Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit, konfrans və zirvə görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ölkələr, xalqlar arasında körpülər qurması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında stimulverici amildir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakı və keçirdiyi görüşlər ölkəmizlə bağlı mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edən Azərbaycan ölkələr arasında münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin möhkəmləndirilməsində öz sözünü deyir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlətimizin başçısı istər üzvü olduğu, istərsə də fəxri qonaq qismində qatıldığı beynəlxalq təşkilatların Zirvə görüşlərində, samimitlərdə əsas diqqəti həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına yönəldir. 30 ilə yaxın torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan bu illər ərzində dünya güclərindən ədalət gözlədi. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etdi və bu gün də həmin çağırışlar davam edir. Azərbaycan tarixi ədaləti öz gücünə bərpa edərək torpaqlarını işğaldan azad etdi. Azərbaycan-ŞƏT əməkdaşlığı çərçivəsində ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları beynəlxalq ictimaiyyətə çatdırılır. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir.
Vüqar Rəhimzadə bildirib ki, hər bir Zirvə görüşündə diqqət çəkən mühüm məqamlardan biri də iştirakçı ölkələrin dövlət və hökumət nümayəndələrinin Prezident İlham Əliyev ilə görüşdə maraqlı olması və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmalarıdır. Bu baxımdan Astana Zirvə görüşü də xüsusilə diqqət çəkdi. Belə ki, Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlardır. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.
Vüqar Rəhimzadə bu mühüm məqama da diqqəti yönəldib ki, Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verir. Fondun təşkilatçılığı ilə qurumun Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Astana Zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın bu qurumda müşahidəçi statusu alması Şanxay Əməkdaşlıq Təşkilatı üçün də böyük önəm daşıyır. Bir sözlə, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində özünü bütün dünyaya beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan, qlobal gündəlikdə dayanan məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, həmçinin 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzvlüyü və uğurlu sədrliyi də bunun bariz nümunəsidir. Azərbaycanın bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun təqdimatıdır.