Demokratik islahatlar yolu ilə dünya birliyinə inteqrasiya edən Azərbaycanın bu yolda bələdçisi, flaqmanı xalq-iqtidar birliyi, dəstəklənən uğur diplomatiyası, yeni konseptual inkişaf strategiyasının, milli ideologiyamızın yeni istiqamətdə tərəqqisidir
Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə məntiqli çıxışları , regionda baş verən hadisələri təcrübəli lider kimi təhliletmə qabiliyyəti ilə seçilən Prezident İlham Əliyevin qlobal hadisələr fonunda ölkəmizin dünya siyasətinə təsiri ilə bağlı açıqlamaları Azərbaycan həqiqətlərinin təqdimatı kimi dəyərləndirilir.
"Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır» sözləri ilə ölkəmizin tərəqqisini xalqımızın iradəsi adlandıran, siyasi sabitliyi, demokratik islahatları ilə seçilən, beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanan Azərbaycanın dəyişilməz xarici siyasətinin dəstəklənməsi də ölkəmizə səmimi münasibətin ifadəsidir.
XXI əsrin çağırışlarına daim hazır olduğu, hədəflərin zamanın tələblərinə uyğun müəyyənləşdirildiyi ölkəmizdə aparılan siyasi, iqtisadi, demokratik islahatların başlıca hədəfi, illərdən bəri davam etdirilən neft amilinin insan amilinə çevrilməsi siyasətinin özünü doğrultması, güclü kadr potensialının zamanın tələbinə uyğun hazırlanması, yeni təfəkkürə malik mütəxəssislərin iştirakı ilə həyata keçirilən islahatlar ölkəmizdə daim diqqət göstərilən gənclər siyasətinin uğurlu davamının nəticəsi olmaqla başqa ölkələrdə də geniş tətbiq olunur. Gənclərin dövlətin idarəçilik strukturlarında irəli çəkilməsi dəstəklənir. Birinci Avropa Oyunlarında ilk təqdimatı keçirilən « Könüllülər hərəkatı»nın sonradan daha da kütləviləşməsi, müxtəlif strukturlarda könüllü kimi iştirak etmələri gənclərə alternativi olmayan diqqət və qayğıdır. Başqa ölkələrdə daha çox küçə yürüşlərində görünən mənzərələrdən fərqli olaraq Azərbaycanda gənclər siyasəti qəbul olunmuş Dövlət proqramları əsasında davam etdirilir, onların təhsili, sağlamlığı, idmana marağı, ailə məişət məsələləri də daim diqqətdə saxlanılır.
Prezident olaraq başlıca hədəfinin Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək olduğunu söyləyən dövlət başçımız İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə məqsədinə nail olduğunu qürurla bildirir. Suverenliyimizi iqtisadi müstəqilliyimizin sağlam bünövrəsi üzərində inkişaf etdirən Prezident İlham Əliyevin seçdiyi yolun başlıca şərti demokratiya, potensialı sağlam düşüncəli, kreativ əmək ehtiyatlarına malik müasir gəncliyimizdir.
Zəngin dövlətçilik təcrübəsinə malik, həmkarları arasında belə ağlı, zəkası, dəyərli təşəbbüsləri ilə diqqəti cəlb edən, müstəqilliyimizin əbədiliyi, etibarlı gələcəyi naminə inkişaf istiqamətlərini düşünülmüş konsepsiya əsasında formalaşdıran, bir neç onillər üçün nəzərdə tutulan strateji hədəfləri müdrikcəsinə düşünən Ulu Öndər Heydər Əliyevin «Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun olan cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» sözlərinə sadiq qalan Prezident İlham Əliyev bu yolla dünyaya inteqrasiya edən Azərbaycanda demokratik islahatların ümumxalq hərəkatına çevrilməsini xalq-iqtidar birliyinin, qələbələrimizin məntiqi nəticəsi adlandırır .
Ümummilli Lider onu da vurğulayırdı ki, demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Ulu Öndərin ölkənin inkişafı naminə apardığı siyasət nəticəsində demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə təkmilləşdirildi, institut kimi formalaşdı. Azərbaycan demokratiyası dövlətimizin əsas mahiyyəti olmaqla, strateji kurs kimi bu gun də davam etdirilir. Bu kursu daha təkmil, demokratik islahatlar yolu ilə zənginləşdirən Prezident İlham Əliyevin səylərinin nəticəsidir ki, daim inkişafda olan Azərbaycan demokratiyası nümunə göstərilir.
"Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir» söyləyən, ölkədə söz, mətbuat, vicdan azadlığını təmin etməklə, demokratik islahatların əhatəsini genişləndirməklə insanların hüquq və azadlıqlarının, bərabərliyin, həmrəyliyin, şəffaflığın ifadəsi olan Azərbaycan demokratiyasına yeni nəfəs gətirən Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət ölkəmizi dünyada tanıdır. «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq siyasi partiyalara, bloklara, deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün zəruri şəraitlər yaradılır. Tolerant ölkə olan Azərbaycanda multikultural dəyərlərə sadiqlik göstərilir. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına seçib, seçilmək hüququ verilir.
Azərbaycan xalqı daha bir siyasi kampaniya ərəfəsindədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ilin sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin demokratik uğurlarına daha bir nümunə olacaq. « Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair», «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncamlarında qeyd olunur ki, deputatlığa namizədlərin təbliğatı azad, mütəşəkkil şəraitdə təşkil olunmalı, subyektiv faktorlara, heç bir maneələrə yol verilməməli, seçkiqabağı təşviqat sərbəst surətdə və bərabər əsaslarla həyata keçirilməlidir. Həmişə olduğu kimi, qarşıdakı siyasi kampaniyada demokratiyanın bu şərtlərinə ciddi əməl olunacaq.
Demokratiyanın əsas tələblərindən olan şəffaflığa, obyektivliyə diqqətlə yanaşan cənab İlham Əliyevin prezident seçkiləri ərəfəsində Bakının müxtəlif yerlərində asılan öz portretlərinin götürülməsi ilə bağlı göstəriş verməsi ölkəmizdə bərabərlik prinsipinə daim hörmətlə yanaşıldığının ifadəsi kimi xalqımızın yaddaşalrında əbədi qaldı. Bunun səbəblərini açıqlayan dövlət başçımız bildirirdi ki, seçki kampaniyası zamanı namizədlərə bərabər şərait yaradılmalı, fərqliliyə yol verilməməlidir.
Növbədənkənar seçkilərin keçirilməsində də məqsəd XXI əsrin tələblərinə uyğun, praqmatik düşüncəli deputatlardan ibarət parlamentin formalaşmasıdır. Bu günlərdə ölkədə aparılan islahatların əsasını təşkil edən gənclərin yüksək vəzifələrə təyinatı, dövlət strukturlarına irəli çəkilməsi təşəbbüsü parlamentin formalaşmasında da hiss olunacaq. Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlər arasında gənclərin çoxluq təşkil etməsi, seçicilər tərəfindən rəğbətlə qarşılanması demokratiyanın təntənəsidir. Respublikamızda əvvələr keçirilən siyasi kampaniyalarda demokratiyanın başlıca şərti olan şəffaflığa əməl olunmasının nəticəsidir ki, deputatlığa qeydə alınanlar arasında müxtəlif siyasi partiyaları, blokları təmsil edən namizədlərin seçicilərlə görüşlərinin təşkili üçün münasib yerlər ayrılır, hər kəsə platformasını açıqlamaq, seçicilərinin arzu istək və təkliflərini dinləmək imkanı yaradılır. Bu baxımdan Azərbaycanda tətbiq olunan , seçicilərin maraqlarına uyğun qaydada keçirilən seçkilərdə obyektivliyin təminatına xüsusi diqqətlə yanaşılır. Ötən illərdə keçirilən seçkilərin azad, obyektiv , şəffaf keçirilməsi tələbini qarşıya qoyan Prezident İlham Əliyev imzaladığı önəmli sərəncamları ilə ölkəmizdə demokratik seçkilərin keçirilməsində hamıdan artıq maraqlı olduğunu bildirdi.
Milli Məclisə növbədənkənar seçkilərin ən böyük əhəmiyyəti siyasi kampaniyanın Azərbaycanın suverenliynin tam təmin olunduğu bir vaxtda, işğaldan azad edilən bütün ərazilərimizdə keçirilməsidir.
Cari ilin fevral ayının 7-də keçirilən prezident seçkilərinin səbəblərini «Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi» sözləri ilə ifadə edən cənab İlham Əliyev ikinci səbəb kimi, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsini qeyd edir. Yəni , prezident seçkilərindən sonra parlament seçkilərinin də suverenliyi tam təmin olunmuş Azərbaycanın bütün ərəazilərində keçirilməsi zamanın tələbindən irəli gələn və xalqın istəyindən qaynaqlanan ictimai sifarişdir.
"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır» söyləyən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. «Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək» söyləyən dövlət başçımızın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki Qələbəsi ilə Azərbaycan xalqı , Silahlı Qüvvələrimiz dünya miqyasında çox böyük layları tərpətdi. Elə bir Zəfər qazanıldı ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.
"Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər» söyləyən dövlət başçımız bu sözləri ilə daha möhtəşəm hədəflərə doğru addımlamağın zəruriliyini diqqətə çatdırır. Bu yolda bələdçimiz isə xalq-iqtidar birliyi, iqtisadi inkişaf, demokratik islahatlar, beyənlxalq hüquq normalarına etimad, və hörmətlə ynaşmaqdır. Azərbaycanda yeni dövr başlayır. Bütün Azərbaycan xalqı əmindir ki, bu dövr də ölkəmiz üçün uğurlu olacaq.
Xuraman İsmayılqızı, "İki sahil"