Bu ilin ilk beş ayında Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı açıqlanıb.
Bu barədə Vətəninfo.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan vətəndaşı ilə nikah əsasında müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin sayı 2023-cü il ərzində
17.561, 2024-cü ilin ilk 5 ayı (yanvar-may) ərzində isə 6.680 nəfər olub.
Xatırladaq ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya
hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın
bağlanmasına yol verilməyəcək.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız
uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan
Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə
münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın
qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının
alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən
tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.