EN

Bellingem İngiltərini biabırçılıqdan qurtardı - REPORTAJ

1/8 final
N 40. İngiltərə - Slovakiya 2:1 (0:1, 1:0, 1:0), əlavə vaxtda

1. Cordan Pikford
12. Kiran Trippyer
(24. Koul Palmer, 66)
6. Mark Qehi
5. Con Stounz
2. Kayl Uoker
4. Deklan Rays
26. Kobbi Maynu
(21. Ebereçi Eze, 84)
11. Filip Foden
(17. Ayven Touni, 90)
10. Cud Bellingem
(14. Ezri Konsa, 106)
7. Bukayo Saka
9. Harri Keyn (k)
(16. Konor Qallaher, 106)
Ehtiyat oyunçular
13. Aaron Ramsdeyl
23. Din Henderson
3. Lük Şou
8. Trent Aleksander-Arnold
15. Lüis Dank
22. Co Qomes
25. Adam Uorton
18. Entoni Qordon
19. Olli Uotkins
20. Carrod Bouen
Baş məşqçi: Qaret Sautqeyt

1. Martin Dubravka
16. David Hantsko
14. Milan Şkrinyar (k)
3. Denis Vavro
2. Peter Pekarik
(10. Lübomir Tupta, 109)
8. Ondrey Duda
(11. Laslo Beneş, 81)
22. Stanislav Lobotka
19. Yuray Kutska
(21. Matuş Bero, 81)
17. Lukaş Haraslin
(7. Tomaş Suslov, 61)
18. David Strelets
(9. Robert Bojenik, 61)
26. İvan Şrants
(6. Norbert Dyomber, 90)
Ehtiyat oyunçular
12. Marek Rodak
23. Henrik Ravaş
4. Adam Obert
15. Vernon De Marko
5. Tomaş Riqo
13. Patrik Qroşovski
25. Sebastyan Kosa
20. David Dyuriş
24. Leo Sauer
Baş məşqçi: Françesko Kaltsona

Qollar: İ.Şrants, 25 (0:1). C.Bellingem, 90+5 (1:1). H.Keyn, 91 (2:1).
Vərəqələr: M.Qehi, 3. K.Maynu, 7. Y.Kutska, 13. C.Bellingem, 17. M.Şkrinyar, 45+1. P.Pekarik, 77. D.Vavro, 108. N.Dyomber, 114. T.Suslov, 120+2 – sarı.
Hakimlər: HALİL UMUT MƏLƏR, Əmrə Əyisoy, Kərəm Ərsoy (hamısı Türkiyə).
VAR hakimləri: Marko Frits, Bastian Dankert (hər ikisi Almaniya), Tomaş Kvyatkovski (Polşa).
30 iyun. Helzenkirhen. “Arena AufŞalke” stadionu. 47244 tamaşaçı (50000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə, əlavə vaxtın hər iki hissəsinə 1 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Cud Bellingem.

oyunun statistikası
15 (2) qapıya (“çərçivə”yə) zərbə 13 (3)
12 qayda pozuntusu 19
9 künc zərbəsi 1
1 ofsayd 2
3 (0) sarı (qırmızı) vərəqə 6 (0)
63 topa sahibolma (faizlə) 37
812 (711) ötürmə (dəqiq) 484 (390)
151,2 məsafə (km) 156,9


Yüksək səviyyəli futbolçulara malik olmayan (təsəvvür edin ki, əsas heyətdə 37 yaşlılar – Pekariklə Kutska oynayır) Slovakiya yığması bu turnirdə özünü artıq praqmatik komanda kimi göstərmişdi. Xüsusən də hücumda keyfiyyətli ifaçıları olmayan slovaklar buna rəğmən, istənilən rəqiblə qarşılaşmada “1 nömrə” kimi oynamağa çalışır. Sanki İngiltərə yığması rəqibin bu keyfiyyətindən xəbərdar deyildi. Artıq 5-ci dəqiqədə Şrants hesabı açmağa yaxın oldu. 12-ci dəqiqədə Haraslin də təhlükəli vəziyyət yaratdı. “Üç şir” isə yalnız ilk 17 dəqiqədə üç sarı vərəqə almaqla yadda qaldı. Ardından ingilislər şok yaşadı. Streletsin ağıldolu ötürməsindən sonra Şrants elə zərbə vurdu ki, Pikford heç nə edə bilmədi. Maraqlıdı ki, bu qol heç də oyunun mənzərəsini dəyişmədi. İngiltərə yığması topa nəzarəti qola çevirməyin yollarını tapa bilmirdi. Yalnız hissənin sonunda britaniyalılar cərimə meydançasına tez-tez top göndərməyə başladılar. Ancaq Kaltsonanın komandası panikaya düşmədən müdafiə olunurdu. Adama elə gəlirdi ki, ingilislər müdafiəni yarmağın başqa yollarının olduğunu anlamırlar.

Yalnız fasilədən sonra oyunun axarı dəyişdi. Tempi artıran “üç şir” hətta rəqib qapısına yol tapdı. Ancaq hakim topu boş qapıya göndərən Fodenin ofsaydda olduğunu bildirdi. Pikfordun kobud səhvi az qala ikinci qolla nəticələnəcəkdi. Sadəcə, meydanın mərkəzindən zərbə vuran Strelets “çərçivə”yə düşmədi. Ardından Sautqeyt heyətdə dəyişiklik etməli oldu – Trippyer zədə aldığından baş məşqçi Sakanı sağ cinah vingeri mövqeyindən müdafiənin soluna keçirdi. Onun yerini isə Palmer tutdu. Ancaq uğur ingilislərdən üz döndərmişdi. Əvvəlcə Keyn qapıçı meydançasının xətti üzərindən “çərçivə”yə düşmədi, ardından Raysın zərbəsinə düzgün reaksiya verə bilmədi. Yalnız lap sonda ingilislərin bəxti gətirdi. 90+5-ci dəqiqədə növbəti autdan sonra oyunboyu kölgədə qalan Bellingem qəhrəmana çevrildi. Onun fantastik “qayçı” zərbəsi İngiltərəni tarixi biabırçılqdan qurtardı və oyunu əlavə vaxta daşımağa imkan verdi. Əlavə vaxtda isə Keyn sözünü dedi. İngilislər hesabda önə keçəndən sonra ənənəvi sönük rejimi işə saldı. Yəni onlar nə özləri hücum etdilər, nə də rəqibə qol vəziyyəti yaratmağa imkan verdilər. Düzdü, əlavə vaxtda Pekarik hesabı bərabərləşdirməyə yaxın oldu. Açıq-aydın görünürdü ki, Sautqeytin komandası oyunun elə bu hesabla bitməsinə çalışır. Əlavə vaxtın ikinci hissəsində ingilislər təşəbbüsü tam rəqibə verərək meydanın özünə aid hissəsinə çəkildi. Çətin qələbə qazanan “üç şir” növbəti mərhələsə İsveçrə ilə qarşılaşacaq.

Reaksiyalar
Qaret Sautqeyt:

“Futbolçularımla, onların göstərdiyi xarakterlə qürur duyuram. Oyunda iştirak edən hər kəs öz rolunu oynadı, bir-birinə kömək etdi. Topla daha yaxşı davranmalıydıq. İlk yarıda bir çox hallarda doğru qərarlar verə bilmədik. İkinci hissədə daha yaxşı oynadıq”.

Françesko Kaltsona:

“Dünya səviyyəli komandaya, turnirin favoritlərindən birinə qarşı əla oyun keçirdik. İngiltərəyə qol vəziyyətləri yaratmağa imkan vermədik. Təəssüf ki, mərhələni keçmək alınmadı. Əlavə vaxtda oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bu komanda ilə qürur duyuram”.

Faktlar
* Bellingem 5-ci uzatma dəqiqəsində hesabı bərabərləşdirməklə İngiltərəni turnirdə saxladı. “Real”ın yarımmüdafiəçisi AÇ-nin pley-offunda vurulan ən gec qolun müəllifidi. Cud AÇ-2000-də Viltorun, AÇ-2020-də isə Breytveytin müəyyənləşdirdiyi (hər biri 4-cu uzatma dəqiqəsində fərqlənmişdi) rekordu yenilədi.
* Keyn milli komandada 79-cu rəsmi oyuna çıxmaqla yığmanın sabiq qapıçısı Piter Şiltonu (78) arxada qoymaqla bu göstəricidə rekordçuya çevrildi. Yığmada oyun sayına görə rekordçu hələ də Şiltondu (125). Keyn 94 oyunla bu sıralamada 10-cu pillədə qərarlaşıb.
Chosen
88
football-plus.az

1Sources