EN

Yaxın Şərqdə SÜLHÜN ANONSU – İsrail-HƏMAS savaşının sonu GÖRÜNDÜ

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı, ehtimal ki, Qəzza zolağında atəşkəs razılaşmasına yaxınlaşıblar. Bu barədə CNN telekanalı İsraildəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail və HƏMAS görünür, "çərçivə sazişi bağlamaq ərəfəsindədir". Mənbə qeyd edib ki, yəhudi dövlətində HƏMAS-ın son cavabının tərəflərə razılığa gəlmək üçün "ətraflı danışıqlara" başlamağa imkan verəcəyini güman edirlər.

Bununla birlikdə, CNN müqavilənin taleyinin hələ həll olunmadığını vurğulayıb.

Qeyd edək ki, artıq 9 aya yaxındır İsrail HƏMAS-a qarşı Qəzzada müharibəyə başlayıb. HƏMAS-ın keçən ilin oktyabrın 7-də İsraildə keçirilən tədbirə hücum edərək, çoxsaylı girov götürməsi Təl-Əvivi qruplaşmaya qarşı hərbi əməliyyatlara başlamağa sövq edib. 9 aylıq müharibə fonunda İsrail HƏMAS-ın demək olar ki, əsas infrastrukturunu məhv edib. Qəzza bölgəsinin əsas hissəsi İsrail ordusunun nəzarəti altındadır. 

Ötən müddət ərzində ABŞ və bir sıra ərəb ölkələri dəfələrlə döyüşən tərəflər arasında atəşkəsin əldə edilməsinə çalışıblar. Lakin bu günə qədər bir sıra hallarda atəşkəs elan olunsa da, müharibə davam edib. 

Son məlumatlar fonunda düşünmək olarmı ki, İsrail HƏMAS münaqişəsi artıq başa çatır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, bu onu göstərir ki, münaqişənin daha böyük fazaya keçməsilə bağlı ABŞ-ın narahatlığı artıq rəsmi Təl-Əviv tərəfindən nəzərə alınır:

“Artıq 4-cü aydır ki, ABŞ tərəfindən İsrailə nəzərdə tutulan maliyyə paketi göndərilmir. Belədə İsrail Amerikadan silah da almır. ABŞ israrla İsraili eskalasiyanın gücləndirilməsi istiqamətində növbəti addımların atılmasından çəkindirir. Söhbət ondan gedir ki, perspektivdə İsrailin Livanda “Hizbullah”la münaqişəyə cəlb olunma ehtimalı var. 

“Hizbullah”ın münaqişəyə cəlbi isə dolayısı ilə İranın da prosesə müdaxiləsini özündə ehtiva edir. Vaşinqton da indiki geosiyasi reallıqlar şəraitində bu addımı atmaqdan çəkinir və israrla müttəfiqini də buna sövq edir. Düşünürəm ki, məhz bu amil İsrail rəhbərliyini HƏMAS-la danışıqlara getməyə vadar edib. Həmçinin HƏMAS-ı da məlum təklifləri nəzərə almaq məcburiyyətinqə qoyub”. 

Ekspertin fikrincə, burada aparılan hərbi əməliyyatlara rəğmən İsrailin HƏMAS-ın müqavimət əzmini qıra bilməməsi də öz sözünü deyib: 

“Bəzi ekspertlər HƏMAS-ın müəyyən zaman kəsiyində əvvəlki gücünü bərpa edəcəyilə bağlı mülahizələr söyləyir. Münaqişənin daha da dərinləşməsi, Aİ-yə daxil olan ayrı-ayrı dövlətlərin Fələstinin müstəqilliyini tanıması görünür artıq İsraili münaqişəni başa çatdırmaq istiqamətində bəlli addımlar atmağa məcbur edir”. 

Rüfət Sultan, Bizim.Media 
 

Chosen
140
41
bizim.media

10Sources