solaxay vinger 2019-un yayında 18,5 milyon avro qarşılığında “Lill”ə transfer olunmuşdu. Fransada eniş-yoxuşlu qrafik cızan futbolçu 2021/22-nin ikinci dövrəsini ÇSKA-da, 2022/23-ü isə “Trabzonspor”da icarədə keçirdi. O, 2020/21-də həmyerlisi Burak Yılmazla birlikdə “Lill”in ölkə çempionluğunu qazanmasında böyük rol oynamışdı.

Ümumilikdə türkiyəli futbolçu “şimallı itlər”in heyətində keçirdiyi 135 rəsmi oyunda 29 qol, 15 məhsuldar ötürməlik performans sərgilədi və 2 titul qazandı. Yazıcı həm də 12 qolla “Lill” tarixinin avrokuboklardakı ən məhsuldar futbolçusu statusundadı.
Chosen
55
football-plus.az

1Sources